Futzal üzrə yüksək liqada birinci dövrə ötən həftə başa çatdı. Açığı, “yüksək liqa” turnirin adıdı.
Əslində isə qeydə alınan nəticələri, oyunların yarımçıq qalmasını, bəzi komandaların qeyri-peşəkarlığını gördükdə, yüksək liqadan çox həvəskarların çıxış etdiyi hansısa məhəllə yarışını izlədiyini düşünürsən. Bəs görəsən, yığmanın və ölkənin dəyişməz çempionu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva ilk dövrə barədə hansı fikirdədi, çempionatın səviyyəsi onu qane edirmi?
Football-plus.az olaraq braziliyalı mütəxəssislə bu və bizi maraqlandıran başqa suallar ətrafında söhbətləşdik.
- Artıq birinci dövrə başa çatdı. İlk dövrəni dəyərləndirməyinizi istərdik.
- Açığı, çempionat istənilən səviyyədə deyil. Mövsümə 6 komanda ilə başlamışdıq. Bildiyim qədər “Alyans” artıq fəaliyyətini dayandırıb. Belə çıxır ki, qışdan sonra 5 komanda ilə yola davam edəcəyik. Sözün düzü, bu kollektivlərin də səviyyəsi istədiyimiz kimi deyil. “Record club”, U-19 barədə nə demək olar? Hər şey göz önündədi.
- 10 turdan sonra “Araz-Naxçıvan”, demək olar, çempionluğu təmin edib. Bəlkə elə bu rəqabətsizlik komandanın Çempionlar Liqasında çıxışına təsir edir? Qarşısına “dördlər finalı”nda oynamaq məqsədi qoyulan kollektiv qrupdan çıxa bilmədi...
- Əlbəttə, bunun da təsiri var. Ancaq onu da unutmayaq ki, Çempionlar Liqası ərəfəsində yeni komanda formalaşdırdıq. Təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. Bilirəm ki, “məsuliyyət kimin boynundadı” sualını verəcəksiz. Uğursuzluqda hamımızın günahı var. Bəli, baş məşqçi kimi ilk növbədə məsuliyyət mənim üzərimə düşür. Ancaq bizim çempionata baxın. Futzalçıları nəinki oyunlara, heç məşqlərə motivasiya etmək olmur. Çox çətindi. Bir qədər intensiv, sürətli oyun nümayiş etdirən kimi tabloda biabırçı hesab əks olunur. İndi yeni “Araz-Naxçıvan” görürsüz. Heyətdə azərbaycanlı futzalçılar yer alıb. Ancaq heyət kasaddı. Bəlkə də yerli çempionat üçün yetərlidi, lakin beynəlxalq oyunlarda nəsə etmək, uğur qazanmaq istəyiriksə, heyəti indidən gücləndirmək lazımdı.
- Dediz, çempionat oyunlarında elə hesablar qeydə alınır ki, sanki peşəkar liqa yox, hansısa həvəskarlar arasında keçirilən turnirin qarşılaşmalarıdı...
- Mən də onu deyirəm. Bu gün bir xəbərin bütün dünyaya yayılmasına maksimum bir saat kifayət edir. İndi təsəvvür edin, 22:0, 24:0 hesabı ilə başa çatan görüşlərdən sonra Azərbaycan çempionatı barədə nə düşünürlər?
- Nə təklif edirsiz, çempionatı gücləndirmək üçün federasiya rəhbərliyinə hansısa plan vermisiz?
- Geridə qalan illərdə çox ideyalarım olub. Azərbaycan futzalının inkişafını istəyiriksə, ilk növbədə yerli çempionatın səviyyəsini yüksəltmək lazımdı. Eyni halla Qazaxıstanda çalışdığım dönəmdə də üzləşmişdim. Orda da daxili birincliyin səviyyəsi aşağı, komanda sayı az idi. Yalnız “Kayrat” var idi ki, o da hər il çempionluğu çətinlik çəkmədən bayram edirdi. Federasiya rəhbərliyinə çıxış yolu göstərdik. Elita klublarının nəzdində futzal komandalarının olmasının vacibliyini izah etdik. Burda da eyni yolla getmək olar. Premyer-liqanın ilk “dördlüy”ündə qərarlaşan klubların futzal komandaları olsa və çempionatda çıxış etsə, həm yarış maraqlı alınar, həm də yeni futzalçılar üzə çıxar. Fikrimcə, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Qəbələ”, “Zirə” kimi iddialı klublar üçün futzal komandası saxlamaq maliyyə baxımından problem yaratmaz. Futzalı inkişaf etdirmək istəyirksə, bu ideyanı dəstəkləmək lazımdı.
- “Araz-Naxçıvan”ın və millinin qolkiperi Rövşən Hüseynli ilə aranızda narazılıq yaşandı və bunun nəticəsində karyerasını Qazaxıstanda davam etdirmək məcburiyyətində qaldı. Bəlkə narazılığın nədən qaynaqlandığını deyəsiz?
- Bu sualı şərhsiz buraxıram.
- Qarşıda yığmanı dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Millinin qrupdan çxacağına inanırsız?
- İnam həmişə var. Çətin olacaq, ancaq biz bunu bacaracağıq. Seçmə mərhələnin növbəti oyunları martda keçiriləcək. Məsələnin pis tərəfi odu ki, marta kimi heç bir toplanış, FİFA-nın “pəncərəsi” nəzərdə tutulmayıb. Yerli çempionatın da səviyyəsi məlumdu. Elə etməliyik ki, komanda seçmə mərhələ oyunlarına hazır olsun. Rəqiblərimizin heyəti güclüdü, daxili çempionatlarının səviyyəsi də yüksəkdi. Bildiyim qədər qışdan sonra “Neftçi” İK, “Baku Fire” heyəti gücləndirmək üçün yeni legionerlər dəvət edəcək. Bəlkə belə olan halda ciddi müqavimətlə üzləşib, yığma üzvlərinin daha çox yer aldığı “Araz-Naxçıvan”ın performansını qoruya bildik.
RƏŞAD