İşsiz günləri hələ də davam edən Fatih Terim 10 illik yubileyini qeyd edən ''GQ Türkiyə'' jurnalına maraqlı açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray''ın və Türkiyə yığmasının əfsanəsi son 10 ildə karyerasında və həyatında başverənlərdən, DÇ-2022-də azarkeşlik etdiyi oyunçudan, eləcə də başqa məqamlardan danışıb: ''10 il insana uzun müddət kimi görünür. Amma sanki bir göz qırpımında keçdi. 2012-dən bəri həm karyeramda, həm də şəxsi həyatımda mühüm hadisələr baş verib. 2011/12-nin əvvəlində ''Qalatasaray''a qayıtdıqdan sonra ardıcıl iki çempionluq qazandım. Çempionlar Liqasında gözəl macəramız oldu. 1/4 finala qədər irəlilədik. Bəzən düşünürəm ki, VAR olsaydı, həmin mövsüm yarımfinala da yüksələ bilərdik. Hər şey baş verə bilərdi. Çünki həqiqətən də fenomenal komandamız var idi. Sonra yığmanın başına keçdim və 2017-də yenidən ''Qalatasaray''a gəlib daha 4 titul qazandım. Karyeram kuboklarla, medallarla doludu. Bu da məni sevindirir. Amma mənə daha bir xoşbəxtlik yaşadan məqam odu ki, yeni nəsil oyunçularla işləmək, tanış olmaq fürsəti əldə etdim. 1990-cı illərin sonunun, 2000-ci illərin əvvəllərinin ''Qalatasaray''ını və Türkiyə yığmasını görməyən, izləməyən, hətta AÇ-2008-i belə izləməyən yeni ''Qalatasaray''lılarla tanış oldum, onların həyatlarına daxil oldum. Bunlar işin futbol tərəfidi.
Digər tərəfdən son 10 ildə 3 nəvə sahibi olmuşam. Onlar məni həyata daha da möhkəm bağlayır və motivasiya edir. Amma eynilə sevinc kimi kədər də bu həyatın ayrılmaz hissəsidi. Rol modelim və bu həyatdakı ən böyük yoldaşım olan atam mənə buraxdığı həyat dərsi, prinsipi, xatirəsi ilə aramızdan ayrıldı. Hər kəs mənim kimi bu 10 ildə öz həyatında yaşananları xatırlasa, bu müddətin əslində necə tez gəlib ötdüyünü görəcək. UEFA kubokunu qazandığımız an nə hiss etdim? Bu sualı mənə çox veriblər. Tam olaraq nə yaşadığını bilmirsən. Üstündən sanki çox ağır bir yük götürülür və ruhun rahatlayır. Amma tam ifadə etmək çətindi. Həmin gün ailəmlə danışanda da bunu demişdim. İlk dəfə ata olanda keçirdiyin hisslərə bənzəyir. Bildiyim bir şey var idi ki, illər ötdükcə o matçın və o anların dəyəri daha çox anlaşılacaq. Gördüyünüz kimi, bu gün hələ də o zəfərdən danışırıq. DÇ-dən öncə Dohaya yollanmışdım. Stadionları, bazaları gəzmək, klubların şəraiti ilə tanış olmaq fürsətim oldu. Orda hətta isti hava da daxil olmaqla bir çox problemə çarə tapılıb. Stadionlarda nəhəng hava panelləri quraşdırılıb. Bunun sayəsində çöldə hava isti olsa belə, stadionun içində bu hiss olunmur.
Kimə azarkeşlik edəcəm? Lionel Messi heyranı olduğumu heç vaxt gizlətməmişəm. Mənim üçün dünyada bir nömrə də, iki nömrə də, üç nömrə də Messidi! Hələ də oyunundan zövq alıram və qaçırmamağa çalışıram. Hətta bu dönəmlərdə daha da maraqla izləyirəm. Çünki karyerasının son illərini yaşayır. Ona görə də 2014-cü ildə finalda əldən verdiyi dünya çempionluğunu bu dəfə qazanmasını istəyirəm. Bundan başqa, turnirdə mənim rəhbərliyim altında oynamış bir çox futbolçu çıxış edəcək. Onları da ayrı bir maraqla izləyəcəm. Karyeramda növbəti addımım nə olacaq? Gəlin tələsməyək və bir qədər də gözləyək''.