Almaniyada keçirilən mundial məhsuldarlıq planında ümidləri doğrultmadı.
DÇ-2006-da hər oyunda orta hesabla 2,3 top vuruldu ki, əvvəlki 17 turnir arasında təkcə DÇ-90-da daha zəif göstərici (2,21) qeydə alınmışdı. Əksər komandalar qapısını toxunulmaz saxlamaq və nəticəyə oynamaq haqda düşünürdü. Bu mənada İtaliyada xüsusi seçilirdi. Ehtiyatlı taktika sonda “skuadra adzurra”ya uğur gətirdi.
İtaliyanın Avropada növbəti çempionluğu və Zidanın vidası
Bu dəfə yalnız ev sahibi Almaniya birbaşa final turnirinə buraxıldı, son qalib isə ilk dəfə təsnifatda mübarizə aparmağa məcbur oldu. 1/8 finalda İtaliyanın matçında hakim Luis Medina Kantalexo ciddi səhvlə yadda qaldı: referi son dəqiqədə Qrossonun simulyasiyasına aldanaraq avstraliyalıların qapısına penalti təyin etdi. İspaniya ilə Fransa arasındakı oyun çox maraqlı alındı. “Qırmızı qəzəb” hesabı açan tərəf olsa da, “üçrənglilər” geridönüş etməyi bacardı.
1/4 finalda təkcə İtaliya çox güc sərf etmədi. Almaniyayla Portuqaliya oyunsonrası penalti seriyasında sevindi. Braziliya – Fransa matçından əvvəl çoxları “selesao”nu favorit saysa da, Zidanın mükəmməl performansı onların yolunu kəsdi. Bununla da Braziliyanın mundiallarda ardıcıl 11 oyunluq qələbə seriyasına son qoyuldu. Yarımfinalda Fransa penaltidən vurulan qolla Portuqaliyanı üstələdi. Dortmunddakı dramatik görüşdə isə İtaliya əlavə vaxtda Qrosso və Del Pyeronun qollarıyla yerli azarkeşlərə şok yaşatdı.
Son 4 mundialla müqayisədə budəfəki final daha maraqlı keçdi. Fransa artıq 7-ci dəqiqədə hesabı açdı: Zidan Maludanın qazandığı penaltini “Panenka zərbəsi”ylə qola çevirdi. İtalyanlar çox keçmədən Materatsinin sayəsində “status-kvo”nu bərpa etdi. Matçda əsas hadisə 110-cu dəqiqədə yaşandı: Materatsinin Zidanın ailə üzvlərinin ünvanına işlətdiyi təhqiramiz ifadədən sonra “üçrənglilər”in kapitanı başıyla rəqibin sinəsinə zərbə endirdi və meydandan qovuldu. Oyunsonrası penalti seriyasında daha dəqiq olan “skuadra adzurra” tarixində 4-cü dəfə dünyanın ən güclüsü adını qazandı. Maraqlıdı ki, İtaliya 4-cü çempionluğunu da Avropada (1934 – İtaliya, 1938 – Fransa, 1982 – İspaniya) rəsmiləşdirdi.
DÇ-2006 – ALMANİYA
Vaxt: 9 iyun – 9 iyul
Oyunların keçirildiyi şəhərlər: Berlin, Dortmund, Frankfurt, Hamburq, Hannover, Helzenkirhen, Kayzerslautern, Köln, Leyptsiq, Münhen, Nürnberq, Ştutqart
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Anqola, Argentina, Avstraliya, Braziliya, Çexiya, Ekvador, Fransa, Xorvatiya, İngiltərə, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Koreya, Kosta Rika, Kot d’İvuar, Qana, Meksika, Niderland, Paraqvay, Polşa, Portuqaliya, Serbiya və Monteneqro, Səudiyyə Ərəbistanı, Toqo, Trinidad və Tobaqo, Tunis, Ukrayna, Yaponiya
Oyun sayı: 64
Qol sayı: 147 (orta hesabla 2,3)
Poker: 0
Het-trik: 0
Penalti: 17 (13-ü dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 345 (28)
Avtoqol: 4
Tamaşaçı sayı: 3359439 (orta hesabla 52491)
1-ci yer: İtaliya
2-ci yer: Fransa
3-cü yer: Almaniya
4-cü yer: Portuqaliya
Bombardir: Miroslav Kloze (Almaniya) – 5
Turnirin rəmzi yığması
Qapıçı – Canluici Buffon (İtaliya); müdafiəçilər – Canluka Zambrotta, Fabio Kannavaro (hər ikisi İtaliya), Lilian Türam (Fransa), Filipp Lam (Almaniya); yarımmdafiəçilər – Patrik Vieyra, Zinəddin Zidan, Frank Riberi (hamısı Fransa), Andrea Pirlo (İtaliya), Luiş Fiqu (Portuqaliya); hücumçu – Miroslav Kloze (Almaniya).
A qrupu: Almaniya – Kosta Rika 4:2, Polşa – Ekvador 0:2, Almaniya – Polşa 1:0, Ekvador – Kosta Rika 3:0, Ekvador – Almaniya 0:3, Kosta Rika – Polşa 1:2.
1. Almaniya 3 3 0 0 8-2 9
2. Ekvador 3 2 0 1 5-3 6
3. Polşa 3 1 0 2 2-4 3
4. Kosta Rika 3 0 0 3 3-9 0
B qrupu: İngiltərə - Paraqvay 1:0, Trinidad və Tobaqo – İsveç 0:0, İngiltərə - Trinidad və Tobaqo 2:0, İsveç – Paraqvay 1:0, İsveç – İngiltərə 2:2, Paraqvay – Trinidad və Tobaqo 2:0.
1. İngiltərə 3 2 1 0 5-2 7
2. İsveç 3 1 2 0 3-2 5
3. Paraqvay 3 1 0 2 2-2 3
4. Trinidad və Tobaqo 3 0 1 2 0-4 1
C qrupu: Argentina – Kot d’İvuar 2:1, Serbiya və Monteneqro – Niderland 0:1, Argentina – Serbiya və Monteneqro 6:0, Niderland – Kot d’İvuar 2:1, Niderland – Argentina 0:0, Kot d’İvuar – Serbiya və Monteneqro 3:2.
1. Argentina 3 2 1 0 8-1 7
2. Niderland 3 2 1 0 3-1 7
3. Kot d’İvuar 3 1 0 2 5-6 3
4. Serbiya və Monteneqro 3 0 0 3 2-10 0
D qrupu: Meksika – İran 3:1, Anqola – Portuqaliya 0:1, Meksika – Anqola 0:0, Portuqaliya – İran 2:0, Portuqaliya – Meksika 2:1, İran – Anqola 1:1.
1. Portuqaliya 3 3 0 0 5-1 9
2. Meksika 3 1 1 1 4-3 4
3. Anqola 3 0 2 1 1-2 2
4. İran 3 0 1 2 2-6 1
E qrupu: ABŞ – Çexiya 0:3, İtaliya – Qana 2:0, Çexiya – Qana 0:2, İtaliya – ABŞ 1:1, Çexiya – İtaliya 0:2, Qana – ABŞ 2:1.
1. İtaliya 3 2 1 0 5-1 7
2. Qana 3 2 0 1 4-3 6
3. Çexiya 3 1 0 2 3-4 3
4. ABŞ 3 0 1 2 2-6 1
F qrupu: Avstraliya – Yaponiya 3:1, Braziliya – Xorvatiya 1:0, Xorvatiya – Yaponiya 0:0, Braziliya – Avstraliya 2:0, Yaponiya – Braziliya 1:4, Xorvatiya – Avstraliya 2:2.
1. Braziliya 3 3 0 0 7-1 9
2. Avstraliya 3 1 1 1 5-5 4
3. Xorvatiya 3 0 2 1 2-3 2
4. Yaponiya 3 0 1 2 2-7 1
G qrupu: Koreya – Toqo 2:1, Fransa – İsveçrə 0:0, Fransa – Koreya 1:1, Toqo – İsveçrə 0:2, Toqo – Fransa 0:2, İsveçrə - Koreya 2:0.
1. İsveçrə 3 2 1 0 4-0 7
2. Fransa 3 1 2 0 3-1 5
3. Koreya 3 1 1 1 3-4 4
4. Toqo 3 0 0 3 1-6 0
H qrupu: İspaniya – Ukrayna 4:0, Tunis – Səudiyyə Ərəbistanı 2:2, Səudiyyə Ərəbistanı – Ukrayna 0:4, İspaniya – Tunis 3:1, Səudiyyə Ərəbistanı – İspaniya 0:1, Ukrayna – Tunis 1:0.
1. İspaniya 3 3 0 0 8-1 9
2. Ukrayna 3 2 0 1 5-4 6
3. Tunis 3 0 1 2 3-6 1
4. Səudiyyə Ərəbistanı 3 0 1 2 2-7 1
1/8 final
Almaniya – İsveç 2:0
Podolski, 4; 12.
Argentina – Meksika 2:1, əlavə vaxtda
Krespo, 10. Maksi Rodriges, 98 – Markes, 6.
İngiltərə - Ekvador 1:0
Bekhem, 60.
Portuqaliya – Hollandiya 1:0
Manişe, 23.
İtaliya – Avstraliya 1:0
Totti, 90+5-p.
İsveçrə - Ukrayna 0:0, p. – 0:3
Braziliya – Qana 3:0
Ronaldo, 5. Adriano, 45+1. Ze Roberto, 84.
İspaniya – Fransa 1:3
Vilya, 28-p. – Riberi, 41. Vieyra, 83. Zidan, 90+2.
1/4 final
Almaniya – Argentina 1:1, p. – 4:2
Kloze, 80 – Ayala, 49.
İtaliya – Ukrayna 3:0
Zambrotta, 6. Toni, 59; 69.
İngiltərə - Portuqaliya 0:0, p. – 1:3
Braziliya – Fransa 0:1
Anri, 57.
yarımfinal
Almaniya – İtaliya 0:2, ə.v.
Qrosso, 119. Del Pyero, 120+1.
Portuqaliya – Fransa 0:1
Zidan, 33-p.
3-cü yer uğrunda oyun
Almaniya – Portuqaliya 3:1
Şvaynştayger, 56; 78. Peti, 60-öz qapısına – Nunu Qomeş, 88.
final
İtaliya – Fransa 1:1, p. – 5:3
İtaliya: Buffon, Zambrotta, Kannavaro, Materatsi, Qrosso, Qattuzo, Pirlo, Kamoranezi (Del Pyero, 86), Perrotta (De Rossi, 61), Totti (Yakvinta, 61), Toni.
Fransa: Bartez, Sanyol, Türam, Qallas, Abidal, Makelele, Vieyra (Alu Diarra, 56), Riberi (Trezeqe, 100), Zidan, Maluda, Anri (Viltor, 107).
Qollar: Zidan, 7-p. (0:1). Materatsi, 19 (1:1).
Vərəqələr: Zambrotta, 5. Sanyol, 12. Makelele, 76. Maluda, 111 – sarı. Zidan, 110 – qırmızı.
Hakim: Orasio Elisondo (Argentina).
9 iyul. Berlin. Olimpiya stadionu. 69000 tamaşaçı.
Bilirsizmi?
DÇ-2006-nı keçirmək uğrunda 5 ölkə - Braziliya, İngiltərə, Almaniya, Mərakeş və Cənub Afrika mübarizə aparırdı. Sonuncu onsuz da bu mənada favorit sayılırdı. Üstəlik Braziliya səsvermədən 3 gün əvvəl namizədliyini geri götürdü və Cənubi Afrikaya dəstək olacağını bildirdi. Ancaq yekunda 2000-in iyulunda Sürixdə keçirilən konqresdə Almaniya arzusuna çatdı. Avropalılar 3 tur davam edən səsvermə nəticəsində “qara qitə” təmsilçisini 1 səs fərqiylə (12:11) qabaqladı! Okeaniya Futbol Konfederasiyasının (OFK) nümayəndəsinin bitərəf qalması da diqqəti çəkdi. Halbuki Cənubi Afrikaya səs versəydi, bərabərlik qeydə alınacaq, son sözün sahibi isə afrikalıları dəstəkləyən FİFA-nın o vaxtkı prezidenti Yozef Blatter olacaqdı.
Məsələnin üstü bir müddət sonra açıldı. “Der Spiegel” nəşri 2015-ci ilin oktyabrında DÇ-2006-nın Təşkilat Komitəsinin sədri olmuş Frants Bekkenbaueri FİFA-nın İcraiyyə Komitəsinin Asiya regionundan olan 4 üzvünə rüşvət verməkdə ittiham etdi. Nüfuzlu jurnalın məlumatına görə, həmin funksionerlərin Almaniyaya səs verməsi üçün təxminən 6 milyon 700 min avro xərclənib. Bu məlumatı FİFA-nın sabiq alman məmuru Teo Svantsiger də təsdiqlədi. “Der Spiegel”in ortaya qoyduğu faktlar “Kayzer Frants” və bir sıra alman məmurlarına qarşı dələduzluq, “çirkli pulların yuyulması” və mənimsəməsi ilə bağlı araşdırmanın başlanması üçün kifayət etdi. Amma bəxt Bekkenbauerin üzünə güldü. Məsələ ondadı ki, xeyli uzanan məhkəmə prosesi 2020-ci ildə koronavirus pandemiyası üzündən yenə təxirə salındı. İsveçrə qanunvericiliyinə əsasən isə dələduzluq üzrə cinayət işinin müddəti 15 il təşkil edir. Beləliklə, bu ölkənin məhkəmə sisteminin artıq əfsanəvi futbol adamına və “ortaqlar”ına heç bir iradı ola bilməz.
Maraqlıdı...
* Raymon Domenek təkcə Fransa millisini DÇ-2006-nın finalına çıxaran yox, həm də liderlərlə problem yaşayan və qəribə qərarlar verən məşqçi kimi xatırlanacaq. Çalışdırıcı astrologiyaya çox inanır, bu mövzuda kitablar alır, Taro kartlarını öyrənirdi. Mundialdan əvvəl “komandamda əqrəb bürcündən olan futbolçular oynayanda çox narahat oluram, onların öhdəsindən gəlmək mümkün deyil, çünki çox diliuzun və sərt insanlardı” ifadəsini işlətdi. Fransanın DÇ-2006-də iştirak ərizəsinə baxsaq, əqrəb bürcündən olan bircə oyunçu da tapmarıq. Domenek hətta həmin vaxt əla formada olan “əqrəb” Rober Piresi də mundiala aparmadı.
* Portuqaliya – Niderland oyunu hər iki komandanın ifasında saysız-hesabsız qayda pozuntularıyla yadda qaldı. Mundiallar tarixinin ən kobud matçı əbəs yerə “Nürnberq döyüşü” adlandırılmır. Rusiyalı hakim Valentin İvanov oyunçulara 16 sarı və 4 qırmızı vərəqə göstərdi. Müqayisə üçün Rusiya keçirilən son DÇ-nin gedişində ümumilikdə 4 futbolçunun meydandan qovulduğunu qeyd edək.
* Xorvatiya – Avstraliya oyununda kuryoz hadisə yaşandı. İngiltərəli hakim Qrehem Poll “damalılar”ın müdafiəçisi Yosip Şimuniçi yalnız ona göstərdiyi 3-cü dəfə sarı vərəqədən sonra meydandan uzaqlaşdırdı. Referi xorvatiyalını 61-ci, 90-cı və əsas vaxta artırılan 3-cü dəqiqədə cəzalandırdı.
Faktlar
* Almaniya İtaliya (1934, 1990), Fransa (1938, 1998) və Meksikadan (1970, 1986) sonra mundialı 2-ci dəfə keçirən 4-cü ölkə oldu.
* Avropa təmsilçiləri 6-cı dəfə (1934, 1954, 1966, 1974, 1982) bütün mükafatlara sahib çıxdı. Eyni zamanda yarımfinallarda 4-cü dəfə (1934, 1966, 1982) yalnız “köhnə qitə”nin komandaları mübarizə apardı.
* İlk dəfə final turnirində het-trik qeydə alınmadı.
* Hakimlər ümumilikdə 345 sarı və 28 qırmızı vərəqə göstərdi. Bu, dünya çempionatları üçün hələ də rekord sayılır.
* Braziliyalı Ronaldo mundiallarda qollarının sayını 15-ə çatdırmaqla Herd Müllerin (14) nəticəsini yaxşılaşdırdı və yeni rekord müəyyənləşdirdi.
* Zinəddin Zidan iki mundialın finalında qol vuran 4-cü futbolçu oldu. Fransalının DÇ-98-in həlledici matçında dubl etdiyini xatırladaq. Daha əvvəl yalnız Vava (1958, 1962), Pele (1958, 1970) və Paul Braytner (1974, 1982) finallarda fərqlənmişdi.
* Alessandro Del Pyero Almaniyayla oyunun əlavə vaxtına artırılan 1-ci dəqiqəsində fərqlənməklə mundiallarda ən “gecikmiş” qol müəllifi kimi tarixə düşdü.
* Ukraynalı Aleksandr Şovkovski final turnirində oyunsonrası penalti seriyasında qapısında top görməyən ilk qapıçı oldu.
* Argentinalı Orasio Elisondo DÇ-nin həm açılış, həm də final matçını idarə edən ilk hakim kimi tarixə düşdü. 1950-ci ildə ingilis referi Corc Rider mundialın ilk və son oyunlarında ədaləti qorusa da, Uruqvay ilə Braziliya arasında həlledici görüş faktiki final sayılmır.
Çempion məşqçi
Marçello Lippi – ötən əsrin 90-cı illərində Arriqo Sakki, Yohan Kroyff və Lui van Qalın fonunda darıxdırıcı, müdafiəyəmeyilli və əks-inqilabçı məşqçi təsiri bağışlayırdı. Komandalarında yer alan hücumçular daim arxaya çəkilməli olurdu, bu isə onların statistikasına təsir edirdi. DÇ-2006-da da bunu izlədik: “skuadra adzurra”nın bombardirləri hərəyə 2 top vuran Toni ilə Materatsi oldu, Del Pyero, Cilardino, İnzaqi, Totti və Yakvintanın hər biri isə 1 qolla yadda qaldı. Çalışdırıcı emosiyalar planında da çoxlarının gözlədiyini vermirdi: mundialın finalından sonra hamının qələbəni qeyd etdiyi vaxt onun sakitcə otel nömrəsinə gedib oyunun təkrarına tənha baxdığını demək kifayətdi. Buna baxmayaraq, məhz Lippi İtaliyanın mundiallarda 24 illik həsrətinə son qoydu! Məşqçi karyerası ərzində bir sıra rekordlara imza atan mütəxəssis futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Onun Almaniya ilə yarımfinalın əlavə vaxtında meydanda birdən-birə 4 hücumçunu saxlaması isə tənqidçilərinə ən yaxşı cavab oldu.
DÇ-nin ulduzu
Zinəddin Zidan – son mundialını möhtəşəm keçirdi. 34 yaşlı yarımmüdafiəçi pley-offda millinin aşkar lideri olduğunu sübut etdi. 1/4 finalda Braziliyaya qarşı fantastik performansı həmişəlik yaddaşlarda qaldı. Ancaq məlum hadisə Zidanın 95 faizi braziliyalılar və italiyalılardan ibarət 2 qat dünya çempionlarının olduğu siyahıya düşməsinə imkan vermədi. Fransalı bu ilin yayında verdiyi açıqlamada həmin hərəkətlə qürur duymadığını, amma bunun yolunun bir hissəsi olduğunu söylədi.