AFFA İcraiyyə Komitəsinin son iclasında U-19-un çalışdırıcısı Miloş Velebitin müqavilə müddətinin uzadılmamasına qərar verildi.
Sən demə, serbiyalı mütəxəssis ölkəmizə qayıdıb. Yığmanın sabiq çalışdırıcısı redaksiyamızla əlaqə saxlayıb, müsahibə vermək istədiyini bildirdi. Onunla görüşüb, ölkə futbolunda başverənlərlə bağlı söhbətləşdik.
- Gəlin, AFFA İcraiyyə Komitəsinin verdiyi qərardan başlayaq. Sizinlə yola davam etmək istəmədilər. Buna reaksiyaz necə oldu?
- Normal prosedurdu. 21 ildi məşqçilik edirəm. Nəticə qazana bilmirsənsə, səninlə yola davam etmirlər. Ötən müsahibəmdə də izah etməyə çalışdım. Bəxtimiz gətirmədi, bəzi futbolçuların köməyindən məhrum olduq. Yenə deyirəm, futbolda belə şeylər normaldı. Nəticə əldə edə bilmirsənsə, səninlə sağollaşırlar. Təbii ki, üzgünəm və xoşbəxt deyiləm. Lakin əlimizdən gələn başqa nəsə yoxdu. Bu görüşdə yaxşı çıxış etdik. Lakin nəticə olmayanda qərar da belə olur. AFFA İcraiyyə Komitəsinin qərarını anlayıram.
- Elit məşq proqramındakı işinizi davam etdirəcəksiz?
- Bütün aşağı yaş qrupları üzrə yığmaların əlaqələndiricisiydim. 3 il 6 ay ərzində yaxşı işlər gördük. Çoxlu layihələr həyata keçirdik. Bunlarla sizi tanış etmək istəyirəm. U-11 və U-14 nəsilləri arasında ən yaxşı futbolçuların seçimi ilə məşğul olduq. İki fərqli proqram tərtib etdik. Hərənin özünəməxsus mövzuları var idi. Bundan bütün regionlarda istifadə etdik. Təbii ki, Bakıda da işimizi gördük. Xüsusi seleksiyalar həyata keçirdik. 8 fərqli yaş qrupunun formalaşmasına çalışdıq. Mən bura gələndə 2003 doğumlu uşaqlarla işləməyə başladıq. İndi isə 2010-ci ildə dьnya gələnlərlə çalışırdıq. Təbii ki, başlanğıcda bəzi problemlər oldu. Lakin hazırda layihənin ən yaxşı tərəflərini 2010 doğumlulara izah edirik. Bundan başqa, bütün yaş qrupu üzrə yığmaların ildə iki dəfə təlim-məşq toplanışı keçməsinə nail olduq. Düşünürəm ki, Azərbaycan futbolu yaxın 3-4 il ərzində bu proseslərin nəticəsini görəcək. Ölkənizdə çox istedadlı futbolçular var. Xüsusilə də bu proseslərdən keçən oyunçular gələcəyin ulduzları ola bilərlər. Adlarını bir-bir açıqlamaq istəmirəm. Lakin 20-25 nəfərlik siyahı təqdim edə bilərəm ki, bu uşaqların gələcəkdə faydasını görəcəksiz. 9 fərqli yaş qrupuna bölünən futbolçulardı. Onların hamısı gələcəkdə əsas yığmanın üzvləri olacaqlar. Bunu sizə əminliklə deyə bilərəm.
- Azərbaycanda 3 il 6 ay çalışdız. Bu müddətdə işinizlə bağlı hansı problemlərlə üzləşdiz?
- İlk vaxtlar hər şey çətin idi. Həqiqətən çox çalışırdıq. Bir neçə layihə təklif etdik. Bundan sonra koronavirus pandemiyası başladı, Qarabağ müharibəsi oldu. Bu üzdən problemlər ortaya çıxdı. Bunlar təşkilatçılıq və maliyyə ilə bağlı idi. Elit məşq proqramı istədiyim kimi inkişaf edə bilmədi. Təbii ki, buna görə heç kimi qınamaq olmaz. Çünki hər yerdə həyat dayanmışdı. Lakin biz işə davam edirdik. Sadəcə, sürətli inkişaf yolu keçə bilmədik. Bax, bu məsələlər mənə problem yaşatdı.
- Bunları anladım. Mən fərdlərdən və mental dəyərlərdən danışıram. Bəlkə futbolçuların ailə üzvləri və ya qohumları sizə hansısa məsələlərdə təsir edib?
- Yox. Yenə deyirəm, 21 ildi məşqçiyəm. Heз kim karyeram ərzində belə şeylərin baş verdiyini söyləyə bilməz. Həmişə işimə dəyər vermişəm. Təbii ki, səhvlərim olub. Məsələn, oyunçu seçimində səhv etmişəm. Bunlar normaldı. Fərqli müddətlərdə futbolçular, köməkçilərim, hətta valideynlər ilə problemlərin olması normaldı.
- Bəlkə federasiya işinizə müdaxilə edib?
- Vallah, yox. Federasiyadan heç kim işimə müdaxilə etməyib. Buna imkan verməmişəm. Özümün bu yönümlə fəxr edirəm.
- Bu suala səmimi cavab verəcəyinizə əminəm. Federasiya rəsmilərindən və əməkdaşlarından kimsə siyahı tərtib edərək milliyə çağrılması üçün sizə təqdim edib?
- Heç vaxt. Təkcə Azərbaycanla bağlı demirəm. Ümumiyyətlə, hər yerdə belə olub. Heç kim mənə nə etməli olduğumu deyə bilməz.
- Bəlkə kimsə zəng vurub oğlunun və ya qohumun yığmaya dəvət olunmasını xahiş edib?
- Təbii ki, yox. Sizə tam səmimiyyətimlə bunu deyirəm. Mən başa düşə bilmirəm ki, bu necə ola bilər? Məndən öncəki dövrləri bilmirəm. Amma bizim vaxtımızda belə şey olmayıb.
- Bəzi yerli məşqçilər mediaya açıqlamalarında bildirirdilər ki, bəzi futbolçuların vəzifəli qohumları, atası və ya anası milliyə dəvət üçün zəng edirdilər. Siz 3-4 yığmanın çalışdırıcısı olmusuz. Ona görə bunu şoruşmaq istədim.
- Heç vaxt belə şey olmayıb. Məni yaxından tanıyanların hamısı bunu bilir. Mən, sadəcə, klubların baş məşqçiləri ilə danışmışam. Onlar mənə rahat zəng vurub, öz futbolçularını təklif edib. Sonra məsləhət gördükləri oyunçuları izləyərək qərar vermişəm. Yığma üçün faydalı olacaqdısa, niyə həmin oyunçulardan istifadə etməyim? Baxın, Azərbaycanın problemi belə şeylər deyil. Burda hər yaş qrupu üzrə liqalar var. Lakin bu yetərli deyil. 10-12 komanda arasından 20-30 futbolçu seçilir. Onlar azərbaycanlılar arasında ən yaxşılardı. Lakin seçmə mərhələ oyunlarında özlərini göstərə bilmirlər. Çünki keçirdiyi oyun sayı azdı. Beynəlxalq təcrübələri olmur, Avropadakılardan geri qalırlar.
- Bunu necə həll edə bilərik? Əvvəllər “Qəbələ Cup” və ya “Caspian Cup” turnirləri var idi. Onları yenidən bərpa edək?
- Eşitmişəm. Bunlarla nələrisə tam həll etmək olmaz. İki turnir nəyi dəyişəcək? Hər yaş qrupu üzrə xüsusi proqramlar olmalıdı. Klublar uşaq futboluna maliyyə ayırmalıdı. Layihə həyata keçirib, nəticə verməsini gözləməliyik. 1-2 il ərzində alınacaq işlər deyil. Ola bilər ki, sistem 5 və ya 10 ilə işə yarasın.
- Bir ay öncə bütün dünya ölkələrinin ümid vəd edən ən gənc futbolçularının siyahısı ilə tanış oldum. Həmin cədvəldə azərbaycanlının adı yox idi. Gürcüstandan, Ermənistandan, hətta Mavritaniyadan ad var idi. Amma azərbaycalı yoxdu. Niyə? Həqiqətən bizdə gələcək vəd edən azyaşlı futbolçu yoxdu?
- Bunun əsas səbəblərindən biri Azərbaycanın Avropadan uzaq olmasıdı. Bu, sadəcə, mənim fikrimdi. Bolqarıstandakı turnirdə 3 ən yaxşı futbolçudan biri bizim yığmadan idi. Söhbət Nəriman Axundzadədən gedir. Düşünürəm ki, o, bu siyahıda yer ala bilərdi. Amma niyə onun adını salmayıblar, bunu deyə bilmərəm. Başqa səbəb: gənc futbolçulara əsas komandalarda şans vermirlər. Söhbət təkcə Nərimandan getmir. Gəlin, mənim komandama baxaq. Təkcə Qurban Səfərov “Şamaxı”da çıxış edir. Qalanlar əvəzedici heyətdə yer alır. Onlar beynəlxalq təcrübəni ancaq yığmanın heyətində seçmə mərhələdə qazanır. Bu futbolçular niyə premyer-liqa klublarında oynamır? Bu, onların inkişafına çox kömək olacaq. Bütün klublar çempionluq, nəticə qazanmaq üçün oynaya bilməz ki. Serbiyada bunlar fərqlidi. Gənc futbolçuları özləri oynadırlar ki, sata bilsinlər. Bunları dəfələrlə demişik. 2004 təvəllüdlü futbolçu Serbiya liqasında çıxış edir. Söhbət Nika Laziçdən gedir. Əminliklə sizə deyə bilərəm ki, gələcəyin ulduzu olacaq.
- U-21-in çalışdırıcısı Milan Obradoviç AFFA-ya bununla bağlı təklif irəli sürmüşdü. O, U-17, U-18, U-19, U-21 millilərindən ibarət komanda formalaşdırıb premyer-liqada çıxış etməyin vacibliyini bildirirdi. Bu, çıxış yolu ola bilər?
- Əlbəttə, variantlardan biri budu. Başqa bir yol da var. Məsələn, U-17 və U-19 komandasının premyer-liqada çıxış etməsinə şərait yaradırsan. Gürcüstanda və Şimali Makedoniyada belədi. Lüksemburq da bu sistemdən istifadə edir. Onlar həftənin 4 günü birgə məşq edirlər. Bu da təbii ki, inkişaflarına təkan verəcək. Azərbaycan da bu sistemdən yararlanmalıdı.
- Nəriman Axundzadədən danışaq. “Qarabağ”ın əsas heyətinə cəlb olunub. Lakin heç vaxt oynamır. Siz də deyirsiz ki, hazırda ölkənin gələcək vəd edən ən yaxşı futbolçusudu. O, “Qarabağ”da nə zaman oynamağa başlayacaq?
- “Qarabağ” haqda danışmaq istəmirəm. Qurban Qurbanovun qərarlarını müzakirə etmək olmaz. O, hazırda ölkənin ən yaxşı məşqçisidi. Əldə etdiyi nəticələr qərarlarının müzakirə edilməsinin qarşısını alır. Təbii ki, Qurban Qurbanov Nərimanın “Qarabağ”ın əsas heyətində oynamağa hazır hiss etmirsə, bu doğrudu. Amma futbolçu başqa klubda çıxış edə bilər. Son pillələrdə olan hansısa kluba getsin. Amma əsas heyətdə olsun. Buna ehtiyacı var. İnkişafı üçün belə olmalıdı.
- Nəriman sizin oyunçudu. Onun başqa kluba göndərilməsi ilə bağlı Qurban Qurbanovla danışmağa cəhd etmisiz?
- Mən yox, amma bilirəm ki, AFFA-dan başqaları bu məsələ ilə bağlı baş məşqçi ilə danışmağa cəhd ediblər. Ancaq Nəriman haqda danışmayaq. Çünki başqaları da var. 2004 doğumlu uşaqlar var ki, gələcəyin superulduzları ola bilərlər. Onlar həm Azərbaycanda çıxış edənlərdi, həm də xaricdə. Adlarını bir-bir çəkməyə gərək yoxdu. Hamısı premyer-liqada əsas heyətdə oynamağa layiqdilər. Mütləq deyil ki, “Qarabağ”da, “Neftçi”də, “Sabah”da çıxış etsinlər. Digər klublara fayda verə bilərlər. Bu, özlərinin də inkişafına səbəb olacaq. Ondan sonra adları gələcək vəd edən futbolçuların siyahısında olacaq.
- “Şamaxı”nın heyətində yer alan futbolçuların hamısı azərbaycanlıdı. Onların nəticələri isə yaxşı deyil. Heyətdə həm gənclər, həm də təcrübəli yaşlı futbolçular var. Bu, Azərbaycan futboluna fayda verə biləcək?
- Mütləq. Azərbaycanın belə layihələrə ehtiyacı var. İndi Azərbaycan premyer-liqasında 10 klub çıxış edir. Bunların birinin heyətinin ancaq yerlilərdən ibarət olması məni həqiqətən sevindirir. Çempionatdakı komandaların sayı çoxalmalıdı. Onda seçim şansı da artır. Əlində keyfiyyətli çoxlu futbolçu olur.
- Bir az da gələcək karyeranız haqda danışaq...
- Olar ki, əvvəlcə Azərbaycanda işlədiyim müddətdə birgə çalışdığım şəxslərə təşəkkür edim?
- Buyurun.
- Dediyim kimi, 3 il 6 ay burda çalışdım. Millilərdə və fərqli layihələrdə işlədim. Çoxlu adamla əlaqədə oldum və tanıdım. Bu illər ərzində, sadəcə, nəticə qazana bilmədim. Qalan bütün işlərimdən razıyam. Rəhbərliyim altında oynayan futbolçulara, məşqçilərə, Elit məşqdəki çalışdırıcılara, klubların əlaqələndiricilərinə, ən sonda isə AFFA rəhbərliyinə, əsasən də Elxan Məmmədovla Sərxan Hacıyevə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm və əminəm ki, Azərbaycan futbolu yaxın 3-4 il ərzində olduqca inkişaf edəcək. Çünki hazırda çoxlu təhsilli və səviyyəli futbolçular yetişir. Bu da yığmanızın nəticə verməyinə səbəb olacaq.
- Karyeranızı harda davam etdirəcəksiz?
- Tam səmimiyyətimlə deyirəm, hələ heç nə yoxdu. 21 ildi işləyirəm və bu müddətdə normal istirahət etməmişəm. Bir az dincəlməliyəm. Bundan sonra gələcəyim haqda düşünəcəm. Təbii ki, təkliflər var. Lakin ortada real nəsə yoxdu. İndi bir müddət ailəm haqda düşünmək istəyirəm. Bir ildən çoxdu onlardan ayrı qalmışam. Yunanıstandadılar. Yeni ilə kimi onların yanında olacam. Bundan sonra təklifləri dəyərləndirəcəm.
- Azərbaycan klublarından təklif gəlsə, dəyərləndirərsiz?
- Əlbəttə, niyə də olmasın?! Azərbaycana qayıtmağı çox istəyərəm. Maraqlı və ciddi layihə olsa, işləyərəm. Mən uzun müddət işləmək istəyirəm. Nəticə ilk illərdən vermək olar. Amma davamlı olması üçün uzun müddət çalışmalısan.
- Obradoviç həmişə deyirdi ki, əsas yığma ilə daha yaxşı nəticə qazana bilərəm. O, əlində Mahir Emreli, Renat Dadaşov, Namik Ələskərov, Emin Mahmudov, Qara Qarayev və başqa futbolçuların olacağı halda daha yaxşı işlər görə biləcəyini iddia edirdi. Siz bu haqda nə düşürsüz? Hazırkı yığmanın çalışdırıcısı olsaz, uğur qazana bilərsiz?
- Bu suala cavab vermək və bu haqda danışmaq etik deyil. Çünki yığmanın hazırda baş məşqçisi var, son oyunlarda da yaxşı nəticə əldə ediblər.
- Düşünün ki, De Byazi millinin baş məşqçisi deyil və yığmanı çalışdırmağı sizə həvalə edirlər. Təklifi rədd edəcəksiz?
- Yenə deyirəm, bu komandanın yaxşı potensialı və gələcəyi var. Millətlər Liqasının oyunları bunu göstərdi. Gələcəkdə uğurlara da imza atmaq olar. Gənclərdən ibarət kollektiv formalaşdıraraq onlara qələbə ruhunu aşılamaq olar. Təbii ki, gəncləri bir dəfə istifadə etmək üçün yığmaya çağırmaq lazım deyil. Onların potensialından yararlanıb beynəlxalq təcrübələrini artırmaq lazımdı. Belədə uğur əldə etmək olar.
İLKİN SULTANLI