Türkiyə klubları borcları üzündən çətin vəziyyətə düşməkdə davam edirlər.
"Football-plus.az" xəbər verir ki, bir müddət öncə “Hatayspor” Pablo Santosa olan 32038 avroluq borc üzündən cəzalanmışdı. Düzdü, bu məbləğ ödənildikdən sonra cəza aradan götürülmüşdü. İndi də superliqanın digər təmsilçisi “Girəsunspor”un cəza aldığı məlum olub. Klubun bu aqibətlə üzləşməsi Jan Pyer adlı futbolçu üzündən baş verib. 24 yaşlı braziliyalı yarımmüdafiəçi ötən mövsümün qış fasiləsində “Qremio”dan transfer edilmişdi.
Daha doğrusu, Girəsun təmsilçisi “Qremio” ilə bu oyunçunun ilyarımlığa icarəyə götürülməsi ilə bağlı razılıq əldə etmiş və onu şəhərə cağırmışdı. Əsas problem de bundan sonra başlamışdı. Tibbi müayinə zamanı futbolçunun xaya xərçəngi olduğu üzə çıxmışdı. Bunun ardından rəhbrəlik müqaviləni ləğv etmiş, Jan Pyer də müalicə olunmaq üçün vətəninə qayıtmışdı. Futbolçu müqaviləsinin klub tərəfindən ləğv olunduğunu sonradan öyrəndi. “Sambaçı” qaradənzililəri müqaviləni birtərəfli şəkildə pozmaqda, müalicəni davam etdirmək, eləcə də vətənə qayıtmaq üçün ona çatmalı olan pulu ödəməməkdə günahlandıraraq FİFA-ya şikayət etdi. “Girəsunspor” rəsmiləri isə bu oyunçu ilə heç vaxt rəsmi müqavilə imzalamadıqlarını qeyd etdilər. Amma Jan Pyerin əlində müqavilənin imzalanmasına dair çox güclü sübut var idi. Belə ki, tibbi müayinədən bir gün öncə bu oyunçu klubun yeni üzvü kimi tanıdılmış və “Girəsunspor”un formasını əyninə keçirərək jurnalistlərin önünə çıxmışdı. Bu üzdən FİFA-nın sonda məhz futbolçunun xeyrinə qərar verməsi sürpriz olmadı.
“Girəsunspor” 765 min avro para cəzası ödəməklə yanaşı, qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək! Amma klubun məsələni İdman Arbitraj Məhkəməsinə daşımaq haqqı var idi və dünən bu haqdan istifadə olundu. Qəribədi ki, “Girəsunspor”dan verilən rəsmi açıqlamada hələ də klubun heç bir günahının olmadığı və futbolçu ilə rəsmi müqavilə imzalanmadığı qeyd olunub. Maraq üçün bildirək ki, ağır diaqnoza baxmayaraq, Jan Pyer karyerasını davam etdirir. “Girəsunspor”dan ayrılandan sonra təxminən 2-3 ay müalicə olunan futbolçu bu ilin aprelində icarə əsasında yarımilliyə Braziliyanın digər təmsilçisi “Avai”yə keçdi. Cari mövsüm o, bu klubun heyətində 21 oyuna çıxaraq 1 qol vurub. Müqavilənin şərtinə görə noyabrın 30-da “Qremio”ya dönməli olan Pyerin indiki dəyəri təxminən 3 milyon avro civarındadı.