Yaponiya və Koreyadakı mundial həm iki ölkədə keçirilən, həm də Asiya qitəsinə həvalə olunan ilk dünya birinciliyi kimi tarixə düşdü. Təşkilatçılıq planında problemin yaşanmadığı DÇ-2002-də həlledici oyunlarda məhsuldarlığın aşağı olması və ciddi hakim səhvləri ön plana çıxdı.
Braziliya Uzaq Şərqdə 5-ci “ilahə”sinə qovuşdu
Ev sahibləri Yaponiyayla Koreya, həmçinin son qalib Fransa birbaşa final mərhələsinə buraxıldı. Turnirdən əvvəl bukmekerlər əsas favorit qismində Argentinanı görürdü. Növbəti iki pillədə isə Fransa və İtaliya qərarlaşırdı. Maraqlıdı ki, iki əsas favorit artıq qrup mərhələsində mübarizəni dayandırdı. Son dünya və Avropa çempionu olan Fransa 3 oyunun heç birində qalib gəlməmək və bircə qol vurmamaqla hamıya şok yaşatdı.
1/8 finalın ən qalmaqallı oyunu Koreya ilə İtaliya arasında baş tutdu. Asiyalılar ekvadorlu hakim Bayron Morenonun köməyiylə “skuadra adzurra”nı məğlub etdi. Referi əvvəlcə matçın ilk dəqiqələrində avropalıların qapısına şübhəli penalti təyin etsə də, Buffon Xvanın zərbəsini qaytardı. Əlavə vaxtda hakim Tottiyə qarşı kobudluğa göz yumdu və futbolçunu “simulyasiya”ya görə meydandan qovdu. Bir qədər sonra italiyalıların təmiz qolu qeydə alınmadı. Nəhayət, 117-ci dəqiqədə Koreya arzuladığı topu vurdu.
1/4 finalda İngiltərə - Braziliya matçının taleyini Ronaldinyonun cərimə zərbəsindən vurduğu möhtəşəm qol həll etdi. Türkiyə İlhan Mansızın “qızıl qolu”yla Seneqala qalib gəldi. Koreyanın köməyinə bu dəfə misirli hakim Qamal Əl-Gandur çatdı. O, əsas və əlavə vaxtda İspaniyanın qaydalar çərçivəsində vurduğu qolları saymadı. “Lotereya”da isə bəxt Hiddinkin komandasının üzünə güldü. Nəhayət, yarımfinalda asiyalıları dayandıran tapıldı. Ballak bundestimə qələbə gətirsə də, həm də aldığı sarı vərəqəyə görə finalı buraxmaq məcburiyyətində qaldı. Digər matçda Türkiyə qrupda Braziliyadan alınan ədalətsiz məğlubiyyətin əvəzini çıxmaq istəsə də, buna gücü çatmadı.
Finalda Braziliya Ronaldonun ikinci hissədə vurduğu iki qolla rəqibin müqavimətini qırdı. Bununla da mundialdan əvvəl yalnız 4-cü favorit göstərilən “selesao” tarixində 5-ci dəfə dünya çempionu adını qazandı. Eyni zamanda bukmekerlərin bombardirlər yarışında inanmadığı və şanslarını Trezeqe, Vyeri, Anri, Raul, Ouen kimi futbolçulardan az gördüyü Ronaldo da 8 qolla tənqidçilərini susdurdu.
DÇ-2002 – KOREYA, YAPONİYA
Vaxt: 31 may – 30 iyun
Oyunların keçirildiyi şəhərlər: Çoncu, Fukuroi, İnçxon, Yokohama, Kaşima, Kobe, Kvancu, Miyagi, Niiqata, Oita, Osaka, Pusan, Sapporo, Saytama, Seul, Soqvipxo, Suvon, Tequ, Tecon, Ulsan
Oyunların keçirildiyi stadionların sayı: 20
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Belçika, Braziliya, Cənubi Afrika, Çin, Danimarka, Ekvador, Fransa, Xorvatiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kamerun, Koreya, Kosta Rika, Meksika, Nigeriya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Seneqal, Səudiyyə Ərəbistanı, Sloveniya, Tunis, Türkiyə, Uruqvay, Yaponiya
Oyun sayı: 64
Qol sayı: 161 (orta hesabla 2,52)
Poker: 0
Het-trik: 2
Penalti: 18 (13-ü dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 272 (17)
Avtoqol: 3
Tamaşaçı sayı: 2705198 (orta hesabla 42269)
1-ci yer: Braziliya
2-ci yer: Almaniya
3-cü yer: Türkiyə
4-cü yer: Koreya
Bombardir: Ronaldo (Braziliya) – 8
Turnirin rəmzi yığması
Qapıçı – Oliver Kan (Almaniya); müdafiəçilər – Kafu, Lusio, Roberto Karlos (hamısı Braziliya), Sol Kempbell (İngiltərə); yarımmüdafiəçilər – Mihael Ballak (Almaniya), Rivaldo (Braziliya), Əl-Haci Diuf (Seneqal); hücumçular – Ronaldo (Braziliya), Miroslav Kloze (Almaniya), Həsən Şaş (Türkiyə).
A qrupu: Fransa – Seneqal 0:1, Uruqvay – Danimarka 1:2, Danimarka – Seneqal 1:1, Fransa – Uruqvay 0:0, Danimarka – Fransa 2:0, Seneqal – Uruqvay 3:3.
1. Danimaka 3 2 1 0 5-2 7
2. Seneqal 3 1 2 0 5-4 5
3. Uruqvay 3 0 2 1 4-5 2
4. Fransa 3 0 1 2 0-3 1
B qrupu: Paraqvay – Cənubi Afrika 2:2, İspaniya – Sloveniya 3:1, İspaniya – Paraqvay 3:1, Cənubi Afrika – Sloveniya 1:0, Cənubi Afrika – İspaniya 2:3, Sloveniya – Paraqvay 1:3.
1. İspaniya 3 3 0 0 9-4 9
2. Paraqvay 3 1 1 1 6-6 4
3. Cənubi Afrika 3 1 1 1 5-5 4
4. Sloveniya 3 0 0 3 2-7 0
C qrupu: Braziliya – Türkiyə 2:1, Çin – Kosta Rika 0:2, Braziliya – Çin 4:0, Kosta Rika – Türkiyə 1:1, Kosta Rika – Braziliya 2:5, Türkiyə - Çin 3:0.
1. Braziliya 3 3 0 0 11-3 9
2. Türkiyə 3 1 1 1 5-3 4
3. Kosta Rika 3 1 1 1 5-6 4
4. Çin 3 0 0 3 0-9 0
D qrupu: Koreya – Polşa 2:0, ABŞ – Portuqaliya 3:2, Koreya – ABŞ 1:1, Portuqaliya – Polşa 4:0, Portuqaliya – Koreya 0:1, Polşa – ABŞ 3:1.
1. Koreya 3 2 1 0 4-1 7
2. ABŞ 3 1 1 1 5-6 4
3. Portuqaliya 3 1 0 2 6-4 3
4. Polşa 3 1 0 2 3-7 3
E qrupu: İrlandiya – Kamerun 1:1, Almaniya – Səudiyyə Ərəbistanı 8:0, Almaniya – İrlandiya 1:1, Kamerun - Səudiyyə Ərəbistanı 1:0, Kamerun – Almaniya 0:2, Səudiyyə Ərəbistanı – İrlandiya 0:3.
1. Almaniya 3 2 1 0 11-1 7
2. İrlandiya 3 1 2 0 5-2 5
3. Kamerun 3 1 1 1 2-3 4
4. Səudiyyə Ərəbistanı 3 0 0 3 0-12 0
F qrupu: Argentina – Nigeriya 1:0, İngiltərə - İsveç 1:1, İsveç – Nigeriya 2:1, Argentina – İngiltərə 0:1, İsveç – Argentina 1:1, Nigeriya – İngiltərə 0:0.
1. İsveç 3 1 2 0 4-3 5
2. İngiltərə 3 1 2 0 2-1 5
3. Argentina 3 1 1 1 2-2 4
4. Nigeriya 3 0 1 2 1-3 1
G qrupu: Xorvatiya – Meksika 0:1, İtaliya – Ekvador 2:0, İtaliya – Xorvatiya 1:2, Meksika – Ekvador 2:1, Meksika – İtaliya 1:1, Ekvador – Xorvatiya 1:0.
1. Meksika 3 2 1 0 4-2 7
2. İtaliya 3 1 1 1 4-3 4
3. Xorvatiya 3 1 0 2 2-3 3
4. Ekvador 3 1 0 2 2-4 3
H qrupu: Yaponiya – Belçika 2:2, Rusiya – Tunis 2:0, Yaponiya – Rusiya 1:0, Tunis – Belçika 1:1, Tunis – Yaponiya 0:2, Belçika – Rusiya 3:2.
1. Yaponiya 3 2 1 0 5-2 7
2. Belçika 3 1 2 0 6-5 5
3. Rusiya 3 1 0 2 4-4 3
4. Tunis 3 0 1 2 1-5 1
1/8 final
Almaniya – Paraqvay 1:0
Noyvill, 88.
Danimarka – İngiltərə 0:3
Ferdinand, 5. Ouen, 22. Heski, 44.
İsveç – Seneqal 1:2, əlavə vaxtda
Henrik Larsson, 11 – Anri Kamara, 37; 104.
İspaniya – İrlandiya 1:1, p. – 3:2
Moryentes, 8 – Robbi Kin, 90-p.
Meksika – ABŞ 0:2
Makbrayd, 8. Donovan, 65.
Braziliya – Belçika 2:0
Rivaldo, 67. Ronaldo, 87.
Yaponiya – Türkiyə 0:1
Ümit Davala, 12.
Koreya – İtaliya 2:1, ə.v.
Sol Gi Hön, 88. An Con Xvan, 117 – Vyeri, 18.
1/4 final
İngiltərə - Braziliya 1:2
Ouen, 23 – Rivaldo, 45+2. Ronaldinyo, 50.
Almaniya – ABŞ 1:0
Ballak, 39.
İspaniya – Koreya 0:0, p. – 3:5
Seneqal – Türkiyə 0:1, ə.v.
İlhan Mansız, 94.
yarımfinal
Almaniya – Koreya 1:0
Ballak, 75.
Braziliya – Türkiyə 1:0
Ronaldo, 49.
3-cü yer uğrunda oyun
Koreya – Türkiyə 2:3
Li Il Yön, 9. Son Con Quk, 90+3 – Hakan Şükür, 1. İlhan Mansız, 13; 32.
final
Almaniya – Braziliya 0:2 (0:0)
Almaniya: Kan, Linke, Ramelov, Metselder, Frinqs, Hamann, Yeremis (Asamoa, 77), Bode (Tsige, 84), Şnayder, Kloze (Birhoff, 74), Noyvill.
Braziliya: Markos, Kafu, Lusio, Edmilson, Roke Junior, Roberto Karlos, Jilberto Silva, Kleberson, Ronaldinyo (Juninyo Paulista, 85), Rivaldo, Ronaldo (Denilson, 90).
Qollar: Ronaldo, 67 (0:1). Ronaldo, 79 (0:2).
Vərəqələr: Roke Junior, 6. Kloze, 9 – sarı.
Hakim: Pyerluici Kollina (İtaliya).
30 iyun. Yokohama. Beynəlxalq stadion. 69029 tamaşaçı.
Bilirsizmi?
FİFA əvvəlki 16 mundialda millilərə iştirak ərizəsində 22 futbolçunun adını daxil etməyə icazə verirdisə, bu dəfə yeniliyə əl atdı: artıq turnirə 23 nəfəri aparmaq olardı. Təbii ki, ali futbol qurumunun qaydalarda etdiyi dəyişiklik səbəbsiz deyildi. Öz dövrünün və ümumilikdə futbol tarixinin ən yaxşılarından sayılan Ronaldo Nazario 2001-ci ilin sentyabrın ortalarında 523 günlük fasilədən sonra yaşıl meydanlara qayıtsa da, dekabrda yenidən ciddi zədələndi. Növbəti dəfə artıq 2002-ci il martın 25-də oyun keçirən hücumçunun mundiala qədər hansı formada olacağı bilinmirdi. “Fenomen” ləqəbli futbolçudan başqa əfsanəvi Roberto Bacco da oxşar vəziyyətlə üzləşdi. Nəticədə FİFA hər ehtimala qarşı iştirak ərizəsini genişləndirdi.
Təəssüf ki, Ronaldo ilə Bacconun DÇ-2002-də taleyi fərqli oldu. Skolari “Fenomen”ə güvəndisə, Trapattoni “İlahi at quyruğu”na şans tanımadı. Roberto illər sonra da məşqçini buna görə bağışlamadı: “Əlil arabasında olsaydım belə, DÇ-2002-yə aparılmalıydım! 4-cü mundialımda oynayacaqdım. Bu, Trapattoninin müqəddəs borcu idi! Karyeramı nəzərə alsaq, bunu haqq edirdim. FİFA həmin vaxt komandaların iştirak ərizəsini 23 futbolçuya qədər genişləndirdi. Həmin addım mənə və Ronaldoya görə atıldı. Hər ikimiz zədəni yenicə sağaltmışdıq və riski gözə almışdıq. Guya Trapattoni adımı daxil etsə idi, nə problem yaranacaqdı? Nəticədə Ronaldo mundiala yollandı, turnirin qalibi və bombardiri oldu. Mən isə evdə qaldım...”
Maraqlıdı...
* DÇ-2002-nin açılış matçında Seneqalın start heyətində Fransaya qarşı meydana çıxan futbolçuların hamısı Liqa 1 klublarının şərəfini qoruyurdu! Ümumiyyətlə, iştirak ərizəsində yer alan 23 oyunçudan 21-i məhz Fransada çıxış edirdi. Bu mənada yalnız 2-ci və 3-cü qapıçılar istisna idi. Omar Diallo Mərakeşin “Olimpik Xuribqa” komandasında oynayırdısa, digər qolkiper azarkeşlərimizə yaxşı tanışdı. Söhbət həmin vaxt Seneqalın “Janna D’Ark”, sonradan isə ölkəmizin “Bakı” klubunun qapısını qoruyan, 2 dəfə Azərbaycan çempionatının, 3 dəfə kubokunun qalibi olan Kalidu Sissokodan gedir.
* Ronaldo 8 dəfə rəqib qapılarına yol tapmaqla 6 mundial ərzində davam edən ənənəyə son qoydu. Belə ki, 1978-98-ci illər aralığında DÇ-nin ən yaxşı bombardiri 6 qol vururdu: DÇ-78-də Mario Kempes, DÇ-82-də Paolo Rossi, DÇ-86-da Qari Lineker, DÇ-90-da Salvatore Skillaçi, DÇ-94-də Oleq Salenko və Xristo Stoiçkov, DÇ-98-də Davor Şuker.
* Seneqallı Xəlilu Fadiqa Fransayla oyundan əvvəl həbsxanaya düşə bilərdi. Yarımmüdafiəçi mağazadan qızıl boyunbağı oğurlasa da, problemi yoluna qoymaq mümkün oldu.
Faktlar
* DÇ-2002-nin oyunları bugünədək rekord sayda – 20 şəhərdə və 20 stadionda keçirildi.
* Braziliya 5-ci dəfə mundialın qalibi oldu. Cənubi amerikalılar zəfərin ardından “pentakampeonlar” ləqəbini aldı. İndiyədək heç bir milli bu uğuru təkrarlaya bilməyib. “Selesao” həmçinin Almaniyadan (1982, 1986, 1990) sonra ardıcıl 3 DÇ-nin finalında oynayan ikinci komanda kimi tarixə düşdü.
* Braziliya final turnirinin hər bir oyununda əsas vaxtda qalib gəlməklə 32 il əvvəlki uğurunu təkrarladı. Ancaq DÇ-70-dən fərqli “selesao” bu dəfə 6 yox, 7 matçda qələbə qazandı. Braziliyalılardan başqa təkcə bir dünya çempionu oxşar nailiyyətlə öyünə bilər: Uruqvay ev sahibi və qalib olduğu ilk mundialda 4 oyunun hamısında əsas vaxtda qalib gəlmişdi.
* Kafu 3 dəfə (1994, 1998, 2002) DÇ-nin finalında oynamış ilk və hələlik yeganə futbolçudu.
* 4-cü dəfə mundialın finalında uduzan Almaniya bu mənada antirekorda imza atdı.
* Fransa millisi dünya çempionu statusunda mübarizəni qrupda dayandıran 3-cü komanda oldu. Daha əvvəl 1950-ci ildə İtaliya, 1966-cı ildə isə Braziliya bu aqibətlə üzləşmişdi.
* Hakan Şükür Koreya ilə matçın 11-ci saniyəsində hesabı açmaqla DÇ tarixində ən erkən qolun müəllifi oldu.
* Klaudio Kanicca mundiallarda ehtiyat oyunçular skamyasında qırmızı vərəqə görən ilk futbolçu kimi yaddaşlarda qaldı. Hücumçu qrup mərhələsinin son turunda İsveçlə matçın ilk hissəsinə artırılan dəqiqələrdə hakimi təhqir etdi.
* Bora Milutinoviç DÇ-lərdə 5 fərqli milini çalışdıran ilk məşqçi kimi tarixə düşdü. Daha əvvəl Meksika (1986), Kosta Rika (1990), ABŞ (1994) və Nigeriya (1998) komandalarında işləmiş yuqoslav mütəxəssis DÇ-2002-də Çin yığmasına başçılıq etdi. Milutinoviç həmçinin 4 fərqli millini pley-offa çıxaran yeganə çalışdırıcıdı.
* Seneqal yığması Kamerundan (1990) sonra 1/4 finala qədər irəliləyən ikinci Afrika təmsilçisi oldu.
Çempion məşqçi
Luis Felipe Skolari – mütəxəssis mundialdan əvvəl əsl tənqid atəşinə tutuldu. Səbəblər yetərincə idi: seçmə mərhələnin ortasında gəlib vəziyyəti köklü
şəkildə dəyişə bilməməsi, 3-5-2 sxeminə güvənməsi, ideal formasından uzaq qalan Rivaldo və ağır zədədən qayıdıb oyun praktikası olmayan Ronaldoya üstünlük verməsi, azarkeşlərin sevimlisi Romarionu saymaması. DÇ-2002 Skolarinin verdiyi bütün qərarların doğru olduğunu göstərdi.
DÇ-nin ulduzu
Oliver Kan – əfsanəvi qolkiper komandasının finala yüksəlməsi üçün əlindən gələni etdi. Almaniya millisi yetərincə güclü olsa da, DÇ-2002-də müdafiədə ciddi boşluqlar verirdi. Bundestimin həlledici oyuna qədər cəmi 1 top buraxmasında, pley-offun ilk 3 matçında isə qapısını toxunulmaz saxlamasında Kanın xidməti əvəzsizdi. Onun bir neçə möhtəşəm “seyvi turnirin bəzəyi oldu. Təəssüf ki, qolkiper bu mundialda daha çox finalda Braziliyanın ilk qolunda buraxdığı kobud səhvlə xatırlanır.
Buna baxmayaraq, Kan DÇ-nin “Qızıl top” mükafatının sahibi oldu. Yayılan məşhur versiyaya əsasən, qapıçı finaldan əvvəl DÇ-2002-nin ən yaxşısı seçilsə də, bu, yanlış informasiyadı. Braziliyayla oyundan öncə Oliver turnirin ən yaxşı qolkiperi seçildi. DÇ-nin “Qızıl top” mükafatının qalibini isə finaldan sonra jurnalistlər arasında keçirilən səsvermə müəyyənləşdirdi. 147 səs toplayan alman ən yaxın izləyicisi Ronaldonu 21 səs qabaqladı. Kan hələ də bu qənimətə sahib çıxan yeganə qapıçıdı.