DÇ-2030-u təşkil etmək istəyən ölkələrin sayı artıb. 
Ukrayna dünən rəsmən Portuqaliya və İspaniyanın 8 ildən sonra keçiriləcək dünya çempionatına evsahibliyi etməklə bağlı müraciətinə qoşulub.
İspaniya Futbol Federasiyasının saytında bununla bağlı yayılan məlumatda belə deyilir: 
“İspaniya Kral Futbol Federasiyası və Portuqaliya Futbol Federasiyası Ukrayna Futbol Assosiasiyasını 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına evsahibliyi etmək üçün şərikli namizədlik layihəsinə daxil edib. Təklif Avropa futbolunun transformasiyası üzrə qlobal layihədə UEFA-nın qeyd-şərtsiz dəstəyinə malikdi (istisna hallarda). Namizədlik Ukraynanın Avropa ilə əlaqələrini gücləndirir, bu layihədə iştirakına görə qürur hissini və minnətdarlığını bildirən Ukrayna xalqına ümid aşılayır. Antonio Laranjonun rəhbərlik etdiyi DÇ-2030-un Əlaqələndirmə Komissiyası artıq Ukraynanın iştirakı ilə işləyir. Komissiyaya tezliklə bu ölkənin nümayəndə heyətinin üzvləri də daxil olacaq”.
Qeyd edək ki, birgə layihə FİFA-da dəstək qazanacağı halda DÇ-2030-un final mərhələsinin qruplarından birinin oyunlarının Ukraynada keçirilməsi nəzərdə tutulur. Hazırda Rusiya ilə müharibə vəziyyətində olan bu ölkənin təşkilatçılığa namizədlər siyahısına əlavə olunması müəyyən edilmiş yol xəritəsini dəyişmir. Belə ki, 8 ildən sonrakı mundialın matçlarına İspaniyanın 11, Portuqaliyanın 3 stadionun səhnə ola bilər. Xatırladaq ki, Pireney yarımadasında yerləşən Portuqaliya və İspaniya birgə namizədliyi bu ilin iyununda irəli sürülmüşdü.
Yeri gəlmişkən, DÇ-2030-un təşkilatçılığı üçün daha iki şərikli namizədlik qeydə alınıb. Cənubi Amerikanın 4 ölkəsi – Argentina, Uruqvay, Paraqvay və Çili, həmçinin müxtəlif qitələri təmsil edən Misir, Yunanıstan və Səudiyyə Ərəbistanı da nəhəng turnirə iddia edir.