AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

29.09.2022 21:10 506
Yığma / Manşet
Yığma Millətlər Liqasındakı çıxışını başa vurdu.

Canni de Byazinin komandası C Liqasının 3-cü qrupunda 10 xalla ikinci oldu. Diqqəti çəkən məqam ev görüşlərinin “Dalğa Arena”da keçirilməsidi. Görəsən, bunun səbəbi nədi? Düzdü, millinin Mərdəkanda təlim-məşq bazası yerləşir. Lakin arenanın şəhərdən kənarda olması, ətrafına ictimai nəqliyyat vasitələrinin getməməsi problem yaradan əsas məqamlardandı. Bunu da xatırlaqdaq ki, AFFA hər 3 görüşdə “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya ekspres-avtobus təşkil etdi. Lakin bu addım da stadionun dolmasını şərtləndirmədi. Təsadüfi deyil ki, Qazaxıstanla matçı cəmi 2950 nəfər izlədi. Bu da olduqca azdı.

Görəsən, AFFA bu haqda nə düşünür? Millinin oyunları nə üçün “Dalğa”ya salınıb? Avropa çempionatının seçmə mərhələsinin görüşləri də bu məkanda keçiriləcək? Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı dinləyək:
“Gələcəkdə baş verəcək hadisələrlə bağlı dəqiq proqnoz verə bilmərəm. Bu səbəbdən də Avropa çempionatının seçmə oyunlarının keçiriləcəyi stadionla bağlı nəsə söyləyə bilməyəcəm. AFFA-nın nəzdində bir neçə arena var. Bundan başqa, icarə əsasında istifadə etdiyimiz stadionlar var. Bildiyiniz kimi, yığmamın oyunları, adətən, fərqli arenalarda təşkil olunur. Stadion seçilərkən Millətlər Liqasının statusu və burda çıxış edən komandaların reytinqi də nəzərə alınır. Daha əvvəlki görüşlər Bakı Olimpiya Stadionda keçirilmişdi. Bu səbəbdən də qərar verdik ki, hər üç oyun “Dalğa Arena”da təşkil olunsun. Bu da ilk təcrübə deyil. Daha əvvəl də yığma rəqiblərini məhz orda qəbul edib. Yəni bu stadionun seçilməsinin xüsusi səbəbi yoxdu. Qarşıdakı oyunların başqa arenalarda keçirilmək perspektivi də var”.


İLKİN SULTANLI