Dünən Türkiyə çempionatının 7-ci turu çərçivəsində keçirilən ''Antalyaspor'' ''Adana Dəmirspor'' oyununda yaşıl meydanlarda nadir hallarda görünən bir olay yaşandı.
Qonaqların 3-0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 59-cu dəqiqəsində ''Antalyaspor''da Şoya Nakajima meydana çıxdı. Yeni transferlərdən olan və superliqada 2-ci oyununa çıxan yaponiyalı yarımmüdafiəçi meydana ayaq basarkən tribunada oturan anası onu videoya çəkməyə başladı. Amma heç 30 saniyə ötməmiş Nakajima rəqibə qarşı sərt oynayaraq sarı vərəqə aldı. Hakim Əli Palabıyık VAR-ın məsləhəti ilə epizodun təkrarını izlədikdən sonra sarı vərəqəni ləğv edərək cibindən birbaşa qırmızı vərəqə çıxardı. Bununla da yaponiyalı meydana çıxdıqdan cəmi 1 dəqiqə sonra qovuldu! Tribunada şok yaşayan anası isə göz yaşlarını saxlaya bilmədi.