Ağdam təmsilçisinin heyətində itkilər olsa da, komanda müsbət nəticəyə köklənib. Bəs klubun fəal azarkeş qrupu "İmarət Tayfa" dəstək yönündə hansı addımları atacaq? "Football-plus.az" saytı olara bu sualı aydınlaşdırmaq üçün fanklubun fəal üzvü Elnur Quliyevlə əlaqə saxladıq:
"İmarət Tayfa" olaraq neçə gündü şəhidlərimizin dəfnində iştirak edirdik. Axşamkı oyuna da köklənmişik. Plakat qaldırıb-qaldırmayacağımız bəlli deyil. Amma 1 dəqiqəlik sükut olacaq, şüarlar səsləndirəcəyik. UEFA-nın bizə qarşı tətbiq etdiyi ikili standartlara rəğmən, şəhidlərimizin yad olunması üçün stadionda əlimizdən gələni edəcəyik. Həqiqətən də UEFA-nın olduqca qərəzli mövqeyini anlamaq olmur. Müharibədən öncə ermənilərin terror aktı nəticəsində balaca Zəhra öldürüləndə, onun plakatını qaldırmağa qoymadılar. Allahverdi Bağırovun və 44 günlük müharibədə qəhramancasına həlak olan şəhidlərimizin şəkillərinin nümayişinə də icazə verilmədiyi halda, Avropada baş verən və futbola yaxından-uzaqda aidiyyatı olmayan bir hərəkatı reklam, hansısa siyasi xadim öləndə onu yad etməyə “yaşıl işıq” yandırırlar. Sağ olsunlar, "Qarabağ" rəhbərliyi yanımızdadı. Onlar şəhidlərimizlə bağlı tədbirlərə görə cərimələnməyə də razıdılar, təki stadionda sükutu həyata keçirək, şüarlarımızı səsləndirək, plakatımızı qaldıraq. Sizi əmin edirəm ki, əvvəlki avrokubok oyunlarımızda hətta polis əməkdaşları vardı ki, intizam cəzası almalarına razı oldular və plakat qaldırmağımıza, şüarlarımızı səsləndirməyə şərait yatatdılar. Bu gün hamını stadionda toplaşmağa və maksimum dərəcədə şəhidlərimizi yad etməyə çağırıram".
ABDULLA İSMAYILOĞLU



