"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Frayburq"la qarşılaşıb.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov Almaniyada 1:2 hesabı ilə uduzduqları görüşdən sonra Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlama verib:
"Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar. Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq.
"Nant"ın matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdı. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdı".
Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sentyabrın 15-də keçiriləcək.