"Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq" - Aleksey Baqa

26.08.2022 21:05 435
Premyer-liqa
Misli premyer-liqasında 4-cü tura start verilib.

Turun ilk oyununda "Sumqayıt" "Turan Tovuz"la bərabərə qalıb - 0:0. Matçdan sonra meydan sahiblərinin çalışdırıcı Aleksey Baqanın mətbuat konfransı keçirilib. Mütəxəssis fikirlərini bildirib:

"Qol imkanlarından yararlana bilmədik. Çox danışmaq istəmirəm. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Ələ düşən fürsətləri dəyərləndirməli idik".


O, jurnalistlərin suallarını da cavablandırıb:

- Start heyətiniz təəccüblü görsəndi...
- Ötən oyunla müqayisədə 2 dəyişiklik var idi. Aqressiv oynadıq.

- "Turan Tovuz"un heyətində 2 legioner var idi. Sizdə isə bu say 8-9 idi. Rəqib komanda cəmi 3-4 aydı bir yerdədi. Siz deyirsiz ki, rəqib yaxşı təşkilatlanmış komandadı...
- Bizim də çox vaxtımız olmayıb. Gedənlər oldu, yenilər gəldi. Baxmaq lazımdı ki, yenilər neçə vaxtdı komandadı?

- Onlardan fərqli olaraq, sizdə kimin nə vaxt gəlməsinə, komandanın nə vaxt yığışmasına qərarı siz verirdiz axı...
- "Qarabağ"la oyunda yaxşı görünürdük? Hə. Bütün futbolçular üçün çətindi. Xal itirməyimizə don geyindirmək istəmirəm. Bəzi oyunçuları ötən turdan əvvəl görmüşəm. Bir məqam da var ki, ilk 3 turda güclü rəqiblər ilə oynadıq. Yeni gələnlərimiz var. Onlar üçün bu ölkə, çempionat yenidi. Uyğunlaşamaları üçün vaxt lazımdı.

- Qol vurmaq üçün nə qədər vaxta ehtiyacınız var?
- Bu suala cavabım yoxdu.

- Komandanın gec yığışmasının günahkarı kimdi? Rəhbərlik, məşqçi, yoxsa jurnalistlər?
- Jurnalistlərin heç bir günahı yoxdu. Bu, sizin işinizdi. Sizin mənə suallar verməyiniz xoşdu. Günahkar haqda heç nə deyə bilmərəm. Necə oldusa, belə alındı.

- 4 tura qol vura bilməmisiz. Bunun müxtəlif səbəblərini sadalayırsız. Baş məşqçi kimi bunda sizin günahınız nə qədərdi?
- Maraqlı sualdı. Tam olaraq günah məndədi.