“Barselona” Martin Breytveyti satmaqda qərarlıdı.
Artıq futbolçu üçün klub tapılıb. “Mundo Deportivo” qəzetinin xəbərinə görə, 31 yaşlı hücumçunu “Malyorka” almağa hazırdı. Martin “Barselona”da 2020-ci ilin fevralından oynayır. O, ötən müddətdə komandada ümumilikdə 57 matç keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Danimarkalı forvardın müqaviləsinin müddəti 2024-cü ilə qədərdi. Lakin o, komandanı bu yay tərk etmək istəmir.
Belə məqamda Danimarka Futbolçular Assosiasiyasının direktoru Mihael Sahl Hansen Martinə dəstək verib:
“Breytveytin klubunda düşdüyü vəziyyət tamamilə əsassızdı. Mövcud vəziyyət adamı ələ salmaqla təngə gətirmə kimidi. Klubun onunla müqaviləni pozmağa çalışma metodu biabırçılıqdı. Martin bir müddət əvvəl böyük gərginlik içində olarkən onların dadına çatmışdı. İndi üzləşdiyi vəziyyət inanılmazdı. Alicənablıq hardadı? Müqavilə müqavilədi. “Barselona” ilə Martin üzərinə müəyyən öhdəliklər götürüb. Futbolçu üzərinə düşən öhdəliyi yerinə yetirmək istəyir. Dünyanın ən böyük futbol klublarından biri isə oyunçularına böyük hörmətlə yanaşmalıdı”.