Misli premyer-liqasının 3-cü turunun mərkəzi oyununda "Sabah"la "Neftçi" üz-üzə gələcək.
Football-plus.az xəbər verir ki, hər iki komanda mövsümə iddialı və qələbələrlə başlayıb. Hazırda həm "bayquşlar"ın, həm də "ağ-qaralar"ın xalı bərabərdi, sadəcə, top fərqinə görə Masazır təmsilçisi liderdi. Görəsən, matçın favoriti kimdi? Görüşdə hansı komanda qələbə qazanacaq. Suallarımızı Vaqif Cavadova ünvanladıq. Təcrübəli mütəxəssis azarkeşləri maraqlı oyunun gözlədiyini bildirdi:
"Hər iki komanda mövsümə iddialı başlayıb. "Neftçi" avrokuboklara hazırlığa görə təlim-məşq prossesinə daha tez start verdi. Konfrans Liqasında da 4 oyun keçirdi. "Qarabağ"ı nəzərə almasaq, digər klublarla müqayisədə oyun təcrübəsini artırdı. Ölkə çempionatında da artıq 2 qələbə qazanıb. Hələ ötən mövsüm mükafatçılar sırasına düşə bilmədiyindən, “Sabah”ın bu dəfə qarşısına böyük hədəflər qoyacağı bəlli idi. Yeni transferlər edib, yaxşı da təlim-məşq toplanışı keçiblər. Eynilə "Neftçi" kimi çempionatda ardıcıl 2 qələbə qazanıblar. Hər iki komandanın heyətində yetərincə yaxşı futbolçu var. Oyunun maraqlı və gərgin keçəcəyi şübhə doğurmur. Amma kimin daha güclü olduğunu bilmək üçün ən azı 1-ci dövrənin bitməsini gözləmək lazımdı".