"Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
Təmsilçimiz Macarıstanda "Ferensvaroş"dan güclü olub - 3:1. Oyundan sonra rəqibin baş məşqçisi Stanislav Çerçesov media nümayəndələri qarşısına çıxıb. O, fikirlərini bölüşüb:
“Bu gün hazırlıqsız olduq. Qələbə qazanmağa köklənmişdik və bunu bacaracağımızı düşünürdük. Amma "Qarabağ"a praktikada uduzduq".
- Müdafiədə zəif çıxış nədən qaynaqlanır?
- Belə düşünmək doğru olmaz. Hansısa mövqeyi fərqləndirmirik. Bütün komanda olaraq bu oyunda uduzduq. Çox top itkilərinə yol verdik, buraxdığımız boşluqlar bizi məğlubiyyətə sürüklədi.
- Azərbaycandakı 1:1 hesabına görə bəlkə komandada özündənrazılıq yaranmışdı?
- Özündənrazılıq belə oyunlarda əslində pis şey deyil. Baş məşqçi kimi bu məsuliyyəti dərk edirəm. Kollektivlə söhbətimiz oldu. Harada səhvlərə yol verdiyimizi daha sonra təhlil edəcəyik.
- Artıq mübarizəni Avropa Liqasında davam etdirəcəksiniz. Çempionlar Liqasından kənarda qalmağınıza nə səbəb oldu?
- Hər kəs Çempionlar Liqasını arzulayır və qələbə qazanmaq istəyir. Amma bugünkü rəqibimiz çox güclü idi. "Qarabağ"ın, xüsusən də, hücumçuları güclü idi. Əgər bizim futbolçular motivasiya baxımından geri qalırdısa, deməli, rəqib daha güclüdü. Düzdü, bizi məğlubiyyətə görə günahlandırırsınız. Bu sizin işinizdi. Bizim işimiz isə səhvlərimizi analiz etmək və bunları düzəltməkdi.
- Müdafiəçiləriniz sanki rəqibdən çox qorxurdular...
- Əgər kimdəsə qorxu varsa, bu, futbol deyil. Bir daha təkrar edirəm, biz bu gün bir komanda olaraq məğlub olduq.
- Səhvlərə baxacağınızı dediniz. İndiki məqamda özünüzün hansı səhviniz yadınıza düşür?
- Bu gün güclü komandaya uduzduq. "Qarabağ" qələbəyə layiq idi.