Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığma hazırlıq çərçivəsində Özbəkistandan olan həmyaşıdları ilə iki yoxlama görüşündə qüvvəsini sınayıb.
İyulun 26-da keçirilən oyun məhsuldar alınsa da, qalib müəyyənləşməyib – 2:2. Yığmanın heyətində Murad Məmmədovla Niyazi Osmanov fərqlənib. Komandalar arasında ikinci görüş isə iyulun 29-na təsadüf edib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Elxan Abdullayevin çalışdırdığı U-17-nin iki oyunda Orta Asiyadan olan yığmanı məğlub edə bilməməsi, ikinci qarşılaşmada, ümumiyyətlə, böyük hesabla yenilməsi futbolumuzun gələcəyi üçün SOS siqnalıdı. Deyəsən, futbolumuzun gələcək ulduzları özündən əvvəlki nəslə rəhmət oxutduracaqlar.
Qəbələdə baş tutan toplanış və Özbəkistanla qarşılaşmalar barədə yığmanın baş məşqçisiylə danışmağı lazım bildik. Bu məqsədlə Abdullayevlə əlaqə saxladıq:
“Ümumilikdə təlim-məşq toplanışından razı qaldığımı deyə bilərəm. Hazırlıq prosesində Özbəkistan millisi ilə yoxlama matçı keçirdik ki, bu, martda götürdüyüm komandanın ilk beynəlxalq oyunları idi. İlk görüş heç-heçə başa çatdı, ikinci matçda məğlub olduq. Bilirsiz ki, oktyabrda keçiriləcək seçmə mərhələyə hazırlaşırıq. Avqustun sonunda U-17-nin növbəti toplanışı olacaq. Komanda Bakıda bir araya gəlib sentyabrın əvvəlində Bolqarıstana yollanacaq. Orda yerli yığma ilə daha iki yoxlama görüşü keçirməyi planlaşdırmışıq. Əsas məqsədimiz Avropa çempionatının payızda keçiriləcək seçmə mərhələ oyunlarına yaxşı hazırlaşmaqdı”.
Elxan bəy bizimlə söhbətdə rəhbərlik etdiyi yığmanın ümumi durumunu dəyərləndirməklə yanaşı, Özbəkistana yenilginin səbəbini də açıqladı:
“Bu toplanışda futbolçuların hazırlıqsız olacağını göz önünə almışdıq. Bildiyiniz kimi, bu yaş qrupunun çıxış etdiyi liqa mayda başa çatıb. Uşaqlar fərdi qaydada məşq etsələr də, kollektiv hazırlıq tam başqadı. Bu üzdən komandanın fiziki durumu istənilən səviyyədə deyildi. Özbəkistanda isə əksinə, çempionat davam edir. Hazırda onların birinciliyində dövrələrarası fasilə olduğundan yığma bundan istifadə etməyə çalışıb və Qəbələyə təlim-məşq toplanışına gəlib. Onu da bildirim ki, Özbəkistan yığması güclü komandadı. Özümüz bilərəkdən belə rəqib seçmişdik ki, çatışmazlıqları görə bilək. Özbəkistanda U-17-nin üzvləri üç ildi bir yerdədi. Bizim yığma isə yeni formalaşır”.
Heyətdən söz düşmüşkən, onu da bildirək ki, futbol ictimaiyyəti arasında U-17-də seleksiya işinin düz aparılmaması ilə bağlı söz-söhbət dolaşır. Narazıların fikrincə, sözügedən yaş qrupunda ötən mövsüm çempion olan “Sabah”dan yığmaya cəmi bir futbolçu dəvət aldığı halda, “futbol ili”ni 6-cı pillədə başa vuran ROFM-dan 4 futbolçu cəlb olunub. Elxan bəy bu iradla razılaşmadı:
“Bu yaş qrupunda sözügedən mövzuda həmişə narazılıq olub. Hər kəsin fikrinə hörmətlə yanaşıram, ancaq biz yığmaya layiq olanları dəvət edirik. Bu yaşda ölkə üzrə təxminən 300 futbolçu var. İndi nə edək, narazılıq olmasın deyə, onların hamısını milliyə dəvət edək? “Sabah” son çempion ola bilər, ancaq başqa komandalarda da yığmaya layiq oyunçular var. Düşünmürəm ki, U-17-yə seleksiya düzgün olmayıb”.
RƏŞAD