İspaniyada çıxan “Marka” qəzetinin məlumatına görə, ulduz futbolçu Argentinada yayınlanan “Los Protectores” (“Müdafiəçilər”) serialının çəkilişlərində iştirak edib. PSJ-nin iyunun 24-də 35 yaşı tamam olacaq hücumçusu serialın ikinci mövsümündə epizodik rolu canlandırıb. Messinin göründüyü səhnə 2023-cü ildə efirə çıxacaq.
Messi Fransada debüt mövsümündə ölkə çempionu olsa da, çoxsaylı tənqidlərə də məruz qaldı. O, yeni ölkə, liqa və komandaya uyğunlaşmasına səhhətində yaranan problemin mənfi təsirini qabardıb.
PSJ-nin ulduz futbolçusu koronavirusa yoluxduğu vaxtları xatırlayıb. 34 yaşlı hücumçu “TyC Sport”a bu barədə belə danışıb:
“Koronavirus həqiqətən də, mənə çox pis təsir etdi. Simptomlar, məncə, əksər adamlardakı kimi idi. Yüksək hərarət, öskürək, boğaz ağrısı... Koronavirus məndə ciddi fəsadlar yaratdı, ciyərlərim zədələndi. Ağciyərim zədələndiyinə görə ayyarım qaça, məşq edə bilmədim. Qorxmadım, amma bununla bağlı o qədər hekayələr var idi ki, heç nəyə başlamaq belə istəmirdim. Mən lazım olduğundan daha tez qayıtdım və vəziyyəti daha da pisləşdirdim”.
Qeyd edək ki, forvard son mövsümündə PSJ ilə 34 oyunda iştirak edib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü il iyunun 30-na qədərdi. Ulduz futbolçu komanda Çempionlar Liqasında mübarizəni erkən dayandırdığı üçün azarkeşlərin onu fitə basmasını da xatırladıb. PSJ 1/8 finalda “Real”a iki oyunun (1:0, 1:3) nəticəsinə əsasən uduzaraq turnirdə mübarizəni dayandırmışdı. Messi ilə Neymar Fransa çempionatının 28-ci turunun “Bordo” ilə oyununda azarkeşlər tərəfindən fitə basılmışdı. Argentinalı hücumçu “TyC Sports”a açıqlqamasında fanatların bu hərəkətinə belə münasibət bildirib:
“Bu, mənim üçün yeni və fərqli bir vəziyyətdi. Belə hal Barselonada heç vaxt başıma gəlməyib. Parisdə azarkeşlərin futbolçulara, komandaya olan qəzəbi aydın görünür. Çempionlar Liqasını tərk etdik və azarkeşlərin qəzəbi başa düşüləndi. Mən və Neymar mövsüm ərzində komanda üçün daha çox qələbə qazandıq. Amma yenə də bu baş verdi...”

