Argentina yığması yoldaşlıq görüşündə Estoniyanın qapısından 5 cavabsız top keçirib.
Əvvəlcə “albiselesta”nın məğlubiyyətsiz oyunlar seriyasının 33-ə (22 qələbə, 11 heç-heçə) çatdığını qeyd edək. İspaniyanın Pamplona şəhərində baş tutan matçı Messinin şousu da adlandırmaq olar: 5 qolun hamısını o vurub. PSJ-nin hücumçusu milli formada ilk dəfə penta-trik edib. Lionel klub karyerasında “Barselona”nın formasında Çempionlar Liqasının 1/8 finalının “Bayer-04”lə 2012-ci ildə keçirilən oyununda (7:1) da qapıya 5 dəfə yol tapmışdı. O, Argentina yığmasında penta-trik edən 3-cü futbolçudu. Maraqlıdı ki, 1941-ci ildə Xuan Marvessi, 1942-ci ildə isə Xuan Moreno eyni rəqibə - Ekvadora qarşı oyunda fərqlənmişdilər.
34 yaşlı Messi artıq ağ-mavi formada 162 oyuna 86 qol vurub. O, son göstəriciyə əsasən macarıstanlı Ferents Puşkaşı (84) arxada qoyaraq dünya futbolunun ən yaxşı bombardirlərinin siyahısında 4-cü yerə yüksəlib. Lionel indi Kriştiano Ronaldo (Portuqaliya, 117), Əli Daei (İran, 109) və Moxtar Daharidən (Malayziya, 89) geri qalır.