Mayın 29-da İngiltərə futbolunda tarixi sayıla biləcək hadisə baş verdi.
“Fulhem”lə “Bornmut”un ardından pley-offun final oyununda “Haddersfild”i minimal hesabla məğlub edən “Nottingem Forest” də premyer-liqada oynamaq haqqı qazandı. Klub 23 ildən sonra elitaya döndü. Sadəcə, düşünün: premyer-liqanın yaradıcı yeni çempionatın mövcud olduğu dönəmin böyük hissəsində burda oynamayıb. “Nottingem”in başı bu müddətdə çox bəlalar çəkib, komanda hətta 3-cü diviziona da düşüb.
Baş məşqçilərin və sahiblərin dəyişməsi işə yaramayıb
Əvvəlcə kiçik xatırlatma: “Nottingem Forest” İngiltərənin ən titullu klublarından biridi, 1978-ci ildə çempion olub, iki dəfə (1979, 1980) Çempionlar Kubokun qazanıb. Ötən əsrin 80-90-cı illərində dəfələrlə milli kubokların finalında oynayıb. Ancaq sonra...
1993-сü ilin mayında əfsanəvi baş məşqçi Brayan Klaf (18 il “sükan arxasında” oldu) ilə vidalaşan komanda 1998/99 mövsümündə, ümumiyyətlə, elitadan getdi. Bundan sonra “Forest” müntəzəm baş məşqçiləri dəyişdi və hər dəfə də məyus oldu. 2006-da vəziyyət bir qədər də pisləşdi: komanda səviyyəcə 3-cü dəstə sayılan 1-ci diviziona düşdü. Halbuki 2005-in qışında Qari Meqson “sükan arxasına” keçəndə hər kəs nikbin idi. Axı o, “Vest Bromviç”i iki dəfə premyer-liqaya çıxarmışdı. Ancaq “Nottingem”i batırdı və komanda növbəti yay aşağı yuvarlandı. Azarkeşlərin xoş qarşılamadığı bu “sürgün” dönəmi iki il davam etdi. Komanda 2008-də çempionşipə qayıtdı, ardıcıl iki il premyer-liqaya vəsiqə uğrunda pley-off oyunlarına da çıxdı. 2010-da “Blekpul”, 2011-də “Suonsi” “qara tikan” rolunu oynadı. Belə görünürdü ki, “Nottingem”də işlər qaydasına düşür, tezliklə komanda elitaya dönəcək. Ancaq 2012-nin qışında klubun sahibi Naycel Dauti gözlənilmədən dünyasını dəyişdi – məhz o, 1999-da “Forest”i müflislikdən xilas etmişdi.
Dautidən sonra klub qətərli biznesmenin – Favaz Əl-Xasavinin ailəsinin nəzarətinə keçdi. Onun dövründə vəziyyət get-gedə pisləşdi. Hər mövsüm aşağı pillələrdə yer alan komanda 2017-də az qala növbəti dəfə 3-cü divizona düşəcəkdi. “Blekbern”i yalnız əlavə göstəricilərdə üstələdilər. Maliyyə problemləri və getdikcə pisləşən nəticələr fonunda Əl-Xasavi ailəsi “Forest”i satdı – 2017-də klub yunan oliqarx Yevangelos Marinakisin (“Olimpiakos”un da sahibidi – red.) rəhbərliyi altına keçdi. Budəfəki rəhbər dəyişikliyi də işə yaramadı. Komanda son mövsümə qədər bir dəfə də pley-offa qala bilmədi, 2020/21 mövsümünü 17-ci yerdə bitirdi. Ancaq azarkeşlər yenə də xoş günlərin həsrəti ilə yaşayırdılar.
Bu mövsümün əvvəli də boşa verildi
Beləliklə, “Nottingem”i elitada görmək istəyənlərin üzü mayın 29-da güldü. Komandanın son mövsümə biabırçı şəkildə başladığını nəzərə alsaq, bu zəfər çox dəyərlidi. Məsələn, “meşəçilər” sentyabrda ilk 7 oyundan sonra 6 məğlubiyyət və 5:12 top fərqi ilə çempionşipdə sonuncu pillədə qərarlaşmışdılar. Belə startın ardından Kris Hyutonun (“Nyukasl” və “Brayton”u elitaya çıxarmağı bacarmışdı) qovulması məntiqli idi. Onun əvəzinə Stiv Kuper gətirildi. Kuper indiyə qədər “Suonsi”ni çalışdırmış, “Liverpul”un akademiyasında işləmiş və 2017-də dünya çempionluğunu qazanan İngiltərə gənclər yığmasının “sükanı arxasında” olmuşdu. Ancaq yeni komandada istedadı daha parlaq şəkildə üzə çıxdı. Məhz Kuper “Nottingem”i böhrandan çıxardı. Çempionşipdə onun gəlişindən sonra qazanılan xallar hesablansaydı, komanda 1-ci yeri tutar və elitaya birbaşa adlayardı. Bu dönəmdə yeganə ciddi uğursuzluq sonuncudan əvvəlki turda “Bornmut”dan alınan məğlubiyyət oldu. Məhz həmin məğlubiyyət üzündən komanda sonda yalnız 4-cü yerdə qərarlaşdı.
Pley-offda yaşanan dramlar (“Şeffild Yunayted”lə penalti seriyası, “Haddersfild”lə oyunda rəqibin avtoqola üzülməsi) azarkeşlərin sevincini bir qədər də artırdı. Heç şübhəsiz, bu uğurun əsas memarı Stiv Kuperdi. Premyer-liqaya xoş gəldin, “Nottingem Forest”!
ÇEMPİONŞİP
Müdafiəçi Levi Koluill 43-cü dəqiqədə topu öz qapısına göndərdi və “Haddersfild” sona qədər hesabı bərabərləşdirə bilmədi. 1865-ci ildə yaranan, sonuncu dəfə elitada 1998/99 mövsümündə görünən “Nottingem Forest” “Fulhem”lə “Bornmut”a qoşuldu.
elitaya vəsiqə uğrunda pley-off
final
Haddersfild – Nottingem Forest 0:1
ƏLİ hazırladı