Əvvəlcə şənbə günü başqan Ahmet Nur Çəbinin son bir ildəki dönəmi maddi və idarəetmə baxımından səsə qoyuldu. Bu səsvermədə sürpriz yaşanmadı. Çəbinin hər iki cəhətdən fəaliyyəti səs çoxluğuyla qənaətbəxş sayıldı.
Bazar günü isə seçki baş tutdu. Budəfəki seçkidə Çəbidən başqa digər namizəd Fuad Çimən idi. 3 universitet bitirmiş və 7 dil bilən iş adamı 56 yaşlı Çimən istəyinə çata bilmədi. Seçkidə ümumilikdə klubun 4523 üzvü iştirak etdi. Ahmet Nur Çəbi 2777 səslə qalib gəldi. Çimən 1190 səs topladısa, 397 nəfərin sandiğa boş zərf atması, yəni namizədlərdən heç birinə səs verməməsi diqqəti çəkdi. 59 səs isə keçərsiz sayıldı. Beləliklə, 2019-un oktyabrındakı seçkidə qalib gəlməklə ''Beşiktaş'' tarixinin 34-cü başqanı olan 62 yaşlı Çəbi qarşıdakı 2-ci dönəm üçün, yəni növbəti 3 ildə də bu vəzifəni icra edəcək. Xatırladaq ki, komanda bu başqanın dönəmində bir çempionluq olmaqla hələlik 3 titul qazanıb. ''Ağ-qaralar''ın idarə heyəti isə 8 nəfərdən - Engin Baltacı, Əmrə Kocadağ, Mehtap Mutluşan Ferah, Cəlal Aral, Sərhan Çətinsaya, Murat Kılıç, Umut Tahir Günəş və Əli Bayrakdan ibarət olacaq. Çəbi seçkinin ardından bunları dedi:
''Yorucu, amma gözəl bir gün oldu. Düzdü, əvvəlki illərlə müqayisədə seçkidə iştirak edənlərin sayı az oldu. Amma yenə də bura gəlib səsvermədə iştirak edən bütün üzvlərimizə təşəkkür edirəm. İdarə heyətinin tərkibində müəyyən dəyişikliklər edilib. Ordan çıxarılan isimləri unutmayacam. Onlar həmişə mənim ilk yol yoldaşlarım kimi qalacaqlar. Onların qiymətini mən də, camiə də çox gözəl bilir. Seçkinin nəticəsi həm qalib gələn, həm də məğlub olan tərəf üçün bəzi şeylər üzərində düşünməyə əsas verir. Təbii ki, mən də üzərimə düşəni edib bəzi nəticələr çıxaracam. Seçkidə yalnız iki namizədin olması yaxşı hal deyil. Bu camiənin potensialı daha çox namizəd ortaya çıxarmağa imkan verir. 17-18 min insanın səsvermə hüququ olduğu halda, seçkidə cəmi 4-5 min insanın iştirak etməsi düşündürücüdü. Başqaları hardadı? Artıq birlik və bərabərliyə ehtiyacımız var. Bundan sonra qartalın yüksəkdən uça bilməsi üçün birləşməli və bir-birimizə dəstək verməliyik''.


