Ramin Quliyevin ölkə futbolu ilə maraqlanmaq üçün vaxtı yoxdu, görəsən vicdan əzabı çəkir?

22.05.2022 16:14 1 002
Ölkə futbolu / Manşet
Ayxan Abbasova tapşırılan “Turan Tovuz”un baş məşqçi postuna namizədlər sırasında Ramin Quliyev də var idi.

Son olaraq premyer-liqada “Sabah”ı çalışdıran mütəxəssis hazırda işsizdi. Bir neçə gündü ki, onunla bu və başqa aktual məsələlərlə bağlı danışmaq istəyirdim. Zənglərimizə cavab verməyən gənc mütəxəssis, nəhayət, dünən dəstəyi qaldırdı.

Ramin bəy “vaxtım yoxdu, nə sualınız varsa, tez verin, cavablayım” deməklə məni qabaqladı. Yenə də sualları “tez” verməyə çalışdım. Əslində verdim də. Amma cavab ala bilmədim. Daha doğrusu, aldığım cavablar yolavermə üslubunda olduğuna görə buna açıqlama deməyə adamın dili gəlmir. Quliyevin hansısa klubdan təklifin gəlib-gəlmədiyi haqda sualına cavabı belə oldu:

“Hələ elə bir şey yoxdu. Olsa, yəqin ki, mətbuatda çıxar”.


Suala cavab verməmək, jurnalistə vaxt ayırmamaq məsələsində Ramin bəyi bəlkə də başa düşmək olar. Ola bilər ki, həqiqətən də vaxtı olmasın. Amma ölkə futbolunun bürünc mükafatçısı, ölkə kubokunun finalı ilə bağlı sualların ona maraqlı olmamasına həqiqətən üzüldüm. Quliyev premyer-liqa klubunu çalışdırmış mütəxəssisidi. Və belə vacib məsələlərin ona maraqlı olmaması məndə şübhələr yaratdı. Görəsən, Ramin bəy premyer-liqa oyunlarını izləyirmi? İzləyirsə, deməli, maraqlıdı. Maraqlıdısa, fikrini jurnalistlə niyə bölüşməsin? Görünən budu ki, adam susmağı üstün tutur. “Sabah”ı pis günə qoyandan sonra klubdan ayrılan mütəxəssis yəqin bir də yeni təyinat zamanı susqunluğu pozar. Amma görəsən, “Sumqayıt”la oyundan sonra paltardəyişmə otağında göz yaşı tökən “Sabah”ın bəxtsiz futbolçularına görə zərrəcə vicdan əzabı çəkirmi? “Sabah”ın məhz onun bacarıqsızlığı üzündən avrokuboklardan kənarda qalmasına görə mənəvi məsuliyyət hiss edirmi?

ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul