“Ay Məşədi, sənin 5 min manatın cəhənnəm, mənim bir abbasım hara getdi?” (“O olmasın, bu olsun” filmindən)
Gəncəli və tovuzlu futbolsevərlər sevinc içindədi. Onları sevindirən AFFA-nın Lisenziya Komissiyasının iclasında “Kəpəz”lə “Turan Tovuz”un önündə premyer-liqada iştirak üçün “yaşıl işıq” yandırılmasıdı. Bəlli məsələdi ki, AFFA illərdi davam edən çağırışların, tələblərin qarşısında geri çəkilməkdədi. Bunun üçün bir qədər artıq xərcə düşməyə, qərb bölgəsinin təmsilçilərinə ayrılan büdcənin artırılması üçün özlərinə əziyyət verməyə məcburdular. Artıq zəmanə dəyişib. Elxan Məmmədov hələ fevralın əvvəlində AFFA-nın Hesabat Konfransındakı çıxışı zamanı premyer-liqanın iştirakçılarının sayının 10-a çatdırılacağını demişdi. Bununla da cənab Məmmədov özünü reklam edib, azarkeşləri müjdələməyə tələsmişdi. Amma hələ ki bununla bağlı AFFA İcraiyyə Komitəsinin rəsmi qərarı yoxdu. Düzdü, lisenziya verilibsə, qərar da veriləcək. Burası da aydın məsələdi. Lap elə bu qərar olsa belə, sevinmək üçün bir qədər tezdi.
Biz AFFA-nın nəzarətində olan, ordan gələn pullara göz dikən klubların hansı vəziyyətdə olduğunu görə-görə gəlirik. Çox təəssüf ki, tarixi, adı-sanı olan “Kəpəz”lə “Turan Tovuz”u da “Sumqayıt”ın, “Səbail”in gününə salacaqlar. Düzdü, qərb təmsilçilərinin azarkeşləri var, onları autsayder taleyi ilə barışdırmaq heç də asan olmayacaq. Amma Azərbaycan futbolunun yazılmamış qanunları belədi. Pulu AFFA ayırırsa, musiqini də onlar sifariş edəcək. Növbəti mövsüm UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya ala bilməyən klublar hansılardı? Bəli, “Səbail”lə “Sumqayıt”. Bu faktın özü də onu düşünməyə əsas verir ki, AFFA daha az xərclə daha çox klubu “yola vermək” fikrindədi. Əsas saydı. Say çox olsun, premyer-liqa iştirakçılarının sırası genişlənsin. Bu komandalar hansı səviyyədə olacaq, nə uğrunda yarışacaq? Burası AFFA-nın vecinə də deyil. Riad Rəfiyev Belarusdan məşqçi gətirib. Aleksey Baqa məğlubiyyətləri sıralayır, “Sumqayıt” 3 xala həsrətdi. İndi belə çıxır ki, “gənclik şəhəri” təmsilçisi növbəti mövsüm də başını girələməklə məşğul olacaq. Onda ortaya bir sual çıxır: Baqaya nə ehtiyac var? “Sumqayıt” avrokuboklara vəsiqə uğrunda mübarizə aparmayacaqsa, əcnəbi məşqçiyə nə üçün pul verirlər? Kim bilir, bəlkə də adamların planı dəyişib. Lukaşenkonun həmyerlisini yayda yola salacaqlar. “Sumqayıt” da dönüb olacaq “Səbail”in bir tayı. Necə ki, indi bu iki komanda tunrir cədvəlinin “zirzəmi”sində bir-birinə qonşudu.
AFFA-nın futbola yanaşması, onu idarə etməsi belədi, dostlar. Dağdan ağır futbol veteranları, adlı-sanlı kişilər bu “fəlsəfə” qarşısında təslim olub, aldıqları 5-10 manata görə susublar. Ötən yazılarımın birində Kazbek Tuayevin “fitri istedad”ından yazmışdım. Açığı, AFFA İcraiyyə Komitəsinin digər üzvü İsgəndər Cavadov da ondan geri qalmır. Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti deyir ki, hansısa iş adamı AFFA-ya müraciət etmək üçün 500 min manatlıq bank təminatı göstərməlidi ki, camaat onun pulunun olub-olmadığını bilsin. Bərəkallah, cənab Cavadov. İş adamları sizə 500 min manatlıq bank təminatı verməlidi. Bəs siz onlara nəyin təminatını verirsiz? Bu sualın cavabını gözləmirəm, bilirəm ki, cavab verə bilməzlər. Camaatdan 500 min manat gözləyirsiz, özünüz Azərbaycan futbolu üçün 5 min manatınızdan keçməyə hazırsız? Cavadovun rəhbərlik etdiyi federasiyaya, adını verdiyi futbol akademiyasına hər il AFFA-dan bir ətək pul ayrılır. Hara gedir bu pullar? Futbolumuzun inkişafı, bataqlıqdan qurtulmaq, uçuruma düşməkdən xilas olmaq üçün İsgəndər Cavadov şəxsən özü və onun rəhbərlik etdiyi federasiya ilə futbol akademiyası nə edib? Boş qəndqabıda olan qəndlərin sayı qədər. Yəni heç nə qədər. Qoy İsgəndər Cavadov özü “Kəpəz”in, yaxud da hansısa uşaq komandasının hesabına 5 min manat köçürsün, qəbzini iş adamlarına göstərsin. Ondan sonra da biz camaat onun Azərbaycan futbolu üçün üçün fədakarlıq etməyə hazır olduğuna, bu işdə səmimi davrandığına inanarıq. Hazırsızmı, cənab Cavadov? Yoxsa Zahidin bir barmağın kəsəndə, o da dönüb haqqdan qaçar?!
AMAL