“Leykers” “Oklahoma-Siti” üzərində qələbə ilə 8 oyunluq məğlubiyyət seriyasına son qoydu.
Düzdü, indi artıq bu qələbənin heç bir əhəmiyyəti yoxdu. Los-anceleslilər onsuz da pley-off şansını itirib. Ulduzlarla zəngin heyətin uğursuzşuğa düçar olmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar var. “Los Angeles Times” anonim qaynağa istinadla baş məşqçi Frenk Vogel ilə oyun qurucusu Rassell Uestbruk arasındakı münaqişənin təfərrüatı haqda xəbər verib. 33 yaşlı basketbolçu komandadakı səlahiyyətlərinin artırılmasını istəyirmiş. Xəbərdə deyilir: “Rassell ilk gündən Frenkə hörmət etmirdi. Frenk deyəndə ki, istənilən oyunçu ribaunddan sonra topu meydanın rəqibə aid hissəsinə keçirə bilər, indi MBA-da məhz belə oynayırlar, Rassell belə cavab verdi: “Yox, mən oyun qurucusuyam. Topu mənə verin və qaçın”. Vogel komandada Teylen Horton-Taker, Ostin Rivz, Malik Monk, Lebron Ceyms və Entoni Devisin də olduğunu, hər birinin oyun qura biləcəyini deyəndə Rassell bir daha etiraz etdi: “Bu işi mənə verin və yolumdan çəkilin”.
MBA-nın cari mövsümü ilə bağlı maraqlı bir rekord var. 77 oyun 30 və daha artıq xal fərqi ilə bitib. Bu üzdən cari mövsüm belə qələbələrin sayına görə rekordçudu. 77 oyunun 30 və daha artıq xal fərqi ilə bitməsi ilə o deməkdi ki, belə oyunlar ümumi sayın 6,36 faizini təşkil edir. Əvvəlki rekord 59-a bərabər idi. Çempionatın sonuna qədər faiz göstəricisi 6,26-dan aşağı düşməyəcək. 30 və daha artıq xal fərqi ilə bağlı əvvəlki rekord 1971/72 mövsümündə qeydə alınmışdı. Həmin vaxt belə oyunlar ümumi oyun sayının 6,17 faizini təşkil etmişdi.
Aprelin 10-dan 11-nə keçən gecə həm Şərq, həm də Qərb konfransında son oyunlar keçirildi və pley-offun bütün iştirakçıları müəyyənləşdi. Şərqdən pley-odda “Mayami”, “Boston”, “Miluoki”, “Filadelfiya”, “Toronto” və “Çikaqo” vəsiqə qazandı. 7-10-cu yerləri tutan komandalar – “Klivlend”, “Bruklin”, “Atlanta” və “Şarlott” pley-offa son iki vəsiqə uğrunda oynayacaq.
Qərb konfransının 6 ən yaxşı komandası: “Finiks”, “Memfis”, “Qolden Steyt”, “Dallas”, “Yuta”, “Denver”. Pley-ində “Minnesota”, “Klippers”, “Nyu-Orlean” və “San-Antonio” oynayacaq.