21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Bakıda Estoniya, 29-da isə yoldaşlıq oyununda Belarus ilə qarşlaşacaq.
Yığmanın baş məşqçisi Milan Obradoviç bu matçları çox ciddiyə alıb, hətta əsas millinin bəzi üzvlərini də komandaya cəlb edib. Bildiyiniz kimi, Estoniya qrupun autsayderidi, xalı yoxdu və sonuncu pillədə qərarlaşıb. Bu qarşılaşma üçün Rüstəm Əhmədzadə, Elvin Cəfərquliyev, Mərt Çəlik kimi əsas millinin üzvlərini U-21-ə çağırmaq nə dərəcədə doğrudu? Obradoviç Estoniya ilə qarşılaşmaya final oyunu kimi baxır? Bu və başqa sualları cavablaması üçün yığmanın serb çalışdırıcısıyla əlaqə saxladıq.
- U-21-i qarşıda iki oyun gözləyir. Yəqin əsasən Estoniya ilə matç haqda düşünürsüz?
- İlk görüşü adı çəkilən komandaya keçirəcəyik. Təbii ki, bu oyun bizim üçün vacibdi. Çünki Estoniya ilə təsnifat mərhələsində qarşılaşırıq. Qrupa baxanda biz onlardan yaxşı durumdayıq. Finlandiya ilə heç-heçə etmişik. Estoniya isə bütün görüşlərdə məğlub olub. Düşünürəm ki, hər iki komanda üçün vacib görüş olacaq. Çünki nə biz qrup sonuncusu olmaq istəyirik, nə də onlar. Estoniya Bakıdan xalla dönmək istəyəcək. Lakin bizim üçün bu görüşün başqa əhəmiyyəti var. Çünki doğma meydanda oynayacağıq. 3 xal qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni etməyə çalışacağıq. Baxmayaraq ki, rəqibin müdafiəsi yaxşıdı. Onlar öz cərimə meydançaları daxilində çoxlu futbolçu ilə oynayırlar. Düzdü, biz bu qrupda Xorvatiya, Avstriya, Norveç kimi komandalarla oynamışıq. Estoniya ilə qarşılaşma üçün futbolçularla həm fərdi, həm də qrup şəklində söhbət edəcəm. Onlara görüşün nə qədər əhəmiyyətli olduğunu izah edəcəm. Daha sonra rəqibi təhlil edib, qarşılaşma ilə bağlı tapşırıqları verəcəm. Qarşıda bizi çətin oyun gözləsə də, qələbə qazanmağa gücümüz var. Bu görüşdə 3 xal qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik. Doğma meydandada qalib gəlib, 2022-yə uğurlu başlamaq niyyətindəyik.
- Belarusla oyun yığma üçün nə qədər faydalı olacaq?
- Bu dönəmdə yoldaşlıq görüşləri həmişə komandaya xeyir verir. Belarusla oyuna hələ çox var. Əvvəlcə Estoniya haqda düşünməliyik. Düzdü, həm taktiki, həm də texniki inkişafımız baxımından yaxşı rəqibdi. Onlarla görüşdə müxtəlif rotasiyalar etməyə çalışacam. Bu görüşü də doğma meydanda keçirəcəyik. Estoniya ilə qarşılaşmadan sonra səfərə çıxmamaq bizim üçün yaxşı olacaq. Çünki vacib matçdan sonra yoxlama, yoldaşlıq oyunlarını səfərdə keçirəndə futbolçular var güclərini sərf edə bilmirlər. Buna görə matçın Bakıda keçirilməsi bizim üçün yaxşı oldu. Futbolçularım verdiyim tapşırıqları yüz faiz yerinə yetirə biləcəklər. Rəqibi təhlil edib, qələbə qazanmağa çalışacağıq.
- Düşünürəm ki, hazırda yığmanın heyəti yetərincə güclüdü. Rüstəm Əhmədzadə, Elvin Cəfərquliyev, Mərt Çəlik, Cəlal Hüseynov, Musa Qurbanlı, Rüfət və Səbuhi Abdullazadələri sərəncamızda görmək istəmisiz. Onlar premyer-liqada çıxış edən klubların, demək olar ki, əsas üzvləridi. Düşünürsüz ki, bu heyət Azərbaycan millisində işlədiyiz dövrün ən güclüsüdü?
- Gəlin, bir şeyi aydınlaşdıraq. Rüstəm bu oyunlarda bizim komandada oynamayacaq. De Byazi mənlə söhbət etdi. Bildirdi ki, onun Rüstəmə ehtiyacı var. Bu səbəbdən də hücumçu onlarla birgə olacaq. Yəni ki Rüstəm bizimlə deyil. İndi isə Mərt haqda danışmaq istəyirəm. Onun kiçik zədəsi var. 2-3 gün ərzində oynayıb-oynamayacağı bəlli olacaq. Arzulayıram ki, Mərt Estoniya ilə matçda iştirak etsin. Amma məqsədimiz futbolçuların inkişafına yardımçı olmaqdı. Özünü yaxşı və hazır hiss edəcəyi halda meydanda olacaq. Mərt bu mövsüm özünü yaxşı tərəfdən göstərə bildi. “Neftçi”də daha çox oynamağa başladı. İyunda 1 həftə ərzində 3 görüşdə meydanda oldu. Bu, onun inkişafına təkan verdi. Əlbəttə, istəyimiz budu. Futbolçu öz komandasına fayda versin, əsas yığmaya layiq olsun. Təbii ki, hazırkı yığmada çox yaxşı futbolçular var. Əsas yığmanın baş məşqçisi seçim etdikdən sonra biz U-21-ə kimləri çağırmalı olduğumuzu bilirik. Bu səbəbdən də hazırkı futbolçular indi mənim sərəncamındadılar. Onların çoxu əsas yığmanın üzvləridi. Yalnız Estoniya ilə oyun üçün bura gəlməyiblər. Bütün futbolçularıma hörmətlə yanaşıram. Mənim üçün fərqi yoxdu premyer-liqada oynayır, divizionda çıxış edir. Hansı futbolçu yığmaya fayda verirsə, meydanda olur. Oyunçuların matçdan-matça inkişaf edib-etmədiyi əsas məsələdi.
- Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası heç vaxt Estoniyaya uduzmayıb. 3 dəfə qələbə qazanmışıq. 1 dəfə heç-heçə etmişik. Bu ənənəni davam etdirə biləcəyik?
- Bu nəticələrə görə xoşbəxtəm. Amma əvvəllər nələrin baş verdiyini bilmirəm. Biz də Slovakiyanı məğlub etmişik. Bu qələbə də Azərbaycan futbolu üçün tarixdi. Oyunlardan öncə əvvəllər hansı nəticələr qeydə alınıb deyə baxmıram. Meydana çıxan zaman qələbə qazanmağımız daha vacibdi. Rəqibin kimin olmasının fərqi yoxdu. Ənənənin davam edib-etməməsi vacib deyil. Əsas məsələ yeni tarix yazmaqdı.
- Estoniya qrupun ən zəif komandasıdı. Onlara məğlub olsaz, bunu faciə kimi dəyərləndirəcəksiz?
- Futbol maraqlı oyundu. Dünən buna bir daha şahid olduq. Kim deyə bilərdi ki, “Real” “Barselona”ya doğma meydanda belə məğlub olacaq? Heç kim! Kataloniyalılar madridliləri məhv etdilər. Halbuki “Real” çempionluğa çox yaxındı. Lakin bu futboldu. Maraqlı və qəribə nəticələr qeydə alınır. “Real”ın “Barselona”ya uduzması faciə olmadı. Futbolda bir komanda qələbə qazananda digəri məğlub olmalıdı. Lakin bizim komandada heç kim uduzmaq haqda düşünmür. Hər kəs qələbəyə köklənib. Bu da bizim üçün yaxşıdı. Hamı qələbə qazanmağın yollarını düşünür. Tapşırıqları yerinə yetirir, təhlillərə qulaq asır. Dediyim kimi, heç kim məğlubiyyət haqda düşünmür.
- Bu görüşün nəticəsi Azərbaycandakı karyeranıza təsir edəcək?
- Baxın, xal qazanmaq mənim üçün heç nəyi dəyişməyəcək. Sadəcə, futbolçuların özgüvənini artıracaq. Bəlkə də səhv edə bilərəm. Mən 3 ildi burdayam. 40-dan çox futbolçunun xidmətindən yararlanmışam. Onların 13-ü milli komandaya dəvət alıb. Hədəfim həmin futbolçuların əsas yığma üçün yetişməsidi. Mənim komandamda çox oynamasalar da, olar. Bir daha söyləyirəm ki, vacib məsələ bu futbolçuları əsas yığma komandaya qazandırmaqdı. İşimdən ayrılmaqdan qorxmuram. İndiyə kimi qarşılaşdığımız komandaların - Fransanın, İsveçrənin, Xorvatiyanın, Norveçin baş məşqçiləri bizim futbolçuların gücündən bəhs ediblər. Azərbaycan millisinin təhlil etməyin çətin olduğunu bildiriblər. Onlar bizi ciddiyə alıb, komandamla görüşlərin vacib olduğunu qeyd ediblər. Bu, mənim fəlsəfəmdi. Bütün oyunlara fərq qoymadan necə hazırlaşdığımı görə bilərsiz. Mətbuat konfranslarında iştirak edəndə futbolçularımla bu barədə danışa bilərsiz. Ya özləri ilə əlaqə qurmaq sizin üçün problem olmaz. Onlardan mənim fəlsəfəmin nədən ibarət olduğunu öyrənə bilərsiz. Mənim nədənsə qorxum yoxdu. Çox çalışıb, işimi görüb, nəticə qazanmağa çalışıram. Əsas yığmaya qazandırdığımız futbolçular və başqaları ilə fəxr edirəm.
- Qrupda, sadəcə, 1 xala malikik. Bunu nə qədər artıra bilərik?
- Bu sualı dəfələrlə mənə ünvanlamısız. Ayın 25-də Estoniya ilə vacib oyunumuz var. Bu görüşdə ilk dəfə 3 xal qazana bilərik. Bu da xalımızın artmasına səbəb olacaq. Hələ qarşıda başqa görüşlərimiz də var. Həmin qarşılaşmalarda da maksimum nəticə əldə etməyə çalıcağıq.
- Son günlərdə sosial şəbəkələrdə bir video yayıldı - Elvin Cəfərquliyev meyxana deyirdi. Onu jurnalistlərə sizin verdiyiniz deyilir.
- Əvvəlcə Elvin Cəfərquliyev haqda danışmaq istəyirəm. O, hazırda bizim düşərgədədi. 2 il yarım keçdikdən sonra U-21-in heyətində olması şəxsən məni sevindirir. O, hələ gəncdi. Bizim komandanın əsas üzvlərindən biridi. Elvin təkcə yüksək futbolçu keyfiyyətlərinə malik deyil, həmçinin əsl kişidi. Elvinin bizimlə olması komandadakı əhval-ruhiyyəni yüksəldir. Gələk indi video məsələsinə. Bütün ölkədə bu görüntülər paylaşıldı. Həmin anda, sadəcə, əylənirdik. Elvin həmin dövrdə komandaya yeni qoşulmuşdu. Yığmada belə qanun var ki, kim kollektivə təzə qoşulurdusa, bacarıqlarını göstərməliydi. Elvin də mahnı oxuyaraq bizi əyləndirməyə çalışırdı. Həmin anda, sadəcə, əyləncə haqda düşünürdük. Burda qeyri-adi nəsə yoxdu. Kollektiv daxilində yaxşı əlaqələrin qurulması üçün bir yoldu. Bu qayda komandada hələ də davam edir. Başqa şeylər haqda danışmağa ehtiyac yoxdu.
İLKİN SULTANLI