Bu səbəbdən də FIFA və UEFA onlara da sanksiyalar tətbiq edib. Bu birbaşa bizə də təsir edib. Belə ki, milli komandamız Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya və Qazaxıstan/Moldova duelinin qalibi ilə mübarizə aparacaq. Yığma rusların əsas tərəfdaşı ilə səfər görüşünü iyunun 6-da keçirəcək. Cavab oyunu isə iyunun 13-də Bakıda baş tutacaq. UEFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərara görə, Belarusun əsas millisi və digər komandaları UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə ev oyunlarını neytral meydanlarda keçirməlidi. Həmçinin Belarus komandalarının evsahibliyi edəcəyi matçlara tamaşaçılar buraxılmayacaq. Bu səbəbdən də yığmamız Millətlər Liqasının seçmə mərhələsində bu komanda ilə səfər matçını neytral meydanda keçirəcək.
Düzdü, qarşılaşmanın startına hələ vaxt var. Ola bilər ki, həmin müddətə kimi müharibə bitsin. Buna əsasən də UEFA və FIFA Rusiya ilə Belarusa tətbiq olunan sanksiyanı ləğv etsin. Amma bu ehtimaldı. İndiki zamanda oyunun neytral meydanda keçiriləcəyi bəllidi. Görəsən, AFFA-ya görüşlərin harda keçiriləcəyi ilə bağlı məlumat verilib? Assosiasiya təklif olunan yerlərlə razılaşmaya bilər? Sualımızı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:
“Oyunun harda keçiriləcəyi UEFA ilə Belarus arasında olan məsələdi. Hələ ki bu barədə bizdə məlumat yoxdu. Bu, yoldaşlıq yox, rəsmi matçdı. UEFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı qərarı qurum özü verir. Biz etiraz edə bilmərik. Azərbaycanda müharibə olanda oyunlarımızı Albaniyada keçirdik. Bunu UEFA ilə razılaşdırmışdıq. Cənubi Kipr o zaman demədi ki, biz Albaniyada oynamayacağıq. UEFA haranı göstərsəə, gedib oynamalısan. Yenə deyirəm, oyunun hansı ölkədə və stadionda keçiriləcəyi ilə bağlı məlumat yoxdu. Bu məsələyə Belarus Futbol Federasiyası ilə UEFA arasında danışıqlardan sonra aydınlıq gələcək. Bu məsələdə AFFA-nın hansısa rolu mümkün deyil. Çünki görüşü səfərdə keçirəcəyik”.
İLKİN SULTANLI





