Eldən uzaq, gözdən iraq “İmişli” – xaos, istefalar, qurd...

11.10.2026 10:23 90
Manşet / Yazarlar
“İmişli” ilə bağlı qeyri-müəyyənlik davam edir.

İş o həddə çatıb ki, konkret hansı problemdən bəhs etməli olduğumuzu bilməkdə çətinlik çəkirik. Ciddi maliyyə problemi, klub əməkdaşlarının aylardı məvaciblərini ala bilməməsi yönündə iddialar, gedən futbolçuların qayıdışı, məşqçilərin klubu sıra ilə tərk etməsi kimi amillər fonunda komanda ev oyunlarını Yevlax şəhər stadionunda keçirir. Halbuki hələ mövsümün əvvəlində yeni loqonun təqdim olunması məqsədilə media nümayəndələrini başına yığan klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov “pələnglər”in təmsil etdiyi bölgədə - İmişlidə məskunlaşması üçün çalışmaların davam etdiyini demişdi. Günlər həftələri, həftələr ayları qovsa da, hələ bu istiqamətdə yenilik yoxdu. “İmişli”nin cəhdləri ən müxtəlif səbəblər üzündən faydasız olur.

Deyilənə görə, AFFA kluba ayırdığı maliyyənin xərclənməsi prosesində qüsurlar aşkarladığından növbəti müddət üçün ödənişlər dayandırılıb. Hazırda “İmişli”də çalışanların narazılığı fonunda xaos mühiti formalaşıb. Köməkçi məşqçi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevin də məhz bu səbəbdən klubdan ayrıldığı güman edilir.

Görünür, biz komandanın İmişlidən uzaq düşməsindən narahat olsaq da, klubda daha dərin problemlər var. Necə deyərlər, eldən ayrı düşəni qurd yeyər...

KƏNAN BAHADIR