İkinci liqa, yoxsa uşaq baxçası? - 13 yaşlı uşaq peşəkar futbolçuya qarşı!

10.10.2026 13:55 81
Ölkə futbolu / Manşet
Oktyabrın 7-də ölkə kubokunun 1-ci təsnifat mərhələsinin ilk oyununda “Şəki”ni qəbul edən “Qaradağ Lökbatan” 12 cavabsız qol vurub. Oyundan sonra “Şəki”nin prezidenti Elgün Hüseynov çətin durumda olduqları üçün əsas futbolçulara maaş verə bilmədiklərini, bu səbəbdən meydana azyaşlı futbolçularla çıxdıqlarını bildirib.

“Football-plus.az” həm bu məqamı, həm də bu futbolçuların PFL-ə təqdim olunan iştirak ərizəsində olub-olmadığını yoxlayıb.

Doğrudan da, “Şəki” qaydanı pozmayıb, meydana adı iştirak ərizəsində olan futbolçuları buraxıb. Sadəcə, oktyabrın 3-də “Şəmkir”lə çempionat oyununda meydana çıxan heyətlə müqayisədə ciddi dəyişikliklər var. “Şəmkir” önündəki darmadağının (0:5) iştirakçısı olan 5 futbolçu – Elçin Abdullayev, Elvin Əlizadə, Luka Beraşvili, Rəşad Zeynallı, Roma Dukaşvili bu dəfə yoxdu. Belədə baş məşqçi Elvin Hacızadə heyətə 5 azyaşlı salıb:

Elcan Mustafayev. 17.10.2012
Elgün Hacıbabayev. 21.06.2009
Firuz Osmanov. 09.09.2009

Oktay Həsənli. 15.03.2010
Cəsur Alxaslı. 24.05.2011

Təsəvvür edirsizmi, bu siyahıda 13 yaşlı uşaq var, yəni 8-ci, ya da 9-cu sinif şagirdi! 13 yaşlı uşaq peşəkar futbolçuya qarşı nə edə bilər ki?! Həmin uşaq 0:12-dən nə qazanacaq? Belə komandaya hələ 12 qol da azdı...

İSRAYIL XEYRULLAYEV