Pokatilov Kurtua, Ter Ştegen, yoxsa Edersondu? – “Sabah”ın qapıçı biganəliyi...

3.09.2026 10:54 25
Manşet / Yazarlar
Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil etməyə hazırlaşan “Sabah” yeni transferləri sıralayır.

Srağagün Du Keyrosu da heyətinə qatan “bayquşlar” bununla yarımmüdafiə xəttini bir qədər də gücləndirdi. Lakin belədə işləri bitmiş saymaq olmaz. Ona görə ki, komandanın ÇL üçün təqdim etdiyi iştirak ərizəsində yer alan üç qapıçıdan yalnız biri – Stas Pokatilov avrokubok matçları səviyyəsində təcrübəlidi. Amin Ramazanov, Rauf Əyyubov və Rəvan Mirzəmmədovu isə əsas qapıçı kimi düşünmək heç cür məntiqə sığmır. Axı söhbət Çempionlar Liqası kimi dünyanın ən mötəbər klub turnirindən gedir.

Düzdü, Pokatilov son matça qədər özünü ən yaxşı tərəfdən göstərmək üçün əlindən gələni əsirgəmədi. Bu səbəbdən onun Beer-Şeva “Hapoel”inə qarşı matçda yol verdiyi səhvləri əfv etmək olar. “Əlcək sahibi” istənilən halda daha diqqətli olmağa səy göstərəcək. Sadəcə, təsəvvür edin ki, Pokatilov Tibo Kurtuadan da, Mark-Andre ter Ştegendən də, Edersondan da güclü qapıçıdı. Hətta onda belə daha bir təcrübəli qolkiperə ehtiyac duyulacaqdı.

Bəs, Allah eləməmiş, Pokatilov zədələnsə, “çərçivə” kimə həvalə olunacaq? Həqiqətənmi yerli, gənc qapıçıların Çempionlar Liqası matçında soyuqqanlılığını qoruyacağına, seyvlərlə yadda qalacağına inam bu qədər böyükdü? Özümüzü aldatmayaq. İndi sadəlövhlük yox, uğura gedən yolu hamarlaşdırmaq vaxtıdı. Təbii ki, “Sabah” liqa mərhələsini “zirzəmi”də başa vurmaq istəmirsə...

KƏNAN BAHADIR