Misli premyer-liqasında 33-cü tur geridə qaldı.
Hazırda “Araz-Naxçıvan” 55 xalla 3-cü, “Turan Tovuz” 49 xalla 4-cü pillədə qərarlaşıb. Bu iki komanda arasında 6 xallıq fərq var. Mövsümün sonuna isə üç tur qalır. Tovuzlular qarşıdakı turlarda “Neftçi”, “Sumqayıt” və “Kəpəz” ilə qarşılaşacaq. Muxtar Respublika təmsilçisini isə “Qarabağ”, “Şamaxı” və “Zirə” ilə oyunlar gözləyir.
Qarşıdakı 3 turu və bu iki komandanın oynayacağı rəqibləri nəzərə alsaq, “Turan Tovuz”un ilk “3-lük”də qərarlaşmaq şansı hələ də varmı? Təcrübəli mütəxəssis Aslan Kərimov bu suala belə cavab verdi:
“Bu 6 xallıq fərqi geri qaytarmaq asan deyil. Gərək “Araz-Naxçıvan” iki oyunda məğlub ola, “Turan Tovuz” 2 matçda qalib gələ, 1 oyunda isə heç-heçə edə. Nəzəri baxımdan mümkündü. Amma praktik baxımdan… “Araz-Naxçıvan” da bunu başa düşür. Hər ikisi çətin rəqiblərlə qarşılaşacaq. “Zirə” çempionatın son turunda “Araz-Naxçıvan”a qarşı gənclərlə oynasa, Muxtar Respublika təmsilçisinin qələbə qazanmaq şansı olacaq. Hər halda, çempionatda 2-ci yerini təmin etmiş “Zirə” güclü rəqib sayıla bilər. “Araz-Naxçıvan”da bir çox şeylərin doğru getməməsi lazımdı ki, “Turan Tovuz” 6 xallıq fərqi aradan qaldırsın”.
ƏSƏD SEYİDOV