Çərşənbə axşamı Çempionlar Liqasında pley-offun və ya başqa cür ifadə etsək, 1/16 finalın ilk oyunları keçirildi. İlk növbədə bütün oyunların yüksək məshuldarlıqla müşayiət olunduğunu qeyd etməliyik. 4 oyunun hər birində ən azı üç qol vuruldu. “Brest” – PSJ, “Sportinq” – “Borussiya” cütlərində mübarizənin taleyi həll olundu.
Çərşənbə günü həm məhsuldarlıq aşağı düşdü, həm də komandaların heç biri böyükhesablı qələbə qazana bilmədi. Bununla belə, “Benfika” ilə “Bavariya”nın növbəti mərhələyə daha yaxın olduğunu demək olar.
“Mançester Siti” – “Real” qarşıdurması final statusuna layiqdi, ancaq bu mövsüm iş elə gətirib ki, turnirin favoritlərindən biri pley-offda dayanmalı olacaq. “Real” MS ilə səfər oyununda iki dəfə hesabda geri düşsə də, sonda qələbəni bayram etdi. Madridlilər ilk yarıya fəal başladı və elə də bitirdi, ancaq hissənin ortalarında biz məhz dominantlıq etməyi bacaran “Siti” gördük. “Şəhərlilər” məhz bu zaman kəsiyində bir qol vurdu, hərçənd daha artığı da mümkün idi. 2-ci hissədə təşəbbüs əldən-ələ keçdi. “Real” Mbappenin 60-cı dəqiqədəki qeyri-adi qolu ilə hesabı bərabərləşdirdi. Amma Holann Sebalyosun Fodenə qarşı kobudluğuna görə təyin olunan penaltini qola çevirməklə növbəti dəfə komandasını önə keçirdi. Bu üstünlüyü qorumaq mümkün olmadı. Müdafiədə sıralanan səhvlər “Real”ın nəinki hesabı bərabərləşdirməsinə, hətta uzatma dəqiqələrində qələbə topunu vurmasına da səbəb oldu. Bir sözlə, “Siti”nin bədbəxtlikləri davam edir. Komanda elə bu mərhələdə mübarizəni dayandırsa, heç kim təəccüblənməyəcək.
PSJ bu mövsüm artıq iki dəfə “Brest” üzərində inamlı qələbə qazanıb. Bu komandalar arasındakı 3-cü dueldə də oxşar nəticə qeydə alındı. Luis Enrikenin komandası faktiki ilk oyunda cütün taleyini həll etdi. “Brest”in paytaxda 0:3-ün əvəzini çıxması çətin, hətta mümkünsüz görünür. Xüsusən də müdafiədəki ciddi problemlər fonunda. Hələ fasiləyə qədər PSJ iki qol vurdu. Əvvəlcə Dembelenin zərbəsindən sonra top cərimə meydançasında Les-Melunun əlinə dəydi. Referi İrfan Pelto dərhal “nöqtə”ni göstərmədi, VAR-ın siqnalından sonra videotəkrara baxıb belə qərar verdi. Ardından “Brest” hesabı bərabərləşdirə bilərdi. Qısa zaman kəsiyində qapı çatı iki dəfə parislilərin köməyinə çatdı. PSJ nəinki qapısını toxunulmaz saxladı, hətta son vaxtlar əla forma yığan Dembele fasilə ərəfəsində 2-ci qolu da vurdu. 2-ci hissənin əvvəlində “Brest” yenidən təzyiqi artırdı. Bu dəfə Simanın zərbəsi dirəkdən döndü. Qonaqlar isə əks-hücumlarda hədsiz təhlükəli görünürdü. Onlar bir neçə qol imkanını qaçırsalar da, hər halda, Dembele darmadağını rəsmiləşdirən qolu vurdu. “Brest”in qalan zaman kəsiyində təsəlli qolunu vurmaq cəhdləri uğursuzluğa düçar oldu. Hərçənd bu komandanın azarkeşləri qitənin ən nüfuzlu klub turnirində debüt mövsümündə qeydə alınan nəticələrdən yalnız qürur duya bilər.
PSJ ilə yanaşı, “Borussiya”nın da 1/8 finala adlamasına yalnız möcüzə mane ola bilər. “Sportinq” indiki vəziyyətində səfərdə üç qolun əvəzini çıxmağa qadir olan komanda kimi görünmür. Amma oyunun əvvəlində məhz “şirlər” daha üstün təsir bağışladı. Dortmundlular ilk yarıda Ruy Silvanı, demək olar ki, narahat etmədilərsə, lissabonluların maraqlı hücumlarının sayı çox idi. Arauxo topu tirə vurdu, Harder əlverişli imkanları qaçırdı. Fasilədə paltardəyişmə otağında nəsə baş verdi – görünür, Kovaç hücumçuları qıcıqlandıran ifadələr işlətmişdi. “Borussiya” 2-ci hissədə dəfələrlə məzmunlu və effektli oyun göstərdi. Təzyiqi artıran qonaqlar sona yarım saat qalmış hesabı açdı. Girassi Brandtın cərimə meydançasına ötürməsindən yararlandı. Ardından Borjeş dəyişikliklər etməyə başladı, “Borussiya” isə bir neçə dəqiqə ərzində 2-ci qolu da vurdu. Bu dəfə Qross Girassini ötürməsini tamamladı. Hesab 0:2 olandan sonra qonaqlar özünü daha rahat və inamlı hiss etdi, “Sportinq”in oyun intizamı isə tam pozuldu. Nəticədə sona 10 dəqiqə qalmış əks-hücum zamanı Adeyemi darmadağına səbəb olan qolu vurdu və cütün taleyini həll etdi. Artıq dortmundlular rahat nəfəs ala və bundesliqada vəziyyəti düzəltmək haqda düşünə bilər. “Sportinq”in isə Portuqaliyada titulunu qorumaqdan başqa vəzifəsi qalmadı.
PSV-ni qəbul edən “Yuventus” təşəbbüsü ələ alıb ilk dəqiqələrdən rəqibi öz qapısı ağzına sıxışdırdı. Əsasən Veanın cinah keçidləri təhlükə yaradırdı. Qonsales də ona fəal şəkildə yardım edirdi. İş o yerə çatmışdı ki, müdafiəçi Qatti də cəsarətlə hücuma atılırdı. Məhz o, “Yuve”nin ilk qolunu təşkil etdi. Əvvəlcə topu ələ keçirdi, ardından sinəsi ilə Makkenninin önünə atdı – amerikalı yarımmüdafiəçi cərimə meydançasının xətti üzərindən dəqiq zərbə ilə topu tirin altına göndərdi. Bununla kifayətlənməyən meydan sahibləri daha bir neçə perspektivli hücum qurdu. Sonradan meydana çıxan Mbanqula 2-ci hissənin əvvəlində fərqi artırmaq imkanı qazansa da, onun zərbəsindən sonra Flaminqo topu qapı xəttindən çıxardı. Və qəfil qonaqlar hesabı bərabərləşdirdi: Lokatellidən səkən topa yiyələnən Perişiç aldadıcı hərəkətlə Kellini işsiz qoyub yaxın küncü “nişan aldı”. Motta ehtiyatdakı oyunçuları cəlb etməklə hücumu gücləndirdi və “Yuve” sonda uğura nail oldu. Qapıçı Benites Konseysaonun sağ cinahdan asmasının qarşısını alsa da, Mbanqula dönən topa özünü çatdırdı. Eyndhovenlilər qalan vaxt ərzində topu meydanın rəqibə aid hissəsinə keçirməyə çalışsalar da, turinlilər savadlı şəkildə hesabı qorumaq üçün oynadılar.
pley-off, ilk oyunlar
Mançester Siti – Real 2:3 (1:0)
Mançester Siti (İngiltərə): Ederson, Akanci (Lüis, 46), Diaş, Ake (Kovaçiç, 61), Qvardiol, B.Silva, Stounz, De Bruyne (Gündoğan, 84), Savinyo (Marmuş, 84), Qriliş (Foden, 30), Holann.
Real (Madrid, İspaniya): Kurtua, Valverde, Asensio, Çuameni, Mendi, Sebalyos (Modriç, 81), Kamavinqa, Bellingem, Rodriqo (Dias, 84), Mbappe (F.Qarsiya, 90+2), Vinisius.
Qollar: Holann, 19 (1:0). Mbappe, 60 (1:1). Holann, 80-p. (2:1). Dias, 86 (2:2). Bellingem, 90+2 (2:3).
Hakim: Kleman Türpen (Fransa).
11 fevral. Mançester. 52081 tamaşaçı.
Brest – PSJ 0:3 (0:2)
Brest (Fransa): Bizot, Lyalya, Şardonne, Kulibali, Aydara, Kamara (Pereyra Laje, 83), Les-Melu (Salah, 83), Manyetti (Fernandeş, 64), Fevr (Dumbiya, 72), Ajork, Sima (Balde, 64).
PSJ: Donnarumma, Mendeş, Paço, Markinyos, Hakimi, Ruis, Vitinya, Neveş, Due (Kvaratsxeliya, 67), Dembele (Ramuş, 83), Barkola (Li Kan İn, 75).
Qollar: Vitinya, 21-p. (0:1). Dembele, 45 (0:2). Dembele, 66 (0:3).
Vərəqələr: Barkola, 70. Şardonne, 74 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
11 fevral. Genqam. 15831 tamaşaçı.
Sportinq – Borussiya D 0:3 (0:0)
Sportinq (Lissabon, Portuqaliya): R.Silva, Fresneda (Kuarejma, 73), Sent-Yuste, Diomande, Reys (Braqansa, 62), Simoynş (Morita, 62), Debast (Teyşeyra, 73), Kenda, Trinkan, Arauxo, Harder (Dyökereş, 59).
Borussiya (Dortmund, Almaniya): Kopel, Ryuerson, Can, Şlotterbek, Svensson (Zyule, 90+3), Zabitser, Qross (Özcan, 90+3), Adeyemi (Çukvuemeka, 86), Brandt (Düranvil, 86), Gittens (Bayer, 65), Girassi.
Qollar: Girassi, 60 (0:1). Qross, 68 (0:2). Adeyemi, 82 (0:3).
Vərəqələr: Girassi, 66. Trinkan, 78 – sarı.
Hakim: Espen Eskos (Norveç).
11 fevral. Lissabon. 41543 tamaşaçı.
Yuventus – PSV 2:1 (1:0)
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Vea, Qatti, Veyqa, Kelli, Lokatelli (Türam, 68), Luis, Qonsales (Konseysao, 58), Makkenni (Koopmeyners, 68), Yıldız (Mbanqula, 46), Kolo Muani (Vlahoviç, 77).
PSV (Eyndoven, Niderland): Benites, Ledesma, Flaminqo, Obispo, Junior, Saybari (Til, 72), Shauten, Verman, Perişiç, L.de Yonq, Lanq (Bakayoko, 72).
Qollar: Makkenni, 34 (1:0). Perişiç, 56 (1:1). Mbanqula, 82 (2:1).
Vərəqə: L.de Yonq, 73 – sarı.
Hakim: Daniel Zibert (Almaniya).
11 fevral. Turin. 39886 tamaşaçı.
Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi: