"Araz-Naxçıvan" hakimlər tərəfindən "dartılır"? - Baxşıyev cavabladı

5.10.2024 21:42 608
Premyer-liqa / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 9-cu turunda "Sabah"la səfərdə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Yaxşı və dinamik oyun keçirdik. Komandalar ortaya normal iş qoydu. Gərgin mübarizənin şahidi olduq. Kollektivimdən həmişə daha çoxunu istəmişəm. Turlar ötdükcə daha rəngarəng oyun göstərə bilərik. Məncə, heç-heçə ədalətli nəticə idi.

- 1-ci dövrə geridə qaldı. "Araz-Naxçıvan"ın indiyə qədər göstərdiyi performansı əvvəlcədən gözləyirdizmi?
- Komandanı formalaşdırarkən çətinlik çəkdik. Buna baxmayaraq, istədiyimiz futbolçuları komandaya cəlb etdik. Oyun planında daha çoxunu edə bilərik. Hər baş məşqçi futbolçularına güvənməlidi. Bizə inanmasalar da , mən komandama inanıram.

- Konkret olaraq, sizə kim inanmır?
- Ümumiyyətlə, büdcəyə görə bizdən gözləntilər az ola bilər. Məncə, ümumiyyətlə, komandalara daha böyük diqqət ayrılmalıdı. Hər kluba büdcəsindən və heyətindən asılı olmayaraq, eyni baxıram.

- Ötən mövsüm başqa komandaların hakimlər tərəfindən "dartıldığı" iddia olunurdu. İndi də "Araz-Naxçıvan"la bağlı həmin fikirlər var...
- Çoxu Roman Maçadonun məlum epizodunu misal çəkir. Həmin məqama çox diqqət ayırmamışıq. Möhkəm olmalıyıq . Belə məsələlərə diqqət yetirsək, konsentrasiyamız pozula bilər. Çalışacağıq ki, daha böyük uğurlar qazanaq.

KƏNAN BAHADIR