Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.
İclasın başlamasına bir neçə dəqiqə qalmış qurumun inzibatı binasına gələn prezident Rövşən Nəcəfi qarşılayanlar arasında yığmanın baş məşqçisi Fernando Santuş da var idi. Portuqaliyalı mütəxəssisin həm də “Qarabağ”ın çalışdırıcısı olan Qurban Qurbanovu səmimi şəkildə qucaqlaması gözdən qaçmadı.
İclasa gəlincə, AFFA-nın saytının məlumatına görə, əvvəlcə sədr Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev gündəlik barədə bilgi verib. Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov növbəti mövsümdə tətbiq olunacaq lisenziyalaşdırma qaydalarındakı dəyişikliklərlə bağlı məlumat verib və yeniliklər təsdiq olunub. Həm də AFFA-nın inkişaf strategiyasının hazırlanması üzrə layihə rəhbəri olan Elçin Məmmədov strategiyanın yazılmasına dair görülən işlərdən danışıb. O, İcraiyyə Komitəsi üzvlərinin mövzuyla bağlı suallarını cavablayıb.
Ardından komitə üzvlərinin təklif və rəyləri dinlənilib, nəzərə alınıb. Daha sonra AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabat verib. Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddətinin gələn il yanvarın 1-dək uzadılması qərara alınıb. Bundan başqa, İntizam Komitəsinin tərkibində edilən dəyişikliklər iclasda təsdiqlənib. Məmməd Həsənov İntizam Komitəsinə yeni üzv seçilib. O, intizam üzrə müfəttiş təyin olunub. Namiq Əliyev isə bundan sonra komitədə üzv kimi fəaliyyətini davam etdirəcək. Ramil Cahangirov öz istəyi ilə İntizam Komitəsi üzvlüyündən ayrılıb.
İclas bitəndən sonra media nümayəndələrinin önünə çıxan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavabladı.
- Bir sıra məsələlər müzakirə olundu. İlk növbədə lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Bu barədə yaxın günlərdə klublara məlumat veriləcək. Oktyabrda lisenziyalaşdırma mövsümünün açılış iclası keçiriləcək. Həmçinin İcraiyyə Komitəsinə AFFA-nın yeni strategiyasının yazılmasıyla bağlı hazırkı vəziyyətə uyğun məlumat verildi. Aşağı yaş qruplarından ibarət yığmalara məşqçilərin təyinatı da gündəmdə idi. İlk növbədə mövcud durum müzakirə olundu, hesabat dinlənildi. Üstəlik məşqçilərin müqavilə müddəti 2025-ci il yanvarın 1-nə kimi uzadıldı. İntizam Komitəsiylə bağlı müzakirələr də oldu. Komitəyə müfəttəiş təyin olundu.
- Klublara ayrılan vəsait və qadın liqası haqda yenilik var?
- Bunlar növbəti iclasda müzakirə olunacaq.
- Təsdiq olunan müfəttiş AFFA-da işləyir, yoxsa kənardan dəvət olunub?
- Nizamnaməyə görə, həmin şəxsin AFFA-ya aidiyyatı olmamalıdı. Ən yaxın zamanda AFFA-nın rəsmi saytında bu haqda açıqlama veriləcək.
- Lisenziyalaşdırmayla bağlı dəyişikliklər hansı zərurətdən irəli gəldi?
- Lisenziya mövsümündə müəyyən məsələlər ortaya çıxır. Elə mövzular var ki, lisenziyalaşdırma qaydalarında nəzərə alınmayıb. Məsələn, ötən il ilk dəfə 1-ci liqa klubları lisenziyalaşdırma prosesindən keçirdi. Bu dövrdə müəyyən məsələlər ortaya çıxırdı ki, lisenziyalaşdırmada, ümumiyyətlə, əksini tapmayıb. Buna uyğun əlavələr olundu. Hər il UEFA tərəfindən müəyyən tövsiyyələr, tələblər olur.
- AFFA-nın strategiyasının yazılması nə yerdə qaldı?
- Son iki ayda AFFA-ya aid üzvlər, bütün federasiyalar, həmçinin, mətbuat nümayəndələri, hətta dövlət qurumları ilə görüşlər keçirildi. Bundan başqa, ictimaiyyətə müraciət etmişdik ki, strategiyanın yazılması üçün hansısa əlavə, qeyd, fikir varsa, istənilən nümayəndə, vətəndaş fikirlərini bizimlə bölüşə bilər. 300-dən çox təklif almışıq. Bunların arasında məqsədəuyğun olan və olmayanlar var idi. Hər biri detallı şəkildə incələnib. Əcnəbi ekspertlər də ölkəmizə səfər edəcək. Çalışacağıq ki, futbola yaxın sahələri də strategiyanın yazılmasına cəlb edək. Strategiya 2025-28-ci illəri əhatə edəcək. Düşünürük ki, görülən işlərin müsbət tərəfini növbəti illərdə görəcəyik.
- Əsas məsələlərdən biri yığmanın uğursuz çıxışıdı. Artıq futbol ictimaiyyəti və azarkeşlər AFFA-nı sərt tənqid edir. Müxtəlif yığmalar da son oyunların hamısında uduzub. Bu uğursuzluqlarda AFFA-nın payı nə qədərdi?
- Uğursuz nəticələr bizi də narahat edir. Çalışırıq ki, bu yöndə müəyyən işlər görülsün və gələcəkdə nəticələr müsbət olsun. Müəyyən strategiyanın yaradılması elə işdi ki, bir aya, bir ilə nəticə əldə etmək çətindi. Uşaq və gənc futbolunda planlı iş aparmalıyıq. Bunu futboldan anlayışı olan hər kəs başa düşür.
- AFFA Fernando Santuşdan hesabat tələb etdi?
- Görüşdə Fernando Santuş da iştirak edirdi. Aşağı yaş qruplarından ibarət yığmalarla bağlı müzakirələr zamanı onun da fikirləri, qeydləri nəzərə alındı.
- Tənqidləri normal qəbul edirsiz?
- Sağlam, müəyyən sərhədləri keçməyən tənqidə, təbii ki, hər birimiz normal yanaşmalıyıq.
- AFFA-nın büdcəsi azalıb, ya artırılıb?
- Bu dəqiqə bununla bağlı məlumat verə bilmərik.
KƏNAN BAHADIR