Millətlər Liqası, qrup mərhələsi
C liqası, 1-ci qrup
Slovakiya - Azərbaycan 2:0 (2:0)
1. Martin Dubravka
16. David Hantsko
(13. Samuel Kozlovski, 90+3)
4. Adam Obert
14. Milan Şkrinyar (k)
6. Norbert Dyomber
8. Andrey Duda
(10. Laslo Benes, 71)
22. Stanislav Lobotka
19. Yuray Kutska
17. Lukas Haratslin
(11. Lübomir Tupta, 84)
15. David Strelets
(9. Robert Bojenik, 84)
7. Tomas Suslov
(20. David Duriş, 71)
Ehtiyat oyunçular
12. Marek Rodak
23. Henrix Ravas
2. Peter Pekarik
3. Denis Vavro
5. Lübomir Şatka
18. Leo Sauer
21. Matuş Bero
Baş məşqçi: Françesko Kaltsona
23. Mehdi Cənnətov
3. Elvin Cəfərquliyev
15. Bədavi Hüseynov
(5. Şəhriyar Əliyev, 70)
13. Rahil Məmmədov
2. Amin Seydiyev
(22. Abbas Hüseynov, 37)
20. Aleksey İsayev
16. Elvin Camalov (k)
(7. Coşqun Diniyev, 78)
6. Emil Mustafayev
(11. Ramil Şeydayev, 46)
17. Toral Bayramov
10. Ozancan Kökçü
(18. Ceyhun Nuriyev, 46)
9. Renat Dadaşov
Ehtiyat oyunçular
1. Rza Cəfərov
12. Yusif İmanov
4. Xəyal Nəcəfov
8. Emin Mahmudov
14. Rüstəm Əhmədzadə
19. Nəriman Axundzadə
21. Qismət Əliyev
Baş məşqçi: Fernando Santuş
Qollar: O.Duda, 22-p. (1:0). D.Strelets, 26 (2:0).
Vərəqələr: A.Seydiyev, 15. E.Cəfərquliyev, 37. T.Bayramov, 42. Ş.Əliyev, 90+1 - sarı.
Hakimlər: DAMİAN SİLVESTRYAK, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (hamısı Polşa).
VAR hakimi: Pyotr Lask (Polşa).
Hakim-inspektor: Con Veqerif (Niderland).
UEFA nümayəndəsi: Diana Bulqari (Moldova).
8 sentyabr. Koşitse. “Koşitse Futbol Arenası”. 11435 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
12 (7) qapıya ("çərçivə"yə) zərbə 4 (3)
4 künc zərbəsi 6
1 ofsayd 0
16 qayda pozuntusu 13
0 (0) sarı (qırmızı) vərəqə 4 (0)
53 topa sahibolma (faizlə) 47
Millimiz növbəti sınaqdan da üzüağ çıxa bilmədi. Ardıcıl ikinci məğlubiyyət komandanın qrupu yuxarı pillələrdə bitirəcəyinə ümid edən azarkeşləri məyus etdi. Oyun təkcə məğubuyyətlə yox, həm də Fernando Santuşun məlum radikal qərarıyla yadda qaldı. Söhbət illərdi kapitan sarğısını daşıyan Emin Mahmudovla Ramil Şeydayevin start heyətində olmamasından gedir. Bəli-bəli, çoxları gözüə inana bilmədi. İsveçlə matçda yaşanan qalmaqallı penalti epizodundan sonra verilən qərar baş məşqçinin əlini masaya möhkəm çırpdığını düşünməyə əsas verir. Çox güman, komandadaxili iclasda müzakirələr arzuolunmaz xarakter alıb. Oyunöncəsi mətbuat konfransında Şeydayevi start heyətində görəcəyimizi deyən portuqaliyalı oyundan sonra aranın pozulduğunu etiraf etməsə də... Kapitan sarğısı ilk dəfə "Sabah"ın Elvininə qismət oldu.
Bəs dəyişikliklər, Santuş demişkən, taktiki gedişlər nə dərəcədə faydalı olacaqdı? Sualın cavabını tapmaq üçün çox gözləmədik. Slovakiya ilk dəqiqələrdən millimizi sıxışdırmağa başladı. Erkən qola imkan verməmək üçün cərimə meydançası ətrafına toplaşan futbolçular Haratslinin qapını nişan almasına mane ola bilmədi. Onun zərbəsini Mehdi dəf etdi ki, Strelets Bədavinin müdaxiləsi sayəsində qeyri-dəqiq oldu. Düzdü, slovaklar da Estoniyaya qarşı oynayan ilk "11-lik"də dəyişikliklər etmişdi. Lakin Pekarik, Bojenik və Benesin əvəzinə meydana çıxanlar, xüsusilə Duda və Strelets yetərincə fəal idi. Yığmamız qısa ötürmələrdən yararlanıb topu qarşıda "keşik çəkən" Renatla Torala çatdırmağa çalışırdı. Meydan sahibləri buna imkan vermirdi ki, "kürə" Mehdiyə qədər qayıtmalı olurdu.
İlk fürsəti 9-cu dəqiqədə əldə edən millimiz istəyinə çatmadı. Renatın Ozancana ötürdüyü topa Şkrinyar yiyələndi. Ardından Rahil uğursuz cəhdlə yadda qaldığından, "kürə" Emilə çatmadı. Slovakiyanın təhlükəli cəhdi isə qapıya zərbəylə tamamlanacaqdı. Xoşbəxtlikdən Rahil Dudanın "çərçivə"ni nişan almasına mane oldu. Yığmamız bura qədər hücumların qarşısını qətiyyətlə alırdı ki, 20-ci dəqiqədə qapımıza penalti təyin edildi. Buna Aminin cərimə meydançası daxilində qapıya zərbə endirməyə hazırlaşan Haratslinə qarşı kobudluğu səbəb oldu. Belədə "nöqtə"yə yaxınlaşan Duda hesabı açdı. Rəqibin qapımızın önündə yaratdığı növbəti təhlükəli vəziyyət də qolla nəticələndi. Daha doğrusu, Aminlə Bədavinin qabaqlaya bilmədiyi Haratslinin qapının yaxınlığına ötürməsindən Abbasın önünə keçə bilmədiyi Strelets maksimum faydalandı.
Millimiz 35-ci dəqiqədə ələ düşən qol fürsətindən də yararlana bilmədi. Halbuki Elvin hər şeyi düzgün etmişdi. Sadəcə, Renat onun qapı önünə çatdırdığı topa ayağı sürüşdüyünə görə sahib çıxa bilmədi. Çox keçmədən slovakların hücum cəhdinə şahidlik etdik. Burda Dyomberin ötürməsi Streletsə çatsa da, top sonuncunun qapıya zərbəsindən sonra Bədaviyə toxunub yön dəyişdi. 38-ci dəqiqədə Haratslinin cərimə meydançasına çatdırdığı top Ozancana təmas edib "çərçivə"yə doğru şütüdü. Xoşbəxtlikdən Mehdinin cəld müdaxiləsi hesabın darmadağın həddinə çatmasına imkan vermədi. Yığmamızın tutarlı hücumunu isə 40-cı dəqiqədə izlədik. Lakin Dubravka Ozancanın Duda ilə Hantskonun arasından sıyrılaraq endirdi zərbənin qarşısını almaqla komandasını qoldan xilas etdi. Qolkiper bir qədər sonra yenə seyvlə yadda qaldı. O, Alekseyin künc zərbəsindən göndərdiyi topu başla qapıya yönəldən Rahili üzdü.
İndi fasiləyə qədər iki qol buraxan millimiz qisas almalı, ən pis halda hesabın dəyişməsinə imkan verməməliydi. Santuş əvəzetmələr hesabına 2-ci hissədə daha sabit mübarizə şəraiti yaratdı. Belədə meydan sahiblərinin hücumları səngidi ki, yığmamız pis təsir bağışlamadı. 52-ci dəqiqədə Mehdi Haratslinin zərbəsini dəf etdi. Bədavi meydanda qalan topu uzaqlaşdırmaqla təhlükəni tam sovuşdurdu. Bir qədər sonra Aleksey uzaqdan bəxtini sınasa da, Dubravka yerində idi. Haratslinin növbəti cəhdi 71-ci dəqiqədə qeydə alındı. Lakin həm o, həm də bir qədər sonra "çəçivə"ni nişan alan Benes Mehdini məyus edə bilmədi. Qolkiper Streletsin qapıya zərbəsinin də öhdəsindən gəldi. Sonuncu təhlükəli epizodun müəllifi isə millimiz oldu. Lakin Toralın qeyri-dəqiqliyi topun tirin üzərindən keçməsiylə nəticələndi. Beləliklə, yığmamız turnirdə ardıcıl ikinci məğlubiyyətlə barışdı.
3-cü turda Estoniyanın qonağı olacağıq. Matç oktyabrın 11-də keçiriləcək.
Gözdən qaçmadı
* Oyuna bir saat qalmış stadiona çatdıq və dərhal da azərbaycanlı jurnalistlər üçün ayrılan yerdə əyləşdik. Stadionun ətrafında ciddi qələbəlik vardı. Açıq-aydın hiss olunurdu ki, bu şəhər yığmanın oyunu üçün darıxıb. Stadionda yığma forması geymiş dicey Semirin vasitəçiliyi ilə möhtəşəm mahnılar səslənirdi.
* Oyuna 20 dəqiqə qalmış qazon sulandı.
* Yığmanı oyunöncəsu isinmə hərəkətlərinə Santuş yox, köməkçiləri çıxardı. Start heyətindən kənarda qalanlar “aradaqaldı” oynadı. Şeydayevin məyusluğu əməllicə hiss olunurdu.
* Yığmanı “Milli dəstə”nin bayrağı altında birləşən 40-a yaxın azarkeş dəstəkləyirdi. Onlar qonaq fanatlar üçün nəzərdə tutulan D1 sektorunda yer almışdı. 44-cü dəqiqədə “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirdilər.
* Daha bir maraqlı məqam: Estoniya ilə səfər oyunundan birbaşa Koşitseyə gələn Slovakiya yığması “Hilton” otelində məskən salmışdı. Stadionun diktoru oyundan əvvəl öz yığmalarını təqdim edərkən “Slovakiya şahinləri” ifadəsinin işlətdi. Start fitinə 11 saat qalmış stadiona gerçək şahin də gətirildi.
* Oyuna 3 dəqiqə qalmış, demək olar ki, bütün yerlər dolmuşdu. Hər iki ölkənin himni canlı ifa olundu. Bizimkini xanım müğənni Kern Danger-Manafzadə, Slovakiyanın himnini isə milli paltar geymiş 12 nəfərlik dəstə.
* 30-cu dəqiqədə stadionlarda “Meksika dalğası” başladı.
* Fasilədə media otağına yollandıq ki, Azərbaycan ilə başqa ölkələrdəki təşkilatçılığı müqayisə edək. Məhdud həcmdə qəlyanaltını artıq slovakiyalı həmkarlarımız “aşırmışdı”.
* Ramil, Elvin və Ceyhun formasını azarkeşlərə atdı. Santoş oyundan sonra bütün futbolçuları azərbaycanlı azarkeşlərin olduğu tribunanın önünə getməyə məcbur etdi.
KƏNAN BAHADIR