Başqa ölkədə legioner həyatı yaşamaq az qala hər azərbaycanlı futbolçunun arzusudu.
Bu arzuya çatanlar da var. Özü də gənc yaşda. Cəlal Hüseynov 20 yaşında Bolqarıstana – “Arda”ya yollanmaqla Avropada ilk addəmlarını atdı. Onunla əlaqə saxlayıb Bolqarıstanda keçirdiyi bir il və futbol karyerası ətrafında söhbətləşdik.
- “Arda”da bir mövsümü başa vurdun. Bu müddəti necə keçirdin, nələr gördün?
- Ümumilikdə mövsüm mənim üçün yaxşı alındı. Birinci dəfə ölkədən kənarda oynamağıma, legioner həyatı yaşamağıma baxmayaraq, çox uğurlu keçdi. Düzü, ilk başlarda bəzi çətinliklər oldu. Uyğunlaşma problemi var idi, yəni başqa ölkədə başqa bir mədəniyyətə uyğunlaşmaq asan olmadı. Ancaq bunların hamısına hazır gəlmişdim. Ona görə mənim üçün daha rahat keçdi. Çətinlik oldu, lakin bir müddət çəkdi. Həmin dönəmi keçəndən sonra isə rahat oldu. Performansımın 50-60 faizini göstərə bildim. İndi özümü daha yaxşı hiss edirəm. Artıq növbəti mövsümə hazırlaşmaq üçün komandaya qoşulmuşam. Məşqlərimiz davam edir. İyulun 20-də Bolqarıstanda çempionat başlayır. İnanıram ki, bu mövsüm daha uğurlu nəticə əldə edəcəyik. Mən də öz oyunumu və performansımı tam şəkildə göstərə biləcəm.
- Darıxmaq hissi varmı, yoxsa tam öyrəşmisən? Legioner həyatı sənə nə qazandırdı, nələri qurban verdin?
- Təbii ki, darıxmaq oldu, bu da normaldı. Başqa ölkəyə gedirsən, ilk dəfə tək yaşayırsan. Sadəcə, hazır olmaq lazım idi. Mən də bura hazır gəlmişdim. Ancaq dediyim mərhələləri keçəndən sonra tam öyrəşdim. Legioner həyatı çox böyük bir təcrübədi. Bütün futbolçulara bu həyatı arzulayıram. Və nə qədər bacarırlarsa, tez yaşasınlar. Çünki istər səxsi həyat, istərsə də futbol karyerası üçün böyük təcrübədi. Bura gəlməklə hər şeyi qurban verirsən. Azərbaycanda qalıb daha çox pula oynaya bilərdim. Burda isə o qədər yüksək maaş almıram. Amma daha yaxşı yerlərə getmək, Avropaya addım atmaq üçün düzgün seçim olduğunu düşünürəm. Yəni irəli getmək daha asandı. Gələndə hər şeyi qurban verirsən. Əlbəttə, hamı ailəsinin yanında olmasını istəyər. Mən isə bunlari qurban verdiyim üçün burdayam. Təkbaşına bu çətinliklərin hamısını yaşayıram.
- Azərbaycana gəldin və qayıtdın. Burda futbolçu yoldaşlarından kimlərləsə görüşdünmü, çempionatınız barədə təəssüratını bölüşdünmü?
- Bəli. Hətta deyim ki, mövsüm boyunca da hansı futbol adamları ilə yaxınlığım varsa, onlarla bu mövzuda danışırıq. Fikir mübadiləsi aparır, çempionatları müqayisə edirik. Burda necə edirlər, hansı metodikadan istifadə edirlər, necə olmalıdı – bunları danışırıq. Bu mövzuda bir neçə nəfərlə ətraflı söhbətləşirəm. Azərbaycana gələndə də futbolçu dostlarım, futboldakı yaxın tanışlarımla görüşüb, bu barədə danışdıq. Çempionatımızla bağlı təəssüratımı onlarla bölüşdüm.
- 20 yaşında legioner həyatına başlayan gənc kimi çoxlarından öndəsən. Bu uğura görə kimə borclusan?
- Bəli, ola bilər ki, kimlərdənsə öndəyəm. Çünki legioner həyatına 20 yaşımda başladım. Hamıya arzulayiram ki, nə qədər tez mümkündüsə, xaricə getsinlər. Düşünün, tam fərqli bir məsuliyyətdi. Bu uğuruma görə ilk növbədə ailəmə “çox sağ ol” demək istəyirəm ki, məni həmişə düzgün yönəldiblər. Futbola Şirvan şəhərində başlamışam. Ordakı bütün məşqçilərimə - Niyazi Məlikov, Tahir Əliyev, Ramiz Hacıyevə təşəkkür edirəm. Bu yerlərə çatmağımda hər birinin rolu olub. Sonradan da məşqçilərim dəstək verib. Amma bir adamın adinı deməliyəmsə, bu Cəfər Hüseynovdu. Onun üstümdəki əziyyəti çox böyükdü. Uşaq yaşlarımdan o insanın yanında olmuşam. Hansı akademiyanın yetirməsi olduğumu soruşsan, Cəfər Hüseynov akademiyası deyərəm. Əlbəttə, dəstək olanlarla bərabər öz əziyyətimi qeyd edim. Bu yerlərə gəlmək üçün çox əziyyət çəkdim. Yenə də davam edirəm ki, daha da yüksəklərə gedim, hədəflərimə çatım.
- Bir il əvvəl premyer-liqadan düşən “Şamaxı”dan “Arda”ya getdin. İlk “beşlik”də olan klublarda oynasaydın, yenə Bolqarıstanı seçərdinmi?
- Bir il əvvələ "Şamaxı"dan bura gəldim. Amma ilk “beşlik”də oynayan komandalarda da oynasaydım, bu addımı atardım. Çünki uşaqlıqdan, elə "Zirə"də əsas heyətə qalxandan bəri həmişə istəmişdim ki, mən də legioner olum. Komandamızda olan əcnəbiləri görürdüm və çox böyük həvəsim vardı. Arzulayırdim ki, nə vaxtsa bu həyatı mən də yaşayım. Məncə, fərq etməzdi ki, hansı klubda, necə yerdəyəm. İstənilən halda bu addımı atardım.
- “Şamaxı” elitaya qayıtdı, sabiq baş məşqçin Cavid Hüseynovun komandası isə 1-ci liqaya qalxdı. Bu münasibətlə onları təbrik etdinmi? Ümumiyyətlə Cavid bəylə gələndən sonra nəyisə danışıb, məsləhətləşirsənmi?
- Bəli, "Şamaxı"nın elitaya qayıtması xoş oldu. Orda oynayan dostlarım da var. Hamısını ürəkdən təbrik edirəm, özləriylə də danışmışam. "Şamaxı" rəhbərliyini də təbrik etmişəm. Sağ olsunlar, mənə qapılarını açdılar. "Cəbrayıl" da 1-ci liqaya qalxdı və bu münasibətlə Cavid müəllimi də təbrik etmişəm. Onlara da bol uğurlar arzulayıram. İşlərin düzgün getdiyinin göstəricisidi. Bilirəm ki, elitada oynamaq istəyirlər və inanıram ki, bunu bacararlar. Cavid müəllimlə hər hansı bir şeyi məsləhətləşirik desəm, yalan olar. Amma yenə də münasibətimiz çox yaxşı yerdədi. Ona da təşəkkür edirəm ki, vaxtilə məni komandasında görmək istədi, mənə inandı.
- Sabiq komandan “Zirə” Avropa Liqasında “Şerif”lə qarşılaşacaq. Komandanın Avropada şanslarını necə düşünürsən? “Arda”da olan əcnəbilərdən “Şerif” barədə məlumat almısanmı?
- "Zirə"ni də təbrik edirəm, Avropada ölkəmizi təmsil edəcəklər. Amma rəqibi "Şerif" barədə bir məlumatım yoxdu. Komandamızda da moldovalı futbolçu yoxdu ki, onunla bu barədə danışım. Elə biri olsaydı əlbəttə, öyrənərdim komanda necədi, hər hansı bir fikir mübadiləsi aparardım. Amma "Zirə"yə uğurlar arzulayıram. İstərdim ki, bütün təmsilçilərimiz kimi "Zirə" də növbəti tura keçsin. Daha da irəli getməsi üçün uğurlar arzulayıram.
- Pley-off oynamaq şansınız baş tutmadı. Alınsaydı, siz də Avropa Liqasına yollana biləcəkdiniz. Bu amil komandanıza necə təsir etdi?
- Bəli, pley-offa çıxa bilmədik. Futboldu, bəzən nəticə gözlədiyin kimi olmur.
- Komandanın 5 əsas oyunçusundan biri sənsən. İndiki hədəfin nədi? Həmçinin bunların fonunda başqa klublardan təkliflər almısanmı?
- Əlbəttə, bütün futbolçular komanda üçün vacibdi. Amma mən əsas oyunçuyamsa, nə xoş mənə. Deməli, nələrisə düz etmişəm. Əsas hədəfim özümü maksimum inkişaf etdirməkdi. Nə qədər irəli gedə, nə qədər daha yaxşı olar, daha yaxşı çempionatda oynaya bilərəmsə, bunu etmək istəyirəm. Hazırda da buna köklənmişəm. İndilik heç bir təklif yoxdu. Komandadayam və çempionatımıza hazırlaşırıq.
- Cəlal Hüseynov futbolçu olmağa qərar verəndə hədəfləri nə idi və hazırda onları nə dərəcədə reallaşdırıb, nə qalıb?
- Futbolçu olmağa qərar verəndə uşaq idim. Hər hansı yerə getmək barədə geniş fikirlərim yox idi. Amma yavaş-yavaş fikirlər formalaşandan sonra, həqiqətən də peşəkar futbol gördükdən sonra həmişə istəmişəm daha üstünü edim. Hara qədər gedə biləcəyimə baxmışam. Bunun üçün də çalışıram. Necə olacağını gələcəkdə görə biləcəyik. Ola bilər ki, burdan o tərəfə də gedə bilməyim, elə arxaya qayıdım. Yaxud ola bilər daha yüksəklərə gedim. Bunu zaman göstərəcək.
- Özünü hansı ölkənin çempionatında və klubda görməyi arzulayardın?
- Almaniya çempionatında oynamaq istərdim. Dortmund "Borussiya”sının azarkeşiyəm, orda forma geymək istəyərəm. İngiltərə çempionatında isə “Mançester Yunayted”də çıxış etməyi arzulayıram.
RÖYANƏ OĞUZ