“ASCO Arena”da 3-cü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc medal uğrunda matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” yarışı üçüncü sırada tamamlayıb. Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah” üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan matçın penalti seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.
Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 38 qol vuran “Sabah”ın oyunçusu Samir Şərifov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu seçilib. Mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər. Xatırladaq ki, bu mövsüm “Qarabağ”ın əsas və U-13 komandası da çempion olub.
Nəyin hesabına çempion olduz? Mövsüm sizin üçün necə keçdi? Əsas rəqibləriniz kimlər idi? Bildiyimizə görə, həm siz, həm də rəqibiniz final oyununun erkən saatda başlamasından narazı idi. Matçın tez başlaması komandaya necə təsir etdi? Bu sualları “Qarabağ” U-15 komandasının baş məşqçisi Vüqar Əsgərliyə ünvanladıq:
“Çempionluq uşaqlara xüsusi, əlavə sevinc verir, onların futbola yanaşması baxımından da işlərinə ciddi yanaşmağa məcbur edir. Çempionluq akademiyada yalnız məşqçinin işi deyil. Təyin olunmuş istiqamət üzrə müəyyən məqsədə çata bilərik. Sevindirici haldı ki, həmin istiqamətlə uğurlu nəticə əldə edə bildik. Uşaqlar belə istəklə, ciddi davam etsələr, gələcəkdə yüksək səviyyəli futbolçu ola və əsas komandaya yüksələ bilərlər. Əsas rəqibimiz anlayışını qəbul etmirəm. Bizim üçün yalnız rəqib var və hər biri bizim üçün əsas rəqib idi. Təbii ki, oyunun sərin vaxtda başlaması daha məqsədəuyğun olardı. Amma şərtlər hər iki komanda üçün eyni idi”.
ƏSƏD SEYİDOV




