“Musanın “Yurqorden”lə heç bir bağlılığı qalmayıb” - meneceri transferin detallarını açıqladı

16.06.2024 22:00 774
Dünya futbolu / Manşet
Ötən ilin iyulunda “Yurqorden”ə transfer olunan Musa Qurbanlının 11 aylıq İsveç karyerası sona çatdı.

Futbolçunun “Yurqorden”lə sözləşməsinin 2026-cı ilə qədər olmasına baxmayaraq, yenidən sabiq komandası “Qarabağ”a döndü. Belədə Musanın da gəlişiylə “köhlən atlar”ın hücum xəttində üç, hətta Mahir Emrelinin də sabiq komandasına dönmək xəbərləri təsdiqini taparsa dörd oyunçu mübarizə aparmalı olacaq (digər iki oyunçu Olavio Juninyo ilə Nəriman Axundzadədi - red.). Həm müqavilənin detallarını, həm də digər məsələlər barədə fikirlərini öyrənmək üçün təcrübəli menecer Tural Əsgərliylə danışdıq. Onun “Football-plus.az”a söylədikləri:
“Qarabağ” birdəfəlik Musanın transfer hüquqlarına yiyələnib. Yəni artıq o, tam Ağdam təmsilçisinə məxsusdu. “Yurqorden”lə heç bir bağlılığı qalmayıb. Digər məsələyə gəlincə, adını sadaladığınız oyunçulardan təksə Musa sırf hücumçu kimi çıxış edir. Nərimanla Juninyo isə həm cinahda, həm də hücumda çıxış edə bilər. “Qarabağ” kimi klubda yalnız bir və iki hücumçumu olmalıdı? Komanda bir mövsümdə az qala 50-dən çox oyun keçirir. Hesab edirəm ki, burda qeyri-adi heç nə yoxdu”.

KAMAL SƏFƏR