Yoldaşlıq oyunu
299. Albaniya - Azərbaycan 3:1 (1:0)
23. Tomaş Strakoşa
4. Elseid Hüsay
5. Arlind Aeti
(18. Ardian İsmayli, 77)
6. Berat Cimsiti (k)
(13. Enea Mihay, 46)
3. Mario Mitay
(25. Naser Aliyi, 46)
21. Kristyan Aslani
20. Yulber Ramadani
10. Nedim Bayrami
9. Yasir Asani
(26. Arber Hoca, 46)
11. Armando Broya
(7. Rey Manay, 46)
15. Taulyant Seferi
(14. Kazım Laçi, 61)
Ehtiyat oyunçular
1. Etrit Berişa
12. Elxan Kastrati
2. İvan Balyu
8. Klaus Qyasulya
16. Medon Berişa
17. Ernest Muçi
19. Mirlind Daku
22. Amir Abraşi
24. Maraş Kumbulla
Baş məşqçi: Silvinyo
1. Şahruddin Məhəmmədəliyev
13. Rahil Məmmədov
(21. Qismət Aliyev, 46)
15. Bədavi Hüseynov
4. Bəhlul Mustafazadə
3. Elvin Cəfərquliyev
8. Emin Mahmudov (k)
(6. Emil Mustafayev, 69)
7. Coşqun Diniyev
(16. Elvin Camalov, 46)
20. Aleksey İsayev
17. Toral Bayramov
(9. Vüsal İsgəndərli, 63)
10. Mahir Emreli
(22. Musa Qurbanlı, 77)
11. Ramil Şeydayev
(18. Ceyhun Nuriyev, 69)
Ehtiyat oyunçular
12. Rza Cəfərov
23. Mehdi Cənnətov
2. Amin Seydiyev
5. Anton Krivotsyuk
19. Emil Səfərov
Qollar: N.Bayrami, 11 (1:0). R.Manay, 81 (2:0). K.Laçi, 87 (3:0). M.Qurbanlı (3:1).
Vərəqə: E.Mustafayev, 73 - sarı.
Hakimlər: MİHALİ KAPRALİ, İştvan Albert, Gerqo Vigh-Tarsonyi, İştvan Vad (hamısı Macarıstan).
7 iyun. Sombathey (Macarıstan). “Haladas SportKomplexum”.
Yalnız ikinci hissəyə iki dəqiqə əlavə olunub.
11 (5) qapıya ("çərçivə"yə zərbə) 9 (3)
4 künc zərbəsi 3
2 ofsayd 1
6 qayda pozuntusu 11
0 (0) sarı (qırmızı) vərəqə 1 (0)
40 topa sahibolma (faizlə) 60
Dünən ölkəmizin futbol yığması növbəti yoldaşlıq görüşündə AÇ-2024-ün iştirakçısı Albaniya ilə qarşılaşdı. Maraq üçün xatırladaq ki, bu, AFFA-nın yeni rəhbərliyinin dönəmində yığmanın ilk oyunu idi. Qəzetimizin ötən sayında rəqibin gücündən bəhs etmişdik. Komandanın heyətindəki bütün futbolçularının legioner həyatı yaşaması, yığmamızı, demək olar ki, bütün kateqoriyalar üzrə üstələməsi işi çətinləşdirən məqamlardan idi. Təbii ki, belə rəqibin məğlub edilməsi düşərgədə ab-havanı yaxşılaşdırmaqla yanaşı, baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Arif Əsədovun karyerasına uğurlu səhifə kimi yazılacaqdı. Lakin Sombatheydə yaşananlar bu yöndə ümidləri növbəti dəfə puç etdi.
Rəqib ilk dəqiqələrdən ciddi təzyiq yaratmağı bacardı. Albanlar qol axtarışını davam etdirirdisə, millimiz müdafiə olunmağa məcbur idi. Xoşbəxtlikdən yığmamız arxa xəttə fəallıq nümayiş etdirir və Silvinyonun komandasına mane ola bilirdi. Lakin bu, uzun çəkmədi. Bəhlulun qeyri-dəqiq ötürməsinə Şahruddinin kobud səhvi də əlavə olununca hesab açıldı. Rəqib 11-ci dəqiqədə Bayraminin qoluyla önə çıxdı. Cəsarətlənən albanların fərqi artırmaq cəhdləri bir-birini əvəz etdi. Millimizin ilk təhlükəli hücumu isə 23-cü dəqiqəyə təsadüf etdi. Elvin sol cinahla irəliləyərək topu Ramilə çatdırdısa, sonuncu rəqibin cərimə meydançasına doğru qaçan Eminə ötürmə verdi. Lakin kapitan topa çata bilmədiyindən fürsəti əldən verdi. Ardından Aleksey qapıya zərbə ilə yadda qaldı. O, rəqibin təhlükəli zonadan uzaqlaşdırmaq istədiyi topu "çərçivə"dən keçirmək imkanına malik olsa da, qeyri-dəqiq zərbə vurdu.
Yığmamızın fəallığı artırması albanların qol axtarışının səngiməsiylə müşayiət olundu. Daha bir qol fürsəti əldə etdik. Bu dəfə Bədavi uzaqdan zərbə ilə hesabı bərabərləşdirə bilərdi. Bunun üçün qapını dəqiq nişan almaq vacib idi ki, təcrübəli müdafiəçi bunu bacarmadı. Bir qədər sonra Mahir Mitaya qarşı kobud oynadığından cərimə zərbəsi təyin olundu. Belədə birbaşa qapını nişan alan Bayrami Şahruddini məyus edə bilmədi. Daha doğrusu, qolkiper fərqin artmasına mane oldu. Millimiz hesabı bərabərləşdirmək fürsətini 45-ci dəqiqədə əldə etdi. Aslani Mahiri topsuz olduğu halda itələyərək yerə yıxdığından cərimə zərbəsi təyin edildi ki, Şahruddidin mərkəzə qədər gəldiyi, meydan oyunçularımızın bütünlüklə irəlidə yerləşdiyi epizod Eminin qeyri-dəqiq zərbəsi üzündən qolla nəticələnmədi.
İkinci hissə hər iki komandada əvəzləməlırin edilməsiylə başladı. Əsədov arxa və orta xəttə yenu nəfəs verdi. Millimiz qısa ötürmələrlə hücum qurmaq istəyirdisə, rəqib rahat görünür və topa sahib olmaqla üstünlüyünü qorumağa çalışırdı. 54-cü dəqiqədə Ramil Toralın ötürməsini layiqincə dəyərləndirə bilmədi. Hücumcunun zərbəsi qapının üzərindən keçdi. Çox keçmədən Mahir daha bir cəhdində uğursuz oldu. O, "çərçivə"ni dəqiq nişan ala bilmədi. Komandamızın qol axtarışlarının fayda verməməsi getdikcə ruh düşkünlüyünə gətirib çıxarırdı ki, azalan vaxt təzyiqi artırırdı. Buna baxmayaraq, 72-ci dəqiqədə Elvinin ötürməsi sayəsində Mahirin növbəti cəhdini izlədik. O, nəhayət, "çərçivə"ni nişan alsa da, Strakoşanı məğlub edə bilmədi. Çox keçmədən Elvin özü qapıya zərbə vurmaq qərarına gəldi və toru yandan silkələdi. Oyun sona yaxınlaşdıqca albanlar yorulmaq əvəzinə bir qədər də fəallaşdı. Rəqibin qol axtarışı 81-ci dəqiqədə nəticə verdi. Manayın zərbəsindən sonra Bədaviyə toxunan top qapıdan keçdi. Şahruddin ilk qolda olduğu kimi, yenə də seyrçi rolunda idi. Çox güman, topun qapının yanından keçəcəyini zənn edən qapıçı yanıldı! Bundan sonra Elvinlə Emilin fərqi azaltmaq cəhdləri Strakoşanın seyvləriylə nəticələndi.
Rəqibin növbəti hücumu isə qolla nəticələndi. 87-ci dəqiqədə Laçi Bayraminin təkbaşına reyd etdikdən sonra verdiyi ötürmədən maksimum faydalanıb komandasının üstünlüyünü möhkəmlətdi. Bir qədər sonra Aslani Qisməti kobud müdaxiləylə yerə sərdiyindən cərimə zərbəsi təyin edildi. 90-cı dəqiqədə Qismət Ceyhunun qapı önünə göndərdiyi topu Musaya çatdırdı ki, hücumçu başla qola imza atdı. Beləliklə, millimiz tarixində dördüncü dəfə bu rəqibə məğlub oldu. Ümumiyyətlə, dünən həm U-19, həm U-21, həm də əsas yığma uduzdu. Hər biri minimum üç qol buraxmaqla. Deməyə söz yoxdu!
Gözdən qaçmadı
* Oyunda Avropa çempionatının rəsmi topundan istifadə olundu.
* Oyunu izləyənlər arasında 2011-17-ci illərdə Albaniya, 2020-23-cü illərdə Azərbaycan yığmasını çalışdırmış italiyalı mütəxəssis Canni de Byazi də var idi.
* Yığmamızı tribunada təxminən 15 azarkeş dəstəklədi.
KƏNAN BAHADIR