1 və 2-ci liqalarda danışılmış oyunlarla bağlı araşdırmalar həılə də davam edir.
AFFA-nın baş katibi, eyni zamanda İcraiyyə Komitəsinin üzvü Sərxan Hacıyev bir neçə dəfə müsahibələrində bu məsələyə toxunub. O, nəticələrin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını bildirmişdi. Artıq mövsümün bitməsinə az qalıb, lakin hələ də bu barədə heç bir məlumat yoxdu. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün ölkəmizdə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli ilə əlaqə saxladıq. Eyni zamanda, UEFA rəsmisindən həmin komandaların fəaliyyəti barədə hansı qərarın qəbul ediləcəyini də soruşduq:
“Hələ ki araşdırma davam edir. Həmin klubların fəaliyyətinə davam edib-etməyəcəyi İntizam Komitəsinin qərarından asılıdı. Hələlik isə araşdırma gedir, siqnallar incələnir, həmin komandaların heyətində şübhəli bilinən şəxslər də nəzarətə götürülüb”.
Səlimli belə oyunlarda iştirak edən klubların sayına da aydınlıq gətirdi:
“Komandaların sayına gəlincə, 3-4-ü dəqiqdi. Yəni 3-4 komandanın iştirak etdiyi oyunları nəzərdə tuturam. Sadəcə, ola bilər ki, araşdırma nəticəsində hansısa komanda müqəssir olsun və ya hansısa komanda günahsız olsun. Ona görə də indi ad çəkmək doğru olmaz”.
Bəs bu yöndə informasiya ictimaiyyətə nə vaxt açıqlanacaq?
“Doğrusu, bu suala indi cavab verə bilmərəm. Yalnız araşdırma tamamlanandan və İntizam Komitəsinin qərarından sonra bu məsələ ictimailəşə bilər. Yəni həmin vaxta kimi məlumat vermək düzgün deyil”.
KAMAL SƏFƏR