Minifutbol üzrə ölkə çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
“Birbaşa Bakı” “İnter”i, “Odlar Yurdu” “Abşeron”u 4:1 hesabıyla məğlub edib. “Real Bakı” – “Qalaksi” oyunu heç-heçə bitib – 1:1. Bu mərhələnin ən gözlənilməz nəticəsi indiyə qədər keçirdiyi 15 oyunun hamısında qələbə qazanan “Zirə”nin “Aznur”dan iki cavabsız qol buraxmasıdı. Görəsən, “Aznur” nəyin hesabına qələbə qazanıb, bu mərhələni keçə biləcəkmi? “Football-plus.az” bu sualları “Aznur”un baş məşqçisi Rəcəb Fərəczadəyə ünvanladı:
“Hər məşqdə eyni sistem üzrə çalışırıq. Nə qədər alınıb-alınmaması uşaqların ustalıq səviyyəsindən aslıdı. “Zirə” ilə oyunda hər biri dediyim tapşırıqları yerinə yetirdi və qələbə qazandıq. Oyuna çox məsuliyyətli, ciddi yanaşmışdıq. Hamı bir nəfər kimi əzmkar mübarizə apardı. Hətta mən oyunçularıma demişdim ki, üstünlük rəqibdədi, lakin oyun ərzində iki-üç fürsətimiz olacaq, onlardan yararlanmalıyıq. Dediyim kimi də oldu. Əlimizə düşən fürsətlərin 50 faizindən istifadə etdik. Qələbəni şansa bağlamazdım. İlk növbədə şanslı olduğumuzu düşünürdüm. Lakin sonradan oyuna baxdım və gördüm ki, heç də zəif oynamamışıq. Hətta 2-3 qol şansımızı qaçırmışıq. Fikrimcə, “Zirə” həmin gün öz oyununu oynamırdı. Bizim oyunçular yaxşı oynasa da, rəqib oyunçularda başqa matçlarda olan dinamikanı görmədim. “Zirə” 50 dəqiqə ərzində bizə bir qol vura bilmədi. İlk qarşılaşmada 0:2 uduzsaydıq belə, cavab görüşünə ancaq qələbə üçün çıxacağdıq. İndi üstünlük biz tərəfdədi. Yalnız qələbə haqda düşünürük. Minifutbolda 4:0 belə böyük hesab deyil. Buna görə oyunçularda arxayınlıq yoxdu. Onlarla oynamaq bizim üçün də maraqlıdı. Çox güclü minifutbolu bilən heyəti var. Hamısı millinin uşaqlarıdı. Buna görə onlarla oynamaq bizə ikiqat motivasiya verir. Çalışacağıq ki, cavab görüşündə də maraqlı oyun göstərək”.
GÜNAY SÜLEYMANOVA