Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emrelinin zədəsini sağaltdığını və məşqlərə qoşulduğunu xəbər vermişdik.
Bilindiyi kimi, millimizin üzvünün zədəsi çox ciddi idi. Hətta bu üzdən mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı iddia olunurdu. Bununla yanaşı, hücumçunun bir neçə klubdan təklif aldığı və komandasından ayrılmaq istədiyi haqda bilgilər var idi.
Qeyd olunanlarla bağlı futbolçunun anası Elnurə Emreliylə əlaqə saxladıq. O, "Football-plus.az"a açıqlamasında sual doğuran məqamlara aydınlıq gətirdi:
"Mahir həm komandasıyla birgə, həm də fərdi məşqlərə davam edir. Ümumi sağlamlıq durumu yaxşıya doğru gedir. Amma zədəsinin yaratdığı fəsadların tam aradan qalxdığı bəlli deyil. İndiki duruma əsasən iki həftə ərzində yenidən meydana çıxa bilər. Lakin bu, dəqiq deyil. Tezliklə MRT olunacaq və bundan sonra yekun qərar veriləcək. Çünki zədəsi çox təhlükəli idi və tam bərpa olmadan oynaması doğru deyil".
Elmurə xanım yığma üzvünə gələn təklifləri və kollektivindən ayrılmaq ehtimalını da dəyərləndirdi:
"Mahirə onlarla klubdan təklif var idi. Hətta bəziləri zədəli olduğu halda keçidində israrlı idi. O özü istəmədi ki, yeni komandaya qoşulub işə pis başlasın. Bu üzdən transfer məsələsini kənara qoyduq və tam bərpa olunmasına fokuslandıq. Mövsümün sonunda təkliflərə yenidən baxıb qərar verəcəyik. Futbolda bir komandaya bağlı qalmalısan deyə anlayış yoxdu. Hər şey mümkündü və hadisələrin axarından asılıdı".
KƏNAN BAHADIR