Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 16-cı tura yekun vuruldu.
Son oyun günündə autsayder “Araz Saatlı” liderlər qrupunda olan, “Şamaxı”nın bir gün əvvəl xal itirməsi üzündən zirvəyə yüksəlmək şansı qazanan “Qaradağ Lökbatan”ı qəbul etdi.
Oyundan təxminən 2 saat əvvəl artıq Olimpiya Kompleksinə çatdım. Komandaların start heyətinə nəzər salanda Ülvi Əvəzov ad-soyadı diqqətimi çəkdi. 2009 təvəllüdlü futbolçunun adı artıq neçənci dəfə idi protokolda yer alırdı. Hətta onu tanımayanlar oyunöncəsi isinmə hərəkətləri zamanı Ülvini topdaşıyan uşaqlardan biri zənn etdi. Bakılıların məşq formalarının üzərində yer alan “Neftçi İK” yazıları da diqqətdən yayınmadı. Oyuna 45 dəqiqə qalmış hər iki komandanın fanatları tribunada yerini aldı. “Qaradağ Lökbatan” azarkeşləri yerləşdikləri sektoru ağ-qırmızı bayraqlar, baraban və zurnalarla “bəzədilər”. Meydan sahiblərinin fanatları da yerində idi. Starta az qalmış tərəflər arasında xırda anlaşmazlıq da baş verdi. “Araz Saatlı”nın işçilərindən biri bakılıların əyləşdiyi sektorun onlara aid olmadığını bildirdi. Lakin “Qaradağ Lökbatan” azarkeşləri durumu sakitləşdirməyi və təmkinli olmağı bacardı. Matçdan 12 dəqiqə öncə stadionun səsucaldıcıları vasitəsilə Çempionlar Liqasının himni səsləndi.
Gözlənildiyi kimi, oyun qonaqların üstünlüyü şəraitində başladı. Onların ardıcıl hücumları hissənin sonunda bəhrə verdi. Cavid Cəlilov Seyxan Fərəcova qarşı kobudluğu penalti kimi dəyərləndirdi. “Nöqtə”yə yaxınlaşan Fərəcov zərbəni dəqiq yerinə yetirdi – 1:0.
İkinci yarı da eyni ssenari ilə start götürdü. 55-ci dəqiqədə Badejonun zərbəsində top qapıçının qucağında qaldı. Çox keçmədən Fərəcov yenidən qola yaxın oldu. Onun iti bucaq altından zərbəsini qolkiper çətinliklə dəf etdi. 59-cu dəqiqədə isə Seyxan dublunu rəsmiləşdirdi. O, Akyamın gözəl ötürməsini qolla tamamladı – 2:0. 63-cü dəqiqədə Sərxan Abdullayev fərqi artırmağa yaxın oldu. Lakin onun zərbəsi qapının yanından keçdi. Ardından Mehdi Tahirovun qapıçını belə keçən zərbəsini müdafiəçilər boş qapıdan çıxardı. Oyunun sonluğunda Saatlı futbolçuları irəli atılsa da, hesab dəyişmədi – 2:0.
Bununla da xalını 37-yə çatdıran “Qaradağ Lökbatan” lider kürsüsünə oturdu. “Araz Saatlı” isə 4 xalla sonuncu pillədə qərarlaşıb.
Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Rüfət Quliyevlə söhbətləşdim: