"Komanda uduzubsa, məsuliyyət məndədi"

8.02.2024 21:41 170
Ölkə kuboku / Manşet
Ölkə kubokunun 1/4 final mərhələsində "Zirə" "Səbail"i qəbul edib - 3:0.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra qonaqların çalışdırıcısı Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bunu qəbul etmək lazımdı. Bunlardan dərs çıxarmalıyıq. Oyunun qırılma nöqtəsi 3-cü dəqiqə oldu. Təsadüfi və sadə qol buraxdıq. Taktiki sistem ondan sonra qırıldı. Mütləq irəli getməliydik. Təmkinlə yox, emosiolarla irəli getdik. Yadıma gəlmir ki, bir oyunda bu qədər qol epizodu yaradaq. Bir qol vursaydıq, bəlkə vəziyyəti dəyişərdik. Hücumda oynamağa çalışdıq. Rəşad Sadıqov düzgün taktika quraraq, bizi əks-hücumlarda tutdu. 3-cü dəqiqədə buraxılan qol planları pozdu. Futbolçular istəkli idi. Bu qədər epizoddan istifadə etməmək nəticəyə təsir edəcək. Çempionata köklənməliyik. Finala qədər getsəydik də, çətin olacaqdı. Yeni oyunçular tam adaptasiya olmasalar da, keyfiyyətli oyunçulardı.

- Pedro Nunonu niyə sonradan meydana buraxdız?
- Nə Madini, nə Masikeni, nə də Alluşu hazırlıq matçlarında görməmişəm. Onların potensiallarına baxmaq üçün meydana buraxdım. Pedronu tanıyıram. Çempionatdakı oyunlar üçün vacib idi ki, Madi, Masike və Alluşun tam gücünü bilək. Pedro özünü sübut etmiş oyunçudu. Deməzdim ki, kuboku çempionata qurban verdik. Kubokda da oynamaq istəyirdik. Alınmadı. Çox bəsit qollar buraxırıq. Müdafiədə çox pis oynayırıq. "Qarabağ"la oyuna baxıram, müdafiədə çox yaxşı idik. Məcburiyyətdən irəli getdik. Fərdi səhvlər çox idi. Futbolçuların üstünə də getmək olmaz. Onlara dəstək olmalıyıq. Günahkar mənəm, futbolçuların arxasındayam. Komanda uduzubsa, məsuliyyət məndədi.

- Kubokla vidalaşdız, çempionatda 6-cı pillədəsiz. Vəziyyətdən necə çıxacaqsız?
- Xoşuma gəlməyən ruhdan düşən insandı. Yıxılmamışıq. Komandamın oyunu və sistemi var. "Zirə" bu gün mərkəzi keçə bilmirdi. Futbolçuların işə yanaşmasına görə də, auramı korlamıram. Çempionatın əvvəlində üç oyundan sonra 1 xalımız var idi. Bomba bir yerə iki dəfə düşmür. Amma yenə düşə bilər. Zədəlilərimiz oldu. Çempionatın üç oyunundan sonra yenə bir xalımız var. Komandada hələ çox şeylər görəcəksiz. Düzgün yoldayıq.

- Bu vəziyyət klubdakı gələcək taleyinizə necə təsir edəcək?
- Mənim üçün şəxsi müqavilədən daha çox komandanın uğuru öndədi. Heç vaxt qorxmamışam. Savadımı əlimdən ala bilməzlər. Əsas odu. Hər bir məşqçinin çemodanı yanında olmalıdı. Komandaya inamım böyükdü. Keçən ilki "Səbail" deyilik. "Qarabağ"la başabaş oynayan komandayıq. Uğursuzluq çox çəkməyəcək. Bəhanələrim yoxdu. Bu kollektiv "Səbail"i irəli aparacaq.

- Ağabala Ramazanov və David Qomis məşqlərə başlayıb?
- Martdan tez başlamayacaqlar.