Nə qədər qəribə səslənsə də, “Nyukasl”ın maliyyə problemlərinin olduğu faktdı.
İngiltərə klubu 2022/23 mövsümünü 73,4 milyon funt sterlinq itki ilə başa vurub. Rəhbərlik məsələnin yetərincə ciddi olduğunu nəzərə alaraq, indidən zəruri tədbirlər haqda düşünməyə başlayıb.
Nə baş verir?
Maliyyə çətinliklərinin ortaya çıxmasının səbəblərindn biri yay transfer əməliyyatları ilə bağlıdı. Rəhbərlik yeni oyunçuların alğısı üçün ümumilikdə 153 milyon avro xərcləyib: Sandro Tonaliyə görə “Milan”a 64 milyon, Harvi Barnsa görə “Lester”ə 44 milyon, Toni Livramentoya görə “Sauthempton”a 37 milyon, hazırda icarə əsasında “Feyenoord”da çıxış edən Yankuba Mintenin transferi üçün isə “Odense”yə 8 milyon avro ödənilib.
Satılan oyunçuların ümumi dəyəri yalnız 45 milyon avro təşkil edib. Klub bu planda itkinin avrokuboklarda qənaətbəxş çıxış hesabına “sığortalanacağına” ümid edirdi. Lakin Eddi Haunun çalışdırdığı komanda uğursuzluğa düçar oldu: Çempionlar Liqasının qrupunda “Borussiya” (Dortmund), PSJ və “Milan” ilə rəqabətdə geri qalan “sağsağanlar” 6 oyuna 5 xal toplamaqla sonuncu yeri tutdular. Bu isə qitə kuboklarında cari mövsümün onlar üçün erkən başa çatması demək oldu. İllik gəlir 180 milyondan 250 milyon funt sterlinqə qədər artsa da, yeni oyunçulara xərclənən vəsaitin çox olması maliyyə balansının pozulmasını qaçılmaz edib. Xərcləri artıran digər səbəb məşq bazasının yenilənməsinə 10 milyon avrodan çox vəsaitin sərf olunması ilə bağlıdı. Komandanın ev oyunlarını keçirdiyi “Sent Ceyms Park” stadionunun yenidən qurulması da planlaşdırılıb.
Klubun baş direktoru Darren İls mövcud vəziyyəti belə dəyərləndirib:
“İmkanlarımızdan maksimum yararlanmalıyıq. Sabit şəkildə titullar uğrunda mübarizə aparan klub olmaq istəyirik. Lakin buna maneə törədən səbəblər var. “Maliyyə feyr-pleyi” yetərincə çətin məsələdi. Vaxtilə “Liverpul” Filippe Koutinyonu satıb Alissonu və Vircil van Diyki almışdı. “Aston Villa” Cek Qrilişi satmaqla maliyyə strukturuna sərmayə qoymuşdu. İstədiyin oyunçunu hər hansı qiymətə almaq lazım deyil. Biz kommersiya gəlirlərimizin hesabına ehtiyat fondumuzu artırmalıyıq. Ya da oyunçularımızı satmalıyıq. Premyer-liqada yüksək hədəflər uğrunda yarışan 6 komanda sırasına daxil olmalıyıq. “Tottenhem”in illik gəliri təxminən 450 milyon, “Mançester Siti”ninki isə 710 milyona bərabərdi. Belə fantastik göstəricilərə çatmaq üçün böyük yol qət etməliyik”.
Ortaya təbii sual çıxır: necə olur ki, sahibi Səudiyyə Ərəbistanının Sərmayə Fondu olan klub maliyyə problemi yaşayır? Məsələ ondadı ki, indi “Nyukasl”da heç kim kənardan sərmayə qoyuluşu haqda düşünmür. “The Guardian” qəzetinin məlumatına görə, klubun sahibləri bunun mənfi nəticələr verə biləcəyindən çəkinirlər. Artıq Böyük Britaniyada klubun yeni rəhbərliyinin nüfuzunun çox da yüksək olmadığı hesab edilir.
Bu fikri hardasa İls də təsdiqləyir:
“Hazırda Səudiyyə Ərəbistanı klublarında çıxış edən futbolçuların mümkün transferi haqda düşünmürük. Ümumiyyətlə, yanvarda açıq olan “transfer pəncərəsi” həmişə çətin dövr kimi xatırlanır. Bu müddətdə yüksək səviyyəli oyunçuları dəvət etmək çətin olur. Ancaq yay dövrü uzun olduğundan transfer əməliyyatlarını planlaşdırmaq asanlaşır. İlk dövrədə zədəli oyunçularımızın sayı həddən artıq oldu. Mövsümün ikinci yarısında bir neçə yaxşı futbolçunun köməyindən yararlana biləcəyik. Amma yeni futbolçuların transferi prosesi heç də sadə məsələ deyil. Bu prosesə dərhal yox, uzunmüddətli perspektivi nəzərə almaqla başlamalıyıq”.
Bir neçə oyunçunun gedişi qaçılmazdı
Klubun mövcud vəziyyətdən çıxış yolu kimi bir neçə oyunçusunu satması ən ağlabatan ssenari kimi görünür. Baş direktor artıq bunu təsdiqləyib:
“Planlar qurmaq çətindi. Amma vəziyyət belədi ki, oyunçularımızdan birinə görə 1 milyard funt sterlinq təklifi alsaq, rəhbərlikdən heç kim belə təklifi geri çevirə bilməyəcək. Mövcud vəziyyətdən çıxmaq istəyiriksə, oyunçularımızı satmalı olacağıq. Kluba bundan sonra da sərmayə qoymaq niyyətimiz varsa, satmağa məcburuq. Bu planda başqa qayda işləmir. Hər bir oyunçumuzun qiyməti var. İstənilən klubla danışıqlara hazırıq”.
Bəs komandanı tərk etməyə əsas namizədlər kimlərdi? Yerli mənbələr hazırda üç potensial lotu qeyd edir. Onlarla tanış olaq.
* Sven Botman zədəsini yaxında – ötən ilin dekabrında sağaldaraq sıraya dönüb. “The Guardian” qəzetinin məlumatına görə, müdafiəçinin satışı arzuolunmazdı, lakin İngiltərə nəhəngləri artıq niderlandlını hədəfə alıb. Rəhbərlik bir müddət əvvəl Svenlə müqaviləni yeniləmək haqda düşünürdü.
* Bruno Gimaraynş PSJ-nin hədəfindədi. Özü də Fransa klubu onu yanvarda sıralarına qatmağı planlaşdırıb. “TNT Sport”un məlumatına görə, braziliyalı yarımmüdafiəçinin müqaviləsində 116 milyon avroya satıla və bu məbləğin üç mərhələdə ödənilə biləcəyi göstərilib. Bruno əvvəl Fransada – “Lion”da çıxış etdiyindən fransız dilində danışmağı bacarır. Bəzi mənbələr onun “Barselona”nın maraq dairəsində olduğunu qeyd edir. İspaniya nəhənginin hətta Brunoya görə bir neçə oyunçusunu İngiltərəyə yollamağa hazır olduğu da iddia edilir.
* Aleksander İsak “Arsenal”ın hədəfindədi. Tanınmış jurnalist Stiv Kayın bildirdiyinə görə, isveçli hücumçunun çıxışı londonluların baş məşqçisi Mikel Artetanın xoşuna gəlir. Lakin onun transferinin yanvarda reallaşmaq ehtimalı azdı. İsakın da satış qiyməti müqavilə ilə müəyyən edilib: o, “Nyukasl”ı təxminən 90 milyon funt sterlinqə tərk edə bilər.
Maliyyə problemlərinin mövcudluğu Haunu da narahat edir. Baş məşqçinin indi hansı hissləri keçirdiyini öz dilindək eşidək:
“Yüksək səviyyəli oyunçu almaq imkanımız yoxdu. Əvəzində aparıcı futbolçularımızın qalmasını istərdim. Bu ay kimisə icarəyə götürə də bilmərik, hərçənd transfer bazarında bir çox yaxşı oyunçu var. Amma indi elə vəziyyətdəyik ki, bazardakı dostlarımız çox deyil. Heç kim rəqiblərini gücləndirmək istəməz”.