• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin yarımçıq qalan İstanbul səfəri... – qəmli və maraqlı tarixçə

Ölkə futbolu / Manşet

20-01-2024, 15:0

80-ci illərin sonu, 90-cı illərin əvvəlləri bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da ictimai-siyası vəziyyət xeyli gərgin idi.

Ermənilərin tarixi torpaqlarımıza iddia etməsi Dağlıq Qarabağda müharibə ab-havası yaratmışdı. Bakıda isə xalqın azadlıq tələbi ilə keçirdiyi mitinq və nümayişlərin, tətillərin ardı-arası kəsilmirdi. SSRİ adlı imperiyanın dayaqları laxlayırdı. Müstəqilliyə can atan Azərbaycan, bu çətin və mürəkkəb şəraitdə, qonşu və qardaş Türkiyə ilə əlaqələr yaratmağa çalışırdı. Təsadüfi deyil ki, məhz həmin ərəfələrdə Türkiyə ilə gediş-gəliş artır, insanlar dili-dini bir olan qardaşlarımızı daha yaxından tanımağa başlayırdılar.

İlk vaxtlar SSRİ-ni qıcıqlandırmamaq üçün daha çox idman və mədəniyyət sahəsində əlaqələrin inkişafına çalışmaqla, qardaş xalqlar arasında ünsiyyətin artırılması, dostluq körpüsünün atılması niyyəti güdülürdü. Belə tədbirlər çərçivəsində də “Neftçi” 1990-cı ilin yanvarında Türkiyənin İstanbul şəhərinə dəvət olunur. 

“Neftçi”nin yarımçıq qalan İstanbul səfəri... – qəmli və maraqlı tarixçə


Qardaş ölkəyə ikinci səfər
“Neftçi” ilk dəfə Türkiyəyə 1987-ci ilin yanvarında yollanıb. Həmin səfər İzmir şəhərinin Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə baş tutub. Bələdiyyə başqanı Burhan Özfaturanın şəxsən qəbul etdiyi “Neftçi” iki yoldaşlıq oyununda  meydana çıxıb. İlk görüşdə izmirli futbolçuların yığmasında qarşı oynayan “ağ-qaralar” 1:3 hesabıyla uduzub. İkinci görüşdə isə “Neftçi” “Altay”a  bir cavabsız qolla qalib gəlib. 

Növbəti səfər bundan düz 3 il sonra gerçəkləşir. İstanbulda keçirilən Azərbaycan mədəniyyəti günlərinə dəvət olunanlar sırasında “Neftçi” də var idi. “Türk Dünyası Araşdırmaları Vəqfi”nin İstanbula dəvət etdiyi “Neftçi”nin səfər xərclərini də elə həmin qurum ödəyəcəkdi. Yanvarın 12-də Türkiyəyə yollanan “xalq komandası” 5 gün sonra “Əli Sami Yen” stadionunda “Qalatasaray”la qarşılaşır. 

Türkiyəyə yollanan heyətdə klub prezidenti Aydın İbrahimov, rəis Çingiz İsmayılovun və baş məşqçi Ruslan Abdullayevin rəhbərliyi altında bu futbolçular yer alırdı: Cəmaləddin Əliyev, Arif Əsədov, Tərlan Əhmədov, Vidadi Rzayev, Vəli Qasımov, Rasim Abuşov, Arzu Mirzəyev, Ərani Beydiyev, Yunis Hüseynov, Nazim Süleymanov, Musa Qurbanov,  Vladislav Qədirov, Səttar Əliyev, Əsgər Abdullayev, Zöhrab Qədiyev, Samir Ələkbərov, Elşad Tahirov, Yuri Esaulov, Vaqif Şirinov, Vitali Alxazov.



Əksər dostluq görüşlərində olduğu kimi, bu qarşılaşmada da qalib müəyyənləşmədi və tərəflər hərəyə iki qol vurmaqla 2:2 hesablı bərabərliyə razılaşdı. “Neftçi”nin qollarını “Qalatasaray”ın qapısından Samir Ələkbərovla Vladislav Qədirov keçirmişdi. Əvvəlcədən hazırlanmış səfər proqramına uyğun olaraq, “Neftçi” İstanbulda 14 gün qalmalı və “həm ticarət, həm də ziyarət” prinsipinə uyğun davranmalıydı. Belə ki, klub rəhbərliyi bu səfərdən təlim-məşq toplanışı kimi yararlanmaq fikrində idi. Mövsümə hazırlığı İstanbulda keçirən “Neftçi” məşqlərinə orda davam etməli, İstanbulun digər klubları ilə də yoxlama oyunlarında gücünü sınamalı idi. Amma Bakıda baş verən proseslər səfər proqramını sona çatdırmağa imkan vermir.

Yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun Bakını işğal etməsi, dinc və əliyalın əhaliyə qarşı silah işlədilməsi, 100-dən çox insanın şəhid olması xəbəri “Neftçi”nin məşqçi və futbolçularını sarsıdır. Komanda yekdilliklə səfərin yarımçıq saxlanılmasına və təcili Bakıya qayıtmağa qərar verir. Təsadüfi deyildi ki, komanda üzvləri Bakıya çatan kimi Şəhidlər Xiyabanına yollanır, dünyasını dəyişən qəhrəman bacı və qardaşlarımızın ailə üzvlərinin dərdinə şərik olurlar. Onların belə davranışı Türkiyə mətbuatında da böyük əks-səda doğurur. Bu barədə xəbəri oxuculara təqdim edən “Milliyət” qəzetinin manşetində “Futbolçu gəldilər, əsgər döndülər” sərlövhəsinin yer alması da həmin əks-sədanın göstərici sayılmalıdı.

“Türklər bizi müharibəyə gedən əsgərlər kimi yola saldılar”
“Neftçi”nin İstanbula gedən futbolçularından olan Yunis Hüseynov həmin səfərlə bağlı xatirələrini belə bölüşdü:



“Bu səfərdən əvvəl dünyanın bir çox ölkəsində olmuşduq Amma Türkiyəyə gedişimiz bizim üçün yeni bir səhifə idi. Hər yerdə qəhrəman kimi, doğma insanlar sayağı qarşılanırdıq. Özümüzü evdəki kimi hiss edirdik. “Qalatasaray”la oyun çox maraqlı, gərgin məcrada keçdi. Epizodların birində hakim Arzu Mirzəyevə qırmızı vərəqə də göstərdi və biz oyunu azlıqda başa vurduq. Azlıqda qalmasaydıq, oyun 2:1 hesablı qələbəmizlə bitəcəkdi. Hakim də türkiyəli idi. Mirzəyev ona sərt etiraz etdi. Səhv eləmirəmsə, oyundankənar vəziyyətlə bağlı mübahisə yaranmışdı. Yan xətt hakimi ofsaydı qeydə almadı, Arzu da sərt şəkildə onlara etiraz bildirdi. Azlıqda qalandan sonra qapımızdan ikinci topu buraxdıq. SSRİ çempionatında oynayırdıq, Türkiyə futbolu ilə çox yaxından maraqlanmaq imkanımız yox idi. Ona görə də rəqibin heyətində hansısa məşhur futbolçunun oynamasını xatırlamıram. Amma onlar bizi tanıyırdılar, hörmət edirdilər. Əvvəlcədən planlaşdırılmışdı ki, başqa şəhərlərə də gedək, daha bir neçə yoldaşlıq oyunu keçirək. Amma qəfil gələn xəbər planlarımızı dəyişdi. Eşitdik ki, Sovet ordusu Bakıda dinc insanlara atəş açıb, şəhidlər var. Ondan sonra futbol barədə düşünmək mümkün deyildi. Türklərə də dedik ki, təcili qayıtmalıyıq. Bizimlə yoxlama oyunu keçirmək istəyən rəqiblərə də məlumat verildi ki, Bakıda qırğın baş verib, “Neftçi” geri qayıdır. Təyyarə ilə qayıtmalıydıq, amma səfər proqramı dəyişdiyinə görə bizim üçün təcili avtobus tapdılar. Çünki birbaşa reys yox idi. Trabzondan keçməklə Bakıya gəldik. Yolüstü bütün şəhərlərdə bizi yüksək səviyyədə qarşılayır, müharibəyə gedən əsgərlər kimi yola salırdılar. Bakıya çatan kimi Şəhidlər Xiyabanına getdik, şəhidlərimizin məzarını ziyarət etdik”. 


“Bakıda başverənləri eşitdikdən sonra orda qala bilməzdik”
1963-cü ildən “Neftçi”nin həkimi olan, paytaxt klubunda 44 il çalışan Boris Xetaqurovun da İstanbul səfəri ilə bağlı xatirələri zəngindi. Şəxsi arxivində həmin dövrdə Türkiyə mətbuatında “Neftçi” barədə yazılan məqalələri və “Qalatasaray” rəhbərliyinin təqdim etdiyi xatirə hədiyyələrini dəyərli eksponat kimi saxlayır. Səfərin yarımçıq qalmasına təəssüflənsə də, vurğulayır ki,  Bakıda başverənləri eşitdikdən sonra orada qala bilməzdilər:



“Türk Dünyası Araşdırmaları Vəqfi”nin dəvəti ilə İstanbula getmişdik. Həmin vaxt “Neftçi” güclülər dəstəsini tərk etmişdi. Komandada nəsildəyişmə prosesi gedirdi. Ölkədə də ictimai-siyası vəziyyət yaxşı deyildi. Bununla belə, biz öz işimizlə məşğul idik. Respublika rəhbərliyi komandanın qarşısına elitaya qayıtmaq vəzifəsi qoymuşdu. Bu məqamda İstanbula səfər barədə dəvət də yerinə düşdü. Komanda yeni bir mühitdə təlim-məşq toplanışı keçmək, güclü komandalarla qüvvəsini sınamaq imkanı qazanmışdı. Bizimlə yanaşı, Türkiyəyə yazıçılar, mədəniyyət xadimləri də yollanmışdılar. Biz İstanbuldan Ankaraya da getdik. Atatürkün anıt qəbrini ziyarət etməklə xatirəsinə ehtiramımızı bildirdik.
İlk oyun “Qalatasaray”la oldu. Üstün tərəf biz idik və qarşılaşmanın böyük hissəsində 2:1 öndə olduq. Son dəqiqələrdə meydan sahibləri cavab topunu vurdular. Sözsüz, həmin oyunda nəticə vacib deyildi. Həm türklərlə əlaqələri möhkəmləndirmək işinə töhfə verməliydik, həm də komandanı yeni mövsümə hazırlamalıydıq. “Neftçi”nin çox gözəl heyəti var idı. Ruslan Abdullayevin sərəncamında istedadlı yerli gənclər toplaşmışdı. “Qalatasaray”dan sonra İstanbulun digər komandaları ilə də qarşılaşacaqdıq. Amma Bakıda baş verən hadisələri eşitdikdən sonra qərarımız qəti oldu ki, vətənə qayıtmalıyıq. Səfər proqramı yarıda kəsildi. Artıq orda qala bilməzdik. Aydın İbrahimov bizim qrupun rəhbəri idi və yekun qərar yekdilliklə qəbul olundu”.


“Türklər məni “Qalatasaray”a aparmaq üçün Bakıya da gəlmişdilər”
“Qalatasaray”ın qapısına vurulan iki qoldan birinin müəllifi olan Vladislav Qədirov indiyədək heç bir yerdə demədiyi tarixi fakti məhz bizlə söhbət əsnasında açdı:



“Bizimlə birlikdə səfərə Brilyant Dadaşova, Ağadadaş Ağayev kimi sənət adamları da çıxmışdı. Çünki səfər təkcə futbolla bağlı deyildi.  “Neftçi” 1990-cı ildə ciddi dəyişikliklərə məruz qaldı. Təcrübəli futbolçuların əksəriyyəti komandanı müxtəlif səbəblərdən tərk etmişdilər. İstanbula aparılan heyət əsasən gənclərdən təşkil olunmuşdu. Nisbətən Nazim Süleymanov təcrübəli idi, yüksək liqada iki mövsüm İsgəndər Cavdovla, Ponomaryovla çiyin-çiyinə oynamışdı. “Qalatasaray”la oyun çox maraqlı keçdi. Bizə qarşı həmin il Avropanın ən yaxşı qolçusu adını alan Tanju Çolak da oynayırdı. O, bu ada Türkiyə çempionatında vurduğu 39 qolla layiq görülmüşdü. Tanjudan başqa Tuqay Kərimoğlunu da xatırlayıram. Sonradan xeyli məşhurlaşdı, İngiltərəyədək getdi. Bizə qarşı oynayanda gənc idi. Sözün düzü, biz “Qalatasaray”ı o qədər də yaxşı tanımırdıq. Əlaqələr indiki kimi geniş deyildi. Səhv etmirəmsə, ilk qolu mən vurdum. Daha sonra Samir Ələkbərov fərqləndi. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim vurduğum qol xüsusilə baxımlı alındı. 90-cı dəqiqəyədək hesabda 2:1 öndə idik. Azlıqda oynayırdıq. Hakim türklər cavab qolunu vurana qədər vaxtı uzatdı və sonda qapımıza penalti verdi (gülür). Amma bu oyunda nəticə elə də vacib deyildi. Çalışırdıq ki, dostluq ab-havasına xələl gəlməsin. Yaxşı əhval-ruhiyyədəydik. Bakıdan gələn qara xəbərlər hər şeyi korladı. Digər  görüşlər ləğv olundu. “Neftçi” Bakıya yollandı, mən isə İstanbulda qaldım. Çünki əvvəlcədən belə planlaşdırılmışdı ki, 14 günlük toplanış olacaq və mən oradan SSRİ-nin olimpiya yığmasının heyətinə yollanacam. Mənim üçün bilet də belə alınmışdı, oraan Moskvaya getməliydim. Biz Barselonada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşırdıq. Komanda gedəndən sonra mən bir-neçə gün oteldə tək qaldım. Mənim yanıma “Qalatasaray”ın rəhbərliyi gəldi, bildirdilər ki, oyunumu bəyəniblər. Konkret təklif etdilər ki, heç yerə getməyim, İstanbulda qalım və “Qalatasaray”la müqavilə imzalayım. “Neftçi” 1988-ci ildə güclülər dəstəsini tərk etmişdi. Rəhbərlik komandanın qarşısına hədəf qoymuşdu ki, qarşıdakı mövsümdə yaxşı çıxış edək və elitaya qayıdaq. Onlara bunu bildirdim, eyni zamanda qeyd etdim ki, mən SSRİ yığmasının üzvüyəm, Olimpiadaya hazırlaşıram. “Neftçi”dən getsəm, məni yığmaya çağırmazlar. Türklər əminliklə bildirdilər ki, bütün sənədlərimi qaydasına salacaqlar və mən Türkiyə millisinin əsas heyətində də heç bir problem olmadan oynayacağam. Sözsüz, təkbaşına qərar verə bilməzdim, onlara klub rəhbərliyi ilə danışıq aparmağı məsləhət gördüm. Özüm isə biletimə uyğun olaraq Moskvaya yollandım. “Qalatasaray” rəsmiləri inadlarından dönmədilər. Məni özləri ilə aparmaq üçün Bakıya gəldilər. “Neftçi”nin bazasında Aydın İbrahimovla görüşdülər. Transfer üçün yaxşı məbləğdə pul da təklif edirdilər. İbrahimov onlara bildirdi ki, komana güclülər dəstəsinə yüksələnə qədər heç bir futbolçunu buraxmağa ixtiyarı yoxdu. Türkiyədən gələnlərə bir mövsüm gözləmək təklif olundu. Aydın müəllimin planına görə, mən “Neftçi”nin elitaya qayıtmasına kömək etməliydim, ondan sonra da o, mənim “Qalatasaray”a keçidimə icazə verəcəkdi. Futbolda bəxt amili çox vacibdi. Həmin vaxt bəxtim gətirmədi, mənim yolumu bağladılar. “Qalatasaray”a keçməklə irəliyə doğru addım atacaqdım. Özünüz bilirsiz ki, Türkiyədə futbola hansı səviyyədə diqqət var. Özü də 90-cı illərin əvvəlləri orda futbol sürətlə inkişaf edirdi.

“Qalatasaray”a qol vurandan sonra İstanbulda gəzərkən məni tanıyırdılar, maraqla yanaşırdılar. Qismət olmadı ki, özümü “Qalatasaray”da göstərim. Biz oyun səviyyəsində onları qabaqlayırdıq. Gənc və həvəsli idik. Mövsümün gedişində zədələndim, ağır əməliyyat keçirdim. Bununla da İstanbula yollanmaq arzumun üzərindən birdəfəlik xətt çəkdim. Etiraf edim ki, “Qalatasaray”ın qəlbimdə xüsusi yeri var. Bakıda “Neftçi”, Moskvada “Spartak” mənim üçün necə doğmadısa, Türkiyədə də “Qalatasaray”a azarkeşlik edirəm”.


Göründüyü kimi, 20 yanvar faciəsi və 90-cı illərin əvvəllərində gedən proseslər Azərbaycan futboluna da ciddi təsir göstərib. Yeni istedadlar nəslinin parlamasına, zirvələr fəth etməsinə SSRİ-nin süqutu ilə başlayan ağır iqtisadi və siyası vəziyyət mane olub. Kim bilir, “Neftçi” İstanbulda nəzərdə tutulduğu qədər qalsaydı və bütün yoxlama oyunlarını keçirsəydi, Türkiyə klubları daha hansı futbolçularımıza “elçi düşəcəkdi”, onları aparmaq üçün Bakıya gələcəkdilər. Vladislav Qədirovun “Qalatasaray”a yollanması isə Azərbaycan futbolu üçün yeni üfüqlər açacaq, başqaları üçün tramplin rolu oynayacaqdı. İndi bütün bunlar barədə acı təəssüflə danışmağa məcbur olmayacaqdıq.

AMAL ABUŞOV

(bu yazı 2017-ci ildə qələmə alınıb. Aktuallığını nəzərə alaraq yaymağı lazım bildik)

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

18-07-2023, 17:0

“Spartak” – “Neftçi”: biz nə qədər udmuşuq, moskvalılar nə qədər?

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Dünən, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Dünən, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Dünən, 11:39
    AFFA-da növbəti seminar
Daha çox
Oxunub: 222
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 135
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 117
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə