Ölkə çempionatının fasilə ərəfəsindəki son turunda “Qarabağ”a 0:1 uduzan “Zirə”nin bu dəfə ağdamlılardan mərhəmət ummağa tam haqqı çatırdı.
Necə də olmasa, Qurban Qurbanovla Rəşad Sadıqov uzun illərin dostudu, “Qarabağ”ın yeni tarixini birgə yazıblar. Amma bir məqam da var ki, dostların kitabında “güzəşt” fəsli yoxdu!
Bir neçə gün əvvəl əvəzedicilərini darmadağın edən (7:2) çempion dünən “Azərsun Arena”da keçirilən oyuna bu heyətlə çıxdı: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov (k), Bəhlul Mustafazadə, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzya, Abdullah Zubir, Leandro Andrade, Juninyo.
Rəşad Sadıqovun ilk “11-liy”i: Tyaqo Silva, Ruan Renato, Stefan Aka, Rəhim Sadıxov, Pyer Zebli, Salifu Suma, Rafael Utziq, Abbas İbrahim, Ceyhun Nuriyev, Qismət Alıyev (k), İssa Cibrilla.
Dörd hissədən (45+25+45+25 dəqiqə) ibarət matç ağdamlıların qələbəsi ilə bitdi – 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurdu. Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirdi. 111-ci dəqiqədə Redon Cica 3-cü qola imza atdı. Nəhayət, 120-ci dəqiqədə Nəriman Axundzadə fərqləndi. Beləliklə, oyun “qartallar”ın darmadağınıyla nəticələndi.
Oyundan sonra Qurban Qurbanov jurnalistlər önünə çıxdı.
- Oyun necə keçdi? Bütün futbolçuları yoxlaya bildiz?
- Pis alınmadı. Yaxşı hazırlıq matçı oldu. Əvvəlcədən Rəşad Sadıqovla razılaşmışdıq ki, dəqiqələrin sayı çox olsun və bütün futbolçulara şans verək. İlk oyunumuz olduğuna görə səhvlər həddən artıq çox idi.
- Ölkə xaricində toplanış keçmədiz. Fərqli ölkələrin komandaları ilə yoxlama oyunu olmadı. Bunun hansısa təsiri olacaq?
- Dediyiniz olsaydı, güclü rəqiblə qarşılacaqdıq. İkincisi zəif ola bilərdi. Burda ikinci komandamızla oynayıb kompensasiya etdik. “Zirə” çox ciddi rəqibdi. Üstünlüyümüz istədiyimiz formatda oynaya bilmək idi. Bəlkə də ölkə xaricində olsaydıq, rəqib buna razı olmazdı. Hazırlıq üçün müddət az idi. Futbolçularıma daha çox istirahət lazım idi. Güclü rəqiblərlə 2-3 oyun keçirmək ağır olardı. Hələ tam özümüzə gəlməmişdik. Komanda 2-3 matçdan sonra öz oyununa qayıdacaq.
- Kaşuk və Kadi ilə maraqlandığınız haqda xəbər doğrudu?
- Belə şey olmayıb. Hərəsinin öz komandası var.
- Mətbuatda yazılmayan, amma diqqətdə saxladığınız oyunçular var?
- Bəli. Danışıq apardığımız futbolçular var. Sadəcə, qarşı tərəfə görə müəyyən çətinliklər çəkirik.
- Mateus Silvanı mərkəz müdafiəçisi mövqeyində oynatdız. Kevin Medina hazır olmasa, "Braqa" ilə matçda bu mövqedə onu görə bilərik?
- Sınamaq olar. Amma Mateusu Kevinin əvəzinə hazırlamırıq. Başqa müdafiəçilərimiz də var. Sadəcə, bəzən oyunçulardan dəyişik mövqedə yararlanırıq. Çünki rotasiyalara ehtiyac olur.
- Hücum xəttinə oyunçu axtarırsız?
- Bəli.
- Aleksey İsayevin uyğunlaşması necə gedir?
- Normal.
- Adama Diakabi Fransaya niyə getmişdi?
- İstirahətdə idi. Komandanın üzvü olaraq qalır.
- Futbolçuları icarəyə vermək planı var?
- Yox.
- Diakabi Avropa Liqası üçün sifariş olunacaq?
- Ola bilər. Hələ qarşıda vaxt var.
Rəşad Sadıqovun fikirlərini də təqdim edirik.
- Oyun 140 dəqiqə davam etdi. Bu nə ilə bağlıdı?
- Qurban Qurbanov təklif etdi ki, 4 hissəli matç keçirək və bütün futbolçular oyun praktikası qazansın. Bu, bizi də qane edirdi. Demək olar ki, hamının 70-80 dəqiqə oynaması sevindirici haldı. 12 günlük təlim-məşq toplanışını başa vurduq. Artıq son hazırlıqlarımız olacaq.
- "Zirə" transfer məsələlərini yekunlaşdırıb?
- Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. İstəyərdim ki, 2 oyunçu transfer edək. Qarşıda bizi 3-4 gündən bir oyunlar gözləyir. Heyətimizi genişləndirməliyik.
- Rafael Utziq komandaya uyğunlaşıb?
- Xarakterli futbolçudu. Son 2 ayda komandasından uzaq qalıb. Axırıncı rəsmi oyunu noyabrın 11-də keçirib. 45 dəqiqə oynamaq onun üçün riskli olsa da, oynatdıq. Meydanda ən yaxşılardan idi. Formasını bərpa etmək üçün zamana ehtiyacı var.
- Utziqi daha çox hansı mövqedə düşünürsüz?
- Universal futbolçudu. 4 mövqedə oynaya bilir. Bu xüsusiyyətindən istifadə etmək istəyirik.
- Filipe Paxtman komandada qalacaq?
- Onunla söhbət etmək fikrimiz var idi, amma etmədik. Son oyunda tam hazır olmadan meydana buraxdıq. Yenidən zədələndi. Sözün düzü, mənim də günahım var idi. Meydana çıxıb çox önəmli qol vurdu. Ən azı yaya qədər bir yerdə olmağı düşünürük.
- Matçın gedişində futbolçular arasında gərginlik yaşandı. Bu, nə ilə bağlı idi?
- Yoldaşlıq görüşünün mənfi tərəfi odu ki, futbolçular cəzasız qalacağını bilir. Buna görə gərginlik oldu. Sonra sakitləşdilər.
- Komandadan kiminsə gedişi gözlənilir?
- Təklif olsa, dəyərləndirə bilərik. Amma kimisə göndərmək fikrimiz yoxdu.
- Eldar Quliyevin "Sabah"a keçidi gündəmdədi. Rəsmi təklif gəlib?
- Yox. Detallara varmaq istəmirəm. “Sabah”la dost komandayıq. Danışıqlar oldu, baş tutmadı.
- Məbləğdə razılıq olmadı?
- Söhbət klublararası məbləğdən getmir. Hər məsələdə "Sabah"la anlaşa bilərik.
- Eldar Quliyevin Azərbaycan pasportu ilə oynamaq ehtimalı var?
- Bunu mən də istəyərəm. Həm millimizə, həm də bizə fayda verə bilər. Lakin hələ ki bu haqda düşünmür.
- "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa"dı. Bu haqda nə düşünürsünüz?
- İlk matçdan çox şey asılıdı. İnanıram ki, "Qarabağ" mərhələni keçən tərəf olacaq. Çünki komandanın itirəcəyi bir şey yoxdu. Bu il rekorda imza atıb. Futbpolçuların üzərində ciddi təzyiq yoxdu, daha rahat oynayacaqlar. Ən vacibi odu ki, oyun günü əsas heyətin oyunçuları yaxşı formada olsun. "Qarabağ" səfərdə ilk hissədə rəqibə yaxşı müqavimət göstərə bilsə, davamı gələcək.
- Siz "Kocaelispor"da oynamısız. İndi Ramil Şeydayevin bu kluba keçidi gündəmdədi. Türkiyə klubundan bu məsələ ilə bağlı sizinlə maraqlanan olub?
- Klub məndən hansısa məsləhət almayıb. Belə açıqlamalar transfer rəsmiləşəndən sonra verilsə, yaxşı olar. Ramillə aramızda söhbət olub. Mən maraqlanmışam. 3-4 gün əvvəl bildirdi ki, hələ rəsmiləşməyib. "Kocaelispor" Türkiyənin 10 böyük camiəsindən biridi. Möhtəşəm azarkeşləri var, möhtəşəm şəhərdi. O komanda superliqada çıxış etməyə layiqdi. Asan olmayacaq. Son turda da məğlub oldular. Görünən odu ki, pley-offda mübarizə aparacaqlar. Çox istərdim ki, "Kocaelispor" həm Ramillə, həm də Ramilsiz superliqaya çıxsın. Bu komandaya xüsusi məhəbbətim var.
Sonda xatırladaq ki, “Zirə” ilk yoxlama oyununda "Araz-Naxçıvan"a qalib gəlmişdi - 2:1.
KƏNAN BAHADIR