Ölkəmizin aşağı yaş qrupu yığmalarının baş məşqçilərinin gələcəyi ilə bağlı hansı qərarın veriləcəyi maraq doğurur.
Əslində AFFA İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməsi nəzərdə tutulan iclasında bu məsələyə aydınlıq gələcəkdi. Ancaq AFFA prezidenti Rövnəq Abdullayevin sağlıq durumu ilə bağlı yaranan problem iclasın ertələnməsinə səbəb oldu. “Football-plus.az” olaraq, yenə mütəxəssislərlə əlaqə saxlamağa çalışdıq. Eyni zamanda, 2023-cü ildə keçirilən oyunlar, toplanışlar ilə bağlı AFFA-ya hesabat verib-vermədiklərini soruşduq.
İlham Yadullayev, U-16-nın baş məşqçisi:
“Hələ ki İcraiyyə Komitəsinin iclasını gözləyirik. Biz keçirdiyimiz hər toplanışdan sonra AFFA-ya hesabat vermişik”.
Füzuli Məmmədov, U-17-nin baş məşqçisi:
“Bildiyiniz kimi, hər il U-17 və U-19 milliləri rəsmi Avropa çempionatının seçmə mərhələsinə qatılıır. Keçirdiyimiz oyunlarla bağlı hesabat vermişik. Komanda ilə müqaviləmizin müddətinin uzadılıb-uzadılmayacağı İcraiyyə Komitəsinin iclasından asılıdı”.
Elxan Abdullayev, U-18-in baş məşqçisi:
“Bildiyiniz kimi, ötən il cəmi üç toplanış keçirmişik. Heç bir yoldaşlıq görüşümüz olmayıb. Hər toplanış haqda da AFFA-ya hesabatımızı təqdim etmişik. İcraiyyə Komitəsinin iclasını gözləyirik. Hələ ki dəqiq heç nə deyə bilmərəm”.
Aqil Nəbiyev, U-19-un baş məşqçisi:
“Hər toplanışdan sonra AFFA-ya hesabat təqdim etmişik. Yığma komandadakı gələcəyimizlə bağlı dəqiq heç nə deyə bilmərəm. Hər şey İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək”.
KAMAL SƏFƏR