Futzal millimiz DÇ-2024-ün elit mərhələsindəki çıxışını başa vurdu.
Nəticənin ürəkaçan olmadığını bilirsiz – 6 oyun, 1 qələbə, 1 “sülh”, 4 məğlubiyyət, 4 xal. Hə, bir də A qrupunun sonuncu pilləsi...
Öncə Rumıniya millisinin baş məşqçisi Endre Kaço, sonra bizimkinin çalışdırısı Vitali Borisov, nəhayət, futzalçılarımız da dedi ki, şans az da qalıb. Belə ki, gələn il 14 sentyabr – 6 oktyabr aralığında Özbəkistanda keçiriləcək dünya çempionatına Avropadan 7 yer ayrılmışdı. Son turun oyunları ərəfəsində Qazaxıstan, Fransa, İspaniya və Portuqaliyanın qrup qalibi kimi DÇ-yə vəsiqəni təmin etdiyi bəlli idi. B qrupuna ayrılan vəsiqənin sahibi liderlərin – Ukrayna ilə Polşanın duelində müəyyənləşəcəkdi. Son turda Polşanı səfərdə məğlub edən Ukrayna 5-ci vəsiqəyə yiyələndi.
Belədə 5 qrupdan ikinci yeri tutanlar arasında ən yaxşı nəticələrə malik 4 komanda dünya çempionatına qatılmaq üçün bir-biri ilə qarşılaşacaqdı. Bu məqamda gözümüzü D qrupuna dikmişdik. Burda İtaliya və Sloveniyanın 7 xalının olması, bizə az da olsa, ümid verirdi. Dekabrın 20-də Sloveniya Çexiya ilə səfərdə, İtaliya İspaniya ilə evdə qarşılaşacaqdı. İtaliya ilə Sloveniyadan birinin xal itirməsi və millimizin Niderlandı məğlub etməsi futzalçılarımızı ən yaxşı ikincilərdən edəcəkdi. Öncə hadisələr yığmamızın istədiyi kimi cərəyan etdi. Sloveniya Çexiyaya 2:3, İtaliya İspaniyaya 0:4 hesabıyla məğlub oldu. 7 xalı olan Sloveniyanın da, eyni xala malik İtaliyanın da top fərqi -4 idi. Belədə yığmamızın üzərinə düşən vəzifə, sadəcə, qələbə qazanmaq idi. Lakin Niderlandda darmadağına məruz qalmaqla (0:3) bütün şansımızı itirdik. Beləliklə, yığma səfərdən qalib qayıtsaydı, DÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda mübarizəsini davam etdirəcəkdi. Təəssüf ki, sonrakı peşmançılıq heç vaxt fayda vermir!
KƏNAN BAHADIR