Dünən Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, pley-offa vəsiqəni əvvəlcədən təmin edən “Barselona” üçün “Antverp”lə səfər oyunu prinsipial əhəmiyyət daşımırdı. Bu üzdən baş məşqçi Xavi Ernandes komandanın vacib oyunçuları – Robert Levandovski, İlkay Gündoğan və Ronald Arauxoya istirahət verməyi planlaşdırırdı. Məşqçinin fikrincə, bu futbolçulara mövsümün əvvəlindən bəri çox yük düşmüşdü. Amma onun bu qərarının ardından məsələyə klub prezidenti Xuan Laporta qarışıb. “RAC1” radiosunun məlumatına görə, Laporta Xavidən sözügedən oyunçuların iştirak ərizəsinə salınmasını tələb etib. Bu üzdən bu futbolçular komanda ilə birlikdə Belçikaya yollanmalı olublar. Mənbənin verdiyi məlumata görə, Laporta ötən həftəsonu La Liqa çərçivəsində evdə “Jirona” ilə oyunda (2:4) qeydə alınan üzücü məğlubiyyətdən sonra hansısa futbolçuya istirahət verilməsini istəməyib! Həm də “Antverp” üzərində qələbə kluba əlavə 2,8 milyon avro qazandıra bilərdi. Ümumiyyətlə, dünən “SER Catalunya” radiosunun canlı efirində maraqlı bir mövzu müzakirəyə çıxarıldı. Belə ki, sən demə, bu mövsüm Xavinin oyunçulara çox istirahət verməsi komandanın bir çox üzvünü təəccübləndirir və onlar tərəfindən heç də xoş qarşılanmır.
Ötən mövsüm Xavi bu üsula tez-tez əl atırdı. Amma o bunu, adətən, qələbələrdən sonra, futbolçulara mükafat vermək mənasında edirdi. Həmin vaxt onun bu metodu normal qarşılanırdı. Amma bu mövsüm nəticələr ötənilki qədər parlaq olmadığından 43 yaşlı çalışdırıcının addımı birmənalı qarşılanmır. Onu da bildirək ki, bu gün rəhbərliklə Xavi arasında məşqçinin klubdakı gələcək perspektivinin müzakirəsi üçün görüş nəzərdə tutulub.