Dortmund “Borussiya”sının icraçı direktoru Karsten Kramer bugünlərdə Almaniya mətbuatına müsahibə verib.
49 yaşlı futbol adamı klubun ulduzlarını satmaq məcburiyyətində qalmasından, eləcə də müasir futbolun problemlərindən danışıb.
- ÇL-də “Nyukasl”a qarşı son ev oyununda fanatlarınız tribunada “sizi idman yox, ancaq pul maraqlandırır” bannerini açmışdılar. “Nyukasl” Səudiyyə Ərəbistanı ilə sıx bağlıdı. Fanatların UEFA-ya yönələn bu addımını necə qarşıladız?
- ÇL bizim üçün mühüm əhəmiyyət daşıyır. Həmin oyunda cənub tribunasına 25 min azarkeş toplaşmışdı. Avrokuboklarda yenidən oturacaqlar olmayan tribunanı azarkeşlər üçün aça bildik. Buna görə də UEFA-ya təşəkkür edirik. Təbii ki, bəzi şeylər bizdə sərt qarşılanır. Bu, Almaniyada azarkeş mədəniyyətinin ayrılmaz hissəsidi. Bir klub pul mənbəyi bitməyən bir dövlət tərəfindən idarə olunursa, buna sərt yanaşmağımız normaldı. Biz iqtisadi inkişaf ilə “50+1” qaydası arasında balans tapmalıyıq. Bu da o deməkdi ki, Almaniya klubları heç vaxt əcnəbilərə satılmayacaq!
- Belə çıxır ki, Səudiyyə Ərəbistanı şirkətinin “Borussiya”nın sponsorlarından birinə çevrilməsi mümkün deyil?
- Xeyr. Biz qazandığımız pulun hardan gəldiyinə çox böyük önəm veririk. Ona görə də indiki siyasi durumda Səudiyyə Ərəbistanı və ya Qətərlə işbirliyinə getməyimiz mümkün görünmür.
- Siz də düşünürsüz ki, UEFA-nın ÇL-in formatını dəyişməsi yalnız daha çox gəlir əldə etmək niyyəti güdür?
- Belə deməzdim. Biz yeni formatı çox pozitiv qarşıladıq. Birincisi, bu, Superliqa ideyasının qarşısını almaq üçün yeganə çıxış yolu idi. İkincisi, bu mövsümün qrup mərhələsinə diqqət yetirin. 8 qrupdan 6-da artıq pley-offa yüksələnlər bəllidi. Bu da indiki formata qarşı müəyyən şübhələrin yaranmasına səbəb olur. Yenilik lazım idi. İnanırıq ki, gələcəkdə idman daha ədalətli olacaq. Yəni hər şey ilk növbədə uğurlu püşkdən asılı olmayacaq.
- 1990-cı illərdə Ottmar Hitsfeld, 2002-də Mattias Zammer, 2010-cu illərin əvvəllərində Yürgen Klopp ilə çempionluqlar qazanıldı. Bəs növbəti çempionluğu nə qədər gözləmək lazım gələcək? Bu qədər uzun müddət titula həsrət qalmaq komandanın nüfuzuna təsir etmir?
- Biz böyük klubuq. Baxmayaraq ki, 11 ildi çempion ola bilmirik. Demər olar, hər il pis-yaxşı “Bavariya”ya müqavimət göstəririk. ÇL-in finalında da oynamışıq. Halbuki həmin finaldan cəmi bir neçə il öncə çox ciddi maddi böhrandaydıq. “Borussiya”nın öz yolu var və bu yolla da irəliləyirik. Ötən mövsüm çempionluğu son turda əldən verdiyimizi də unutmayın. Bu, hər birimiz üçün psixoloji zərbə oldu. Həmin vaxt çempionluğu qazansaydıq, indi mənə bu sualı verməyəcəkdiz...
- “Borussiya”nın öz yolu var” dedikdə Bellingemin satılmasını nəzərdə tutursuz? Bunu fanatlara necə izah etdiz?
- “Borussiya” kimi ambisiyalı klubda təzyiq həmişə yüksək olur. Təbii ki, yaxşı oyunçuların bir müddət sonra bizi tərk etməsini istəmirik. Amma bəzən bu, qaçılmaz olur. Ən yaxşı oyunçularımız birbaşa rəqiblərimizə yox, dünyanın ən güclü 4-5 klubuna yollanırlar. Son iki ildə bizi Holann və Bellingem kimi dünyanın ən güclü futbolçuları tırk etdi. Onların “Borussiya”da bu qədər sürətlə inkişaf etməsi fanatlarımızı bizimlə fəxr etməyə vadar edir. Bəli, bizim strategiyamız gənc və istedadlı futbolçuları tapıb inkişaf etdirməkdən ibarətdi. Bunu hər kəs bilir. Bizim, məsələn, Harri Keyni almağa gücümüz çatmır. Bunu şikayətlənmək üçün demirəm, sadəcə reallıq budu. Amma zaman göstərir ki, ən yaxşı oyunçularımızla vidalaşandan sonra da inkişaf edirik.
- Demək olarmı ki, fanatlarla anlaşmaqda problem yaşamırsız?
- Biz həmişə onların fikrini nəzərə almağa çalışırıq. Hətta onların fikri ilə bizimki üst-üstə düşmədikdə də. Üzərimizə düşəni edirik. “Borussiya”nın hədəfi dediyim kimi “50+1” qaydasını qorumaq, eləcə də rəqabəti və mərkəzləşdirilmiş marketinqi artırmaqdı. Futbol insanlar üçün əlçatan olmalıdı. Stadionumuzda kommersiya dəstəkçilərimiz üçün maksimum 5 faiz yer ayrılıb. Ayaq üstə dayanan fanatlarımız üçün 28 minlik yer var. Bu, stadionun üçdəbir hissəsi deməkdi. Almaniyada başqa heç bir klubda belə şey yoxdu. Stadionumuza biletin orta qiyməti 15 avrodu. Üstəlik gəliş və gediş üçün ictimai nəqliyyat da pulsuzdu.
- Pandemiya klubların gəlirlərinə ciddi ziyan vurdu. Amma bir müddət sonra teleyayın gəlirləri yenə ortaya çıxdı. Sizcə, yayın gəlirləri hansısa məqamda azala və ya yox ola bilər?
- İnsanlar futbola maraq göstərdiyi müddətdə teleyayın gəlirləri də davam edəcək. Düzdü, hər şeyə hazır olmalıyıq. Bir də gördün, mətbuat marağını itridiyinə görə artıq futbola əhəmiyyət vermədi. Amma açıq danışsaq, bizim ikiəlli yapışa biləcəyimiz şeylərin sayı o qədər də çox qalmayıb. Dinlə bağlı problem yaşanır. Xristian kilsələrində insanların sayı azalır. İnam məsələsi radikallaşdırılır və insanları birləşdirmir. Siyasət də indi hec vaxt olmadığı qədər populyarlığını itirib. Ona görə də musiqidən başqa insanları yaşından və irqindən asılı olmayaraq birləşdirməyi bacaran “sosial yapışqan” rolunu yalnız futbol oynayır.
- “Qardian”ın yazdığına görə, Holann “Siti”də həftəlik 430 min avro qazanır. Bunu “Siqnal İduna Park”da ayaqüstə dayanan sıravi azarkeşə necə izah etmək olar?
- Bunu elə də böyük problem saymıram. Heç kim maraqlanmır ki, Tom Kruz “Ən yaxşı atıcı” filminə görə nə qədər qazanıb. Eləcə də Amerika futboluna bir biletin qiyməti yüzlərlə avro olanda da heç kim buna üzülmür. Məsələn, “Rolling Stones” üçün biletlər daha baha olur. Əsas odu ki, azarkeş stadionda olsun və özünü böyük tamaşanın bir parçası kimi hiss etsin.
- Sizcə, futbolun inkişafı indiki reallıqla ayaqlaşır?
- Futbol daha çox mədəniyyət, ritual, adət-ənənələr və tarixlə bağlı olan bir oyundu. Məsələn, “Formula-1”də geri boylanmağı xoşlamırlar. Onların hər növbəti addımı bolidi daha rahat və keyfiyyətli etməyə hesablanıb. Futbolda belə şeylər bir qədər ləng baş verir. Amma istənilən halda irəli addımlamalı və inkişaf etməliyik. Bizim rəqibimiz “Real” yox, “Netfliks” və ya buna bənzər digər əyləncələrdi. Elə etməliyik ki, yeni nəsil də əvvəlki nəsil qədər futbolla maraqlansın.
- Uli Höness bir neçə il öncə qeyd etmişdi ki, stadionlarda hər iki təbəqədən də azarkeşlər olmalıdı. Yəni həm çox pul verib VİP-lojaya gələnlər, həm də az pul verib istədiyi qədər qışqıranlar.
- Bəli, onlar bir-birini tamamlayır. Bəziləri biletə çox, bəziləri az pul verir. Amma stadionda ab-havanı yaxşılaşdıran, gözəlləşdirən məhz biletə az pul verənlər olur.
ƏLİ RAUFOĞLU