Yığma fasiləsindən sonra səfərdə debütant “Samsunspor” ilə qarşılaşacaq “Beşiktaş” bu oyunun hazırlıqlarını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Rza Çalımbay srağagün axşam məşqindən öncə türkiyəli həmkarlarımızla söhbət edib. Bir hazırlıq matçının ləğv olunduğunu bildirən təcrübəli məşqçi bəzi zədəli oyunçularla bağlı müjdəli xəbər də çatdırıb:
“Hazırda hər şey qaydasındadı. Məşqlər normal axarda davam edir və heç bir problem yoxdu. Zədə üzündən və yığmaların düşərgəsinə yollanmaları üzündən bizimlə olmayan futbolçular var. Onlar da komandaya qoşulduqdan sonra hər şey daha yaxşı olacaq. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Hər şeyə hazır olmalıyıq. Performansımızı yaxşılaşdırmalıyıq. Həm oyunçuların istəklərini, həm də komandanın mənfəətlərini nəzərə alıram. Komandaya zərər vuracaq bir şey etmək istəmirəm. Oyunçularımın psixoloji cəhətdən rahatlığa ehtiyacı var. Toplanış keçmək istəmədim. Zatən toplanış etsəydik, maksimum 3-4 gün çəkəcəkdi. Qarşıda bir hazırlıq oyunumuz var. Səfərdə “Sakaryaspor”la qarşılaşacağıq. Sonra “İstanbulspor”la oyunumuz da nəzərdə tutulmuşdu. Amma həmin matçı ləğv etdik. Çünki zədəlilərimiz çoxdu. Bəziləri isə yığma komandadadılar. Abubakar, Cenk Tosun və Zaynutdinov artıq fərdi məşqlərə başlayıb. Zaynutdinovun oynamasında heç bir problem yoxdu. Sadəcə maska ilə oynamaq məcburiyyətində qalacaq. Çox şanssız şəkildə zədələndi. “İstanbul BŞ” ilə matçda bizim ən yaxşı oyunçularımızdan biri idi. Belə şeylərdən heç kim sığortlanmayıb. Abubakarla Cenkin isə superliqada keçirəcəyimiz matçda heyətdə olacaqlarını gözləyirik”.
Yeri gəlmişkən, Afrika Futbol Konfederasiyasının sosial şəbəkədəki hesabında 2023-cü ilin ən yaxşı afrikalı futbolçusu sorğusunda finala yüksələn 10 oyunçunun adı açıqlanıb. Orda Abubakarın da adı var! Kamerunlu forvard bu siyahıda Türkiyə çempionatında çıxış edən yeganə futbolçudu. Yekun “10-luğ”a Abubakardan başqa Məhəmməd Salah, Riyad Mahrez, Sadio Mane, Əşrəf Hakimi, Sofyan Amrabat, Viktor Osimhen, Frank Angissa, Yussef Ən-Nəsiri, Yassin Bunu da düşüb.